AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında Mərkəzi Elmi Kitabxananın (MEK) 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
Bu barədə AMEA-dan məlumat verilib. Hesabatı MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov təqdim edərək bildirib ki, kitabxananın əsas fəaliyyət istiqamətlərini fondların zənginləşdirilməsi və rəqəmsallaşdırılması, oxuculara informasiya xidmətlərinin göstərilməsi, elmi tədqiqatların informasiya ilə təmin olunması, kitabxana-informasiya sistemində müasir texnologiyaların və süni intellektin tətbiqi təşkil edir. Bundan başqa, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi və mədəni tədbirlərdə iştirak, elmi məqalələrin nəşri və maarifləndirici layihələrin həyata keçirilməsi də kitabxananın əsas fəaliyyət istiqamətlərindəndir.
Prezident İlham Əliyevin sərəncamlarının icrası çərçivəsində MEK-in fəaliyyətindən bəhs edən Hüseyn Hüseynov qeyd edib ki, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın tərtibatında “Azərbaycan Konstitusiyası və suverenlik” adlı biblioqrafik göstərici nəşr olunub. O, həmçinin MEK-in və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Suverenliyi Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi: Müstəqil və suveren Azərbaycan” adlı lektoriyanın keçirildiyini diqqətə çatdırıb. Hüseyn Hüseynov “Konstitusiya və Suverenlik İli” ilə bağlı MEK-də virtual və ənənəvi sərgilərin təşkil olunduğunu söyləyib.
Direktor “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, MEK-də AMEA Rəyasət Heyəti, Mərkəzi Elmi Kitabxana və YAP Mərkəzi Aparatının birgə təşkilatçılığı ilə AMEA-nın 80 illik yubileyinin qeyd olunduğunu bildirib. Vurğulayıb ki, eyni zamanda, kitabxanada “AMEA 80: Elmi irs və inkişaf” adlı virtual və ənənəvi sərgi təşkil olunub. “Azərbaycan Milli Elmlər Akademiyası” adlı ensiklopedik məqalə əsaslı şəkildə redaktə edilib, məzmun baxımından təkmilləşdirilib.
Ötən il həm də Mərkəzi Elmi Kitabxananın yaranmasının 100 ilinin tamam olduğunu deyən Hüseyn Hüseynov MEK-in yubileyinin keçirilməsi haqqında Rəyasət Heyətinin qərarını diqqətə çatdırıb. O, kitabxanada “MEK 100: Tarix və müasirlik” adlı virtual və ənənəvi sərginin təşkil olunduğunu, “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini, MEK-in yubileyi ilə əlaqədar “Mədəniyyət” televiziyası tərəfindən “100 illik tarix” adlı sənədli filmin hazırlandığını, eləcə də bir sıra nəşrlərin çap olunduğunu bildirib.
Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) haqqında məlumat verən direktor qeyd edib ki, AKİS əsasında elektron kitabxana, onlayn sifariş və çatdırılma, elektron sərgilər, oxucu rəylərinin analizi kimi xidmətlər istifadəyə verilib. Hesabat dövründə e-kitabxana üçün 60 000 tam mətnli nəşr hazırlanıb. Onlardan 35 000-dən çoxu elektron kitabxana bazasına yerləşdirilib. Bundan başqa, inklüziv kitabxanada oxuculara audioresurslar, danışan kitablar və audio-teatr formatında materiallar təqdim olunub. Hüseyn Hüseynov Azərbaycan kitabxanaları arasında ilk dəfə MEK-də süni intellektəsaslı səs ilə axtarış sisteminin hazırlandığını da vurğulayıb.
MEK-in direktoru Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elektron layihənin hazırlandığını, AMEA institut kitabxanalarının rəqəmsallaşdırılması istiqamətində Korporativ Elektron Kitabxana İnformasiya Sisteminin yaradılmasına başlanıldığını, il ərzində ilk olaraq Ədəbiyyat İnstitutunun bu sistemə qoşulduğunu söyləyib.
O, həmçinin il ərzində beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlərdən bəhs edib, MEK ilə Rami Kitabxanası arasında imzalanmış “Qardaş Kitabxanalar Anlaşma Memorandumu”, eləcə də MEK ilə Mərakeş Krallığının Milli Kitabxanası arasında imzalanmış əməkdaşlıq memorandumu barədə məlumat verib, il ərzində müxtəlif ölkələrin kitabxanalarının rəhbərlərinin MEK-də olduqlarını qeyd edib.
Direktor, bundan başqa, kitabxananın oxucularına “Britannica Academic Edition” elmi məlumat bazasına ödənişsiz giriş və “ProQuest Central” akademik məlumat bazasından istifadə imkanları təqdim etdiyini bildirib.
Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxana tərəfindən hazırlanan nəşrlər, biblioqrafik göstəricilər, dərc olunan kitablar, keçirilən sərgi və açıq qapı günləri və s. tədbirləri də diqqətə çatdırıb.
Daha sonra müzakirələr aparılıb, AMEA Rəyasət Heyətinin qərarı ilə MEK-in hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.