Logo

“Dədə Qorqud” jurnalının yeni nömrəsində folklorşünaslığın müasir elmi problemləri tədqiq olunub

15.01.2026 13:24 35 baxış
IMG

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 89-cu nömrəsi çapdan çıxıb.

İnstitutdan bildirilib ki, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər və başqa yazılar beş rubrikada öz əksini tapıb.

Toplunun “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” rubrikasında Ramazan Qafarlının “Bamsı Beyrək” boyunda semiotik sinergetika: Eko və Dundesin struktur dialektikasının müqayisəsi və “Dədə Qorqud” eposuna tətbiqi” və tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Kitabi-Dədə Qorqud” dastanında təsvir edilən ailə tipləri (etnoqrafik araşdırma)” başlıqlı məqalələri oxucuların ixtiyarına verilib.

“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində professorlar Füzuli Bayatın, Ramazan Qafarlının, Asif Hacılının, Ülkər Nəbiyevanın “Müasir dövrdə folklor nəzəriyyəsinin tədqiqat paradiqmaları: nəzəri çərçivə və prioritet istiqamətləri”, “Mifdən mətnə: Bəxtiyar Vahabzadə poeziyasında folklorun semiotik və sinergetik transformasiyası”, “Ahıska türklərinin sürgün folklorunun yaradıcılıq sinkretizmi və janr tipologiyası”, “Novruz – ümumislam mədəniyyəti kontekstində” məqalələri yer alıb. Həmçinin filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədovanın “Milli oyanış dövrü mətbuatında folklora baxış: “Əkinçi” qəzetinin mövqeyi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimovanın “Əcdad kultu kontekstində seyidlik institutu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərovanın “Qurbani” dastanının süjet xətti: üç fərqli versiya arasındakı qarşılaşdırma”, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımovanın “Milli özünəqayıdış dövrü (1960-1990) Azərbaycan ədəbiyyatında nəsr və folklor (Maqsud İbrahimbəyov və Rüstəm İbrahimbəyovun əsərləri əsasında)”başlıqlı məqalələri təqdim olunub. Bundan başqa, Folklor İnstitutunun dissertantı İlahə Əsgərovanın “Milli yaddaş ensiklopediyası: “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyinin I–V cildləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevanın “Folklorun funksiyaları və onların orta əsrlər Azərbaycan ədəbiyyatına təsiri”, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin “Naxçıvanda qışa hazırlıq ənənələri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın “Ev simvollarının məna sırası: çadır, otaq, yurd, qəsr, qalaça (Naxçıvan folklor mətnləri əsasında), Folklor İnstitutunun kiçik elmi işçisi Aysel Həsənovanın “Qərbi Azərbaycan mərasim folkloru: ritual poetika, arxetipik sistem və kollektiv yaddaşın sinergetik modeli” adlı məqalələri ilə tanış olmaq mümkündür.

Toplunun “Türk xalqları folkloru” bölməsində professor Almaz Həsənqızının tərcümə edib nəşrə hazırladığı “Koroğlu”nun Türkmən versiyası”, “Azərbaycan folklorundan yeni nümunələr” rubrikasında filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərovanın toplayıb yazıya aldığı “Neftçala folklorundan örnəklər”, “Cənubi Azərbaycan folklorundan örnəklər” rubrikasında filologiya üzrə fəlsəfə doktoru Gülcan Gülməzin və filologiya üzrə fəlsəfə doktoru, dosent Cihangir Karininin toplayıb yazıya aldığı folklor nümunələri yer alıb.

Xatırladaq ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda işıq üzü görən məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.

Jurnalın yeni sayı ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti