AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2026-cı il üçün ilk iclası keçirilib. İclas AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin sədrliyi ilə baş tutub.
İnstitutdan bildirilib ki, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrdən danışıb.
Akademik vurğulayıb ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyində türk dövlətlərinin rəhbərlərinin iştirakı gözlənilir. Qeyd edib ki, tədbirlər silsiləsinin təkcə Azərbaycanda deyil, həmçinin Türkiyə, Qazaxıstan və Özbəkistanda da təşkili nəzərdə tutulur. Eyni zamanda, 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında 22 dekabr 2025-ci il tarixli Sərəncamı və qarşıda duran vəzifələrdən danışıb. Bu il həm də Memar Əcəminin 900 illik yubiley ili olduğunu xatırladıb. Bu münasibətlə “Azərbaycan ədəbiyyatında şəhər və memarlıq” mövzusunda konfransın keçirilməsini münasib bilib.
O, görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə görüləcək işlərdən danışıb, əsərlərinin filoloji nəşrinin hazırlandığını vurğulayıb. Bundan əlavə, Səməd Vurğun, Süleyman Rüstəm və Məhəmmədhüseyn Şəhriyarın 120 illik yubileyləri ilə əlaqədar nəşr və konfranslar haqqında məlumat verib.
İnstitut əməkdaşlarından filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevin müəllifi olduğu kitabların Dövlət mükafatına təqdim olunması məsələsi səsə qoyularaq qəbul edilib.
Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Elnarə Akimova Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan dilinin qorunmasında ədəbiyyatın rolu ilə bağlı keçiriləcək tədbirlərdən bəhs edib.
Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2026-cı il üçün elmi-tədqiqat işlərinin əhatəli planının təsdiq edilməsi haqqında”, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 2026-cı il üçün İş planının müzakirəsi və təsdiqinə dair”, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2026-cı il üçün “Tədbirlər planı”nın müzakirəsi və təsdiqi haqqında” məlumat verib.
Daha sonra institutun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent Günay Qarayeva “İnstitutun elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlarının attestasiyasının nəticəsinə dair” çıxış edib.
Sonda bir sıra cari məsələlər, xüsusilə müsabiqə məsələləri müzakirə olunub, müvafiq qərarlar verilib, institutun saytının yeni versiyası təqdim edilib.