Logo

BMU nümayəndə heyəti Əbu-Dabidə 18-ci Dünya Gələcək Enerji Sammitində iştirak edib

15.01.2026 17:10 40 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində “Masdar” şirkətinin təşkilatçılığı ilə keçirilən 18-ci Dünya Gələcək Enerji Sammitində iştirak edib.

Bu barədə BMU-dan məlumat verilib. Bildirilib ki, dünya enerji sektorunun ən nüfuzlu platformalarından biri hesab olunan sammit bərpaolunan enerji, enerji səmərəliliyi, iqlim dəyişikliyi, ağıllı texnologiyalar və davamlı inkişaf sahələrində qlobal ekspertləri, siyasətçiləri və sənaye liderlərini bir araya gətirib. 50 mindən çox iştirakçının qatıldığı sammitdə 450-dən artıq aparıcı şirkət, eləcə də universitet və innovasiya mərkəzləri təmsil olunub.

Sammit çərçivəsində BMU nümayəndə heyəti aparıcı beynəlxalq şirkət və qurumlarla tanış olub, elmi-tədqiqat, innovasiya, sənaye-universitet əməkdaşlığı və birgə layihələr üzrə mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıb, habelə universitetin təhsil və tədqiqat sahələrindəki üstünlüklərini, innovativ layihələrini təqdim ediblər. Sammitdə iştirak qlobal enerji və davamlılıq sahəsində aparılan son yeniliklər, qabaqcıl texnologiyalar haqqında birbaşa məlumat almaq, gələcək beynəlxalq əməkdaşlıqlar üçün strateji imkanlar qazanmaq imkanı yaradıb.

BMU nümayəndə heyəti, həmçinin Azərbaycanın BƏƏ-dəki səfirliyində də olub. Görüşdə ali təhsil, elm, innovasiya sahəsində əməkdaşlıq imkanları, BMU ilə BƏƏ universitetləri arasında tələbə və akademik mübadilə perspektivləri kimi məsələlər nəzərdən keçirilib. İki ölkə arasında təhsil və tədqiqat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Xəbər lenti