Logo

Ülkər Babayeva: ASA-da idman menecmenti üzrə ikili diplom imkanları yaradılıb

16.01.2026 12:33 36 baxış
IMG

Magistratura təhsil səviyyəsində Böyük Britaniyanın Koventri Universiteti, Rusiyanın MGİMO Universiteti ilə həyata keçirilən ikili diplom proqralarımız var. Hər iki proqram idman menecmenti ixtisası üzrədir və tədris ingilis və rus dillərində aparılır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan İdman Akademiyasının (ASA) tədris işləri üzrə prorektoru Ülkər Babayeva deyib.

O bildirib ki, Akademiyada bakalavriat təhsil səviyyəsində məşqçilik ixtisası üzrə iki ikili diplom proqramı həyata keçirilir:“Bunlar Rusiyanın Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti və Türkiyənin Akdeniz Universiteti ilə olan proqramlarımızdır. Akdeniz Universiteti ilə ikili diplom proqramı çərçivəsində 5 tələbənin bizdən, 5 tələbənin isə Akdeniz Universitetindən tədrisə cəlb olunması nəzərdə tutulur. Tələbə ASA-ya qəbul olduqdan sonra I kursu burada, II və III kursları Akdeniz Universitetində, IV kursu isə yenidən Akademiyada tədrisini davam etdirərək təhsilini başa vurur. Nəticədə tələbə hər iki universitetin tələblərini tam ödəyərək hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edir”.

Ülkər Babayeva Akademiyanın ikili diplom proqramı olmayan, lakin beynəlxalq komponenti olan layihələrinin olduğunu qeyd edib: “Bunlara Böyük Britaniyanın London Kollec Universiteti ilə birgə həyata keçirilən “İdman tibbi” proqramı və Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birgə həyata keçirilən “İdman jurnalistikası” proqramı daxildir. Bu proqramları beynəlxalq layihələr adlandırırıq, çünki müəllimlər Böyük Britaniyadan dəvət olunur və tələbələr üçün tədris səfərləri həmin ölkədə təşkil edilir. Məsələn, idman jurnalistikası üzrə təhsil alan tələbələr BBC-də təcrübə keçmək imkanı əldə edirlər ki, bu da nadir fürsətlərdəndir. Hazırda bakalavriat təhsil səviyyəsi ürə fizioterapiya ixtisasında da beynəlmiləşmə mövzusu Çexiyanın Karlov Universiteti ilə müzakirə edilir. Hesab edirəm ki, 2026-cı ildə Karlov Universiteti ilə ikili diplom proqramının imzalanması Akademiyanın ən böyük nailiyyətlərindən biri olacaq”.

 

Xəbər lenti