Bakı Slavyan Universiteti (BSU) Quba-Xaçmaz Regional Təhsil İdarəsinin ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər, psixoloqlar və korreksion pedaqoqlar üçün “İnklüziv və adaptiv təhsil” mövzusunda növbəti peşəkar inkişaf təlimi keçirib.
BSU-dan bildirilib ki, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının müəllimlərinin iştirak etdiyi təlim proqramı inklüziv təhsilin məktəb mühitində tətbiqi və adaptiv yanaşmaların sistemli şəkildə qurulmasına, eləcə də xüsusi təhsil ehtiyacı olan şagirdlərlə iş üzrə peşəkar bacarıqların inkişaf etdirilməsinə yönəldilib.
Proqram çərçivəsində iştirakçıların mövcud bilik və təcrübələrinin dəyərləndirilməsi aparılıb, real məktəb mühitindən götürülmüş nümunələr əsasında praktik müzakirələr təşkil edilib.
Təlim zamanı inklüziv siniflərin idarə olunması, disleksiya və öyrənmə çətinlikləri olan şagirdlərə fərdi yanaşmalar, həmçinin məktəb daxilində multidissiplinar əməkdaşlığın əhəmiyyəti interaktiv üsullarla iştirakçılara təqdim olunub. Fəal öyrənməni təşviq edən simulyasiya tapşırıqları və situativ fəaliyyətlər müəllimlərin mövzuya praktik baxışını gücləndirib.
Sessiyanın sonunda əldə olunan rəy və müşahidələr əsasında inklüziv təhsilin region üzrə davamlı inkişafı, məktəblər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
BSU-nun regionlarda keçirdiyi bu cür təlim proqramları inklüziv və adaptiv təhsil yanaşmalarının məktəb mühitində tətbiqinə, pedaqoji heyətin peşəkar inkişafına və hər bir şagird üçün bərabər təhsil imkanlarının yaradılmasına xidmət edir.