Türkiyə-Azərbaycan Universitetində (TAU) beynəlxalq standartlara cavab verən müasir laboratoriya infrastrukturu yaradılıb. Qida texnologiyaları, mikrobiologiya, fizika, mühəndislik və proqramlaşdırma üzrə laboratoriyalar təkcə tədris məqsədləri üçün deyil, eyni zamanda, elmi-tədqiqat və sənayeyönümlü layihələrin icrası üçün istifadə olunur. İmtahanlar və praktiki məşğələlər birbaşa laboratoriyalarda təşkil olunur ki, bu da tələbələrə nəzəri biliklərini real texnoloji mühitdə tətbiq etmək imkanı yaradır.
Bu barədə TAU-dan məlumat verilib.
Qeyd olunub ki, eyni yanaşma kompüter mühəndisliyi və sənaye mühəndisliyi ixtisaslarında da tətbiq edilir. Kompüter mühəndisliyi sahəsində süni intellekt, kibertəhlükəsizlik, əşyaların interneti (IoT) və kritik infrastruktur sistemləri üzrə ixtisaslaşmış laboratoriya və platformaların yaradılması istiqamətində işlər aparılır. Sözügedən sistemlər sənaye müəssisələri və müvafiq dövlət qurumları ilə birgə fəaliyyət üçün nəzərdə tutulub. Məqsəd yalnız proqramçı deyil, milli rəqəmsal təhlükəsizlik və texnoloji müstəqilliyi təmin edəcək mühəndislər yetişdirməkdir.
Sənaye mühəndisliyi isə Azərbaycan üçün strateji əhəmiyyət daşıyan sahələrdən biridir. Bu istiqamətdə TAU-da xüsusi laboratoriyalar və proqram paketləri yaradılıb, sənaye müəssisələri ilə birgə data əsaslı optimallaşdırma, proseslərin yenidən dizaynı və idarəetmə modelləri üzərində işlər görülür. Eyni zamanda, sənaye qurumlarının birbaşa qoşula biləcəyi əməkdaşlıq platforması formalaşdırılır ki, tələbələr real biznes və istehsal mühitində praktiki biliklər əldə etsinlər.