Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu və Azərbaycandakı Çinli Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə Heydər Əliyev adına İdman və Konsert Kompleksində dördüncü dostluq turniri olan Konfutsi İnstitutu Kuboku keçirilib.
Bu barədə ADU-dan məlumat verilib. Bildirilib ki, turnirdə təxminən 100 çinli tələbə, Azərbaycandakı Çin şirkətlərinin əməkdaşları, Konfutsi İnstitutunun müəllim və tələbələri iştirak ediblər. Yarış kişilər və qadınlar arasında iki mərhələdə - pley-off sistemi və dairəvi sistemdə ən yaxşı beşlik formatında keçirilən tək yarışları əhatə edib. Gərgin mübarizədə Konfutsi İnstitutunun professoru Fan Çjonde kişilərin tək yarışında qalib gəlib, Tahir Kərimov ikinci yeri tutub. Qadınların tək yarışında isə Konfutsi İnstitutunun professorları Lu Li və Çenq Ciajia ikinci yerə layiq görülüblər.
Mükafatlandırma mərasimində Çinin Azərbaycandakı səfirliyinin müşaviri Dinq Tao qeyd edib ki, dörd il ardıcıl olaraq keçirilən Konfutsi İnstitutu Kuboku stolüstü tennis turniri Çin-Azərbaycan mədəni mübadiləsi çərçivəsində uğurlu brend layihəyə çevrilərək, iki ölkə və xalq arasında idman vasitəsilə dostluğu dərinləşdirir.
Mərasimdə çıxış edən "China Southern Airlines" şirkətinin nümayəndəsi Li Yonqanq və Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin milli idman növü olan, birlik və zəhmət ruhunu təcəssüm etdirən bu stolüstü tennis yarışının təkcə idman tədbiri deyil, həm də gənclər arasında əlaqələrin genişləndirilməsi və unikal Çin mədəniyyətinin nümayişi üçün platforma olduğunu qeyd ediblər.
Çıxışlar zamanı vurğulanıb ki, Konfutsi İnstitutu Çin və Azərbaycan arasında humanitar əlaqələrin dərinləşdirilməsi və tarixən böyük İpək Yolu ilə bağlı olmuş iki ölkənin xalqları arasında sivilizasiyalararası əlaqələrin inkişafını təşviq etmək məqsədilə idman tədbirlərinin keçirilməsi sahəsində fəaliyyətini davam etdirəcək.