Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun direktor müavini, direktor vəzifəsini icra edən coğrafiya elmləri doktoru Zaur İmraninin elmi əsərləri Türkiyə Respublikasının Prezident Kitabxanasına hədiyyə edilib.
Bu nəşrlərə alimin “Azərbaycanda təsərrüfatın ərazi təşkilinin iqtisadi-coğrafi xüsusiyyətləri”, “Risklərin və fəlakətlərin qiymətləndirilməsi üçün obyekt əsaslı təhlil: Azərbaycanın geoekoloji kontekstləri”, Qarabağın turizm-rekreasiya potensialı” əsərləri və həmmüəllifi olduğu 3 cildlik “Türk dünyasının coğrafiyası” daxildir.
Bu barədə institutdan məlumat verilib.
Türkiyə Respublikasının Prezident Kitabxanası öz kitab nümunələri və göstərdiyi xidmətlər baxımından dünyanın aparıcı kitabxanalarından biridir. Bu kitabxana həm Türkiyədə, həm də xaricdə elm, ədəbiyyat və incəsənət sahəsində nüfuzlu alimlərin elmi əsərlərini öz şəxsi kolleksiyalarına əlavə edir. Kitabxanadakı informasiya resursları müasir kitabxanaçılıq prinsiplərinə uyğun olaraq və beynəlxalq standartlar çərçivəsində fəaliyyət göstərir.