Yanvarın 19-da Azərbaycan Dillər Universitetinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının əməkdaşları tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar – Qan yaddaşımız” adlı dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Seyidin giriş sözü ilə açılıb. Qeyd edilib ki, Azərbaycan tarixinə Qanlı Yanvar hadisələri kimi daxil olmuş 20 Yanvar faciəsindən 36 il ötür. Bildirilib ki, 1987-ci ilin sonlarından etibarən yenidən gündəmə gətirilmiş qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin salınmasına yönəlib.
Vurğulanıb ki, Azərbaycan xalqının haqq-ədalətin bərpası uğrunda səsini ucaltdığı bir vaxtda Sovet hakimiyyəti misli görünməmiş cinayətə əl atıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyi beynəlxalq hüquq normalarını və mövcud qanunvericiliyi kobud şəkildə pozaraq, əhalini xəbərdar etmədən Bakıda və ölkənin digər bölgələrində qırğın törədib. Nəticədə 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Bildirilib ki, bu qanlı hadisədən bir gün sonra – yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti kəskin şəkildə pisləyib və beynəlxalq ictimaiyyət qarşısında qətiyyətli bəyanatla çıxış edib.
Tədbirdə çıxış edən kafedranın müəllimi Aynurə Cəbiyeva qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, eyni zamanda milli azadlıq hərəkatının zirvəsi, xalqımızın istiqlal arzularının oyanış günü kimi tarixə düşüb. Bildirilib ki, bu tarix sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir səhifədir. Sovet imperiyasının günahsız insanların qanını axıtsa da, milli iradəni sındıra bilmədiyi vurğulanıb. Əksinə, bu cinayətin imperiyanın əsl mahiyyətini ifşa etdiyi qeyd edilib. Bakıda törədilən qanlı hadisə ilə digər ittifaq respublikalarına gözdağı vermək cəhdinin də iflasa uğradığı bildirilib. 20 Yanvar faciəsinin Azərbaycan dövlətinin və xalqının müstəqilliyə gedən yolunda atdığı ilk qətiyyətli addım kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.
Daha sonra kafedranın baş müəllimi Sücəddin Əyyublu çıxış edərək bildirib ki, 20 Yanvar hadisəsi ağrı-acı ilə xatırlansa da, milli oyanışın, azadlıq və müstəqillik mübarizəsinin rəmzi kimi tariximizə həkk olunub. Qeyd edilib ki, azadlığı və müstəqilliyi uğrunda canından keçən millət daha da möhkəmlənib və birləşib. 20 Yanvarın Azərbaycan xalqının sovet rejiminin buxovlarından qurtulmaq yolunda atdığı qətiyyətli addım olduğu vurğulanıb. Bildirilib ki, xalqımız 30 il ərzində daxili və xarici təzyiqlərə qarşı mətinliklə dayanıb, torpaqlarının işğalına və bir milyondan artıq soydaşımızın məcburi köçkün həyatına dözüb, nəhayət yumruq kimi birləşərək düşməni məğlub edib və müstəqilliyini tam bərpa edib.
Tədbirin sonunda kafedra müdiri dosent Vəfa Seyid çıxış edərək qeyd edib ki, bu il xalqımız 20 Yanvar hadisələrinin 36-cı ildönümünü dərin ehtiramla qeyd edir, şəhid övladlarının fədakarlığını minnətdarlıqla xatırlayır. Bildirilib ki, Bakının ən möhtəşəm məkanlarından biri olan Şəhidlər xiyabanı Vətən uğrunda canlarından keçmiş igid oğul və qızlarımızın uyuduğu müqəddəs and yerinə çevrilib. Şəhidlərimizin və Şəhidlər xiyabanının azadlığımızın, müstəqilliyimizin və milli iradəmizin əbədi rəmzi olduğu vurğulanıb.