Logo

Tələbələr üçün yeni hüquqi status: təcrübə müddəti əmək müqaviləsi ilə rəsmiləşdiriləcək

19.01.2026 18:29 49 baxış
IMG

Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilmiş son dəyişikliklər gənclərin məşğulluğu və istehsalat təcrübəsinin hüquqi tənzimlənməsi baxımından mühüm yeniliklərlə yadda qalıb. Yeni tənzimləməyə əsasən, tələbələr istehsalat təlimi və ya istehsalat təcrübəsi keçdikləri hallarda onlarla müəyyən müddətə əmək müqaviləsi bağlanması mümkün olacaq.

Müəssisələr artıq tələbələri qeyri-rəsmi qaydada deyil, əmək müqaviləsi əsasında cəlb edəcək, bu isə həm inzibati məsuliyyət risklərini azaldacaq, həm də gənc kadrların erkən mərhələdə real iş mühitinə inteqrasiyasını təmin edəcək.

Bu barədə açıqlamasında insan resursları üzrə ekspert Aytən Şıxalıyeva söyləyib.

Ekspertin sözlərinə görə, bu dəyişiklik tələbələrin faktiki işə cəlb edilməsini rəsmiləşdirir, onların əmək hüquqlarını və sosial təminatlarını hüquqi çərçivəyə salır. Artıq təcrübəçi statusu qeyri-rəsmi əmək münasibəti deyil, müəyyən müddətli əmək müqaviləsi əsasında hüquqi əmək münasibəti kimi tanınacaq.

Dəyişiklik tələbələrin əməyindən sui-istifadə riskini azaldır, tələbə faktiki işçi kimi hüquqi status qazanır, iş vaxtı norması, istirahət hüququ, sosial sığorta təminatları, əməyin mühafizəsi və təhlükəsizlik məsələlərini hüquqi çərçivəyə salır. Eyni zamanda, bu müddət gələcək əmək stajına daxil edilə biləcək.

O əlavə edib ki, bu tənzimləmə gənclərin məşğulluğunun artırılması, qeyri-formal məşğulluğun azaldılması və istehsalat təcrübəsinin real peşə hazırlığı mexanizminə çevrilməsi baxımından əhəmiyyətli addımdır.

 

Xəbər lenti