Logo

Sevinc Əliyeva: Media və ziyalılar Azərbaycan dilinin keşiyində dayanmalıdırlar

15.01.2026 19:19 36 baxış
IMG

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində və Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubiley tədbirində nitqində Azərbaycan dilinin saflığının qorunması, Azərbaycan dilinin düzgün tətbiqi, ədəbi dilin qorunması ilə bağlı ciddi şəkildə mesajlar verdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva deyib. O bildirib ki, Azərbaycan dilinin saflığının qorunması hər birimiz üçün vacibdir, əhəmiyyətlidir: “Amma bunun üçün nə etməliyik? Çıxışlarda da vurğulandığı kimi, Azərbaycan dili yalnız Azərbaycanda yaşayan azərbaycanlıların dili deyil, eləcə də ölkəmizdən kənarda yaşayan və əslində 50 milyondan çox azərbaycanlının dilidir. Bu nöqteyi-nəzərdən yanaşsaq, dilimizin qorunması, gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. Həm də bizim borcumuzdur ki, dilimizi qoruyaq, onun keşiyində dayanaq. Çünki Azərbaycan dili əsrlər boyu özünün saflığının qorunması ilə nümunəvi olan dillər sırasındadır. Azərbaycan dili Prezident İlham Əliyevin nitqində də vurğulandığı kimi, müstəmləkəçilik dövründə də imperiyalara məğlub olmayan, istər ərəb, fars, istərsə də rus, Avropa dilləri baxımından da həmin dillərin təsirinə məruz qalmayan, özünü qorumağı bacaran qüdrətli dildir. Ziyalılarımız, şair və yazıçılarımız bu dildə danışmağımızla fəxr etməklə yanaşı, Azərbaycan dilində çox nümunəvi əsərlər yaradıblar”.

S.Əliyeva qeyd edib ki, burada məsuliyyət həm də media nümayəndələrinin üzərinə düşür: “Biz arzu edərdik ki, bununla bağlı tez-tez televiziya verilişlərində, mətbuatda şair və yazıçılarımızın fikirləri öyrənilsin, onların Azərbaycan dilində yazılmış əsərlərindən gözəl, dolğun nümunələr təqdim olunsun. Həm də onların canlı nitqindən bizim poeziya nümunələrimiz səslənsin. Çünki dilin qorunması üçün yazıçılarımız, ziyalılarımız, müəllimlərimiz, dilin keşiyində dayanan insanlar hər zaman narahatdırlar”.

O qeyd edib ki, Azərbaycan dilinin qorunması, dil siyasəti həm də dövlət siyasətinin tərkib hissəsi kimi Azərbaycan Respublikasının Prezidenti, Dövlət Dil Komissiyasının sədri İlham Əliyevin hər zaman nəzarətində olan məsələdir. “Biz unutmamalıyıq ki, dövlətimizin başçısı əbəs yerə narahat deyil. Ölkə rəhbərini narahat edən ən vacib məsələlərdən biri bu gün dilimizdə qarğılığı ola-ola yersiz əcnəbi sözlərin, xarici kəlmələrin istifadə edilməsidir. Bu, qəti yolverilməzdir. Prezidentimizin vurğuladığı kimi, xarici sözləri səsləndirən, ona öz nitqində geniş yer verən insanın nitqi təfəkkür göstəricisi də deyil. Bu zənginlik məsələsi deyil, əslində, dilə laqeydlik məsələsidir. Bu, əslində, yaxşı vətəndaş olmamağımızın, nitqində xarici kəlmələrə yer verən insanın yaxşı vətəndaş olmamasının göstəricisidir. Buna görə də dilimizi, nitqimizi səlisləşdirmək üçün daima mütaliə etməliyik. Azərbaycan dilində çoxlu gözəl nümunəvi əsərlər yazılıb və yazılmalıdır ki, dil özü-özünü tənzimləməyi bacarsın. Yəni biz zəngin nitqimizlə gələcək nəsillərə nümunə olmalıyıq. Müəllim olaraq daxil olduğumuz sinif otaqlarında, auditoriyalarda şagird və tələbələrə zəngin nitqimizlə nümunə olmalıyıq. Hətta veriliş aparıcıları da düşünməlidir ki, milyonlarla tamaşaçı onun nitqi vasitəsilə Azərbaycan mühiti ilə tanış olur. Bunu hər zaman nəzarətdə saxlamaq lazımdır”, - deyə professor vurğulayıb.

O əlavə edib ki, nitqimizə, yazımıza düzgün riayət etsək, dilin qorunmasının da narahatlığı olmayacaq: “Çünki bu dildə danışan xalq var, bu dildə fəxrlə danışan insanlar var. Xalqımız hər zaman dilini qoruyub. Dilin qoruyucusu olan ölkə başçımız var. Azərbaycan dili ilə bağlı Prezident İlham Əliyevin imzaladığı bütün fərman və sərəncamlarda dilimizin qorunması üçün konkret qurumlar qarşısında müəyyən vəzifələr müəyyənləşdirilib”.

Xəbər lenti