Logo

BDU tələbələri elmi tədqiqatlarda fəal iştirak edirlər

14.01.2026 15:49 36 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) tələbələri elmi seminar və konfranslarda məruzələrlə çıxış edir, elmi-tədqiqat mövzuları üzrə tədqiqatlara cəlb olunur. Tədris prosesində tələbələrə alınmış elmi nəticələr haqqında məlumatlar verilir. Təhsil-elmi-tədqiqat ekosistemi tələbələrin bilavasitə elmi-tədqiqat mühitində formalaşmasına, yeni prioritet elmi istiqamətlərdə elmi məktəblərin yaranmasına şərait yaradır.

BDU-dan bildirilib ki, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında qrafen oksidin (QO) butadien-nitril kauçuku (BNK) əsaslı kompozit materialın struktur, termiki, optik və elektrik xüsusiyyətlərinə təsirinin araşdırılması üzrə aparılan tədqiqatlarda SABAH qruplarının tələbələri fəal iştirak edirlər. Magistratura səviyyəsinin II kurs tələbələri Lalə İsayeva və Rəşidə Hüseynzadənin həmmüəllifi olduqları “Nitril-butadien kauçuku/qrafen oksid nanokompozitlərinin optimal performansının əldə edilməsində hidrogen rabitəli interfazanın rolu” adlı məqalə “Scopus” bazasında Q1 kvartilli “Frontiers in Chemistry” jurnalında dərc edilib.

İşdə qrafen oksid modifikasiya edilmiş Hummers metodu ilə sintez olunub və BNK/QO sistemi müxtəlif doldurucu konsentrasiyaların məhlul-koaqulyasiya və ardınca kükürd vulkanizasiyası yolu ilə hazırlanıb.

Müəyyən edilib ki, sistemə 1.0 kütlə hissə qrafen oksidin daxil edilməsi mexaniki və dielektrik xassələrin optimal səviyyədə formalaşmasına şərait yaradır. BNK-nın yağadavamlı elastomer kimi geniş tətbiqi nəzərə alınaraq, əldə olunan nəticələr bu kompozit materialların neft sənayesində tətbiqi baxımından praktik əhəmiyyət daşıyır.

Xəbər lenti