Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) hazırladığı "Qərbi Azərbaycan sənəd və mənbələrdə" elektron kitabı təqdim edilib.
"Tarixi Yurda Qayıdış" konfransı çərçivəsində hazırlanan kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant müsabiqəsi çərçivəsində MİMTA Fondunun "Əzəli yurd" layihəsi əsasında hazırlanıb.
Belə ki, elmi tədqiqat əsərində Qərbi Azərbaycanda azərbaycanlıların tarixi dövrlərə görə məskunlaşması, İrəvan xanlığının yaranması, onun ictimai-siyasi vəziyyəti, mədəni mühiti, həyata keçirilən islahatlar, inzibati bölgü və idarəetmə quruluşu araşdırılır.
Deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın düşmənlərinin tarix boyu gözü ölkə torpaqlarında olub:
"Ermənistan və havadarlarının məqsədi Azərbaycanı bütöv işğal etmək idi. Bu gün bu arzuları arxada qoymuşuq və işğal altında olan torpaqlarımızı geri qaytarmışıq. Biz sülh istəyirik. Qarşımızda duran əsas məqsədlərdən biri də Qərbi Azərbaycana qayıdışdır. Ermənistanın ideologiyasında ciddi dəyişiklik yoxdur, ona görə də öz tariximizi yaşatmaq üçün daha çox çalışmalıyıq, kitablar, filmlər ərsəyə gətirməliyik".
Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov vurğulayıb ki, qayıdış hüquqları ilə bağlı beynəlxalq ictimai diqqət vacibdir:
"Beynəlxalq qayıdış hüququna istinad üçün çoxsaylı sənədlər var. Bütün bunlar qərbi azərbaycanlıların öz yurdlarına qayıdışını əsaslandıran sənədlərdir. Son üç ildə Qərbi Azərbaycanla bağlı 300 bəyanat səsləndirilib. Dünyada müharibələr assimetrik və hibriddir. Daha çox informasiya müharibələri var. Öz həqiqətlərimizi çatdırmaq üçün həmişə bir addım öndə olmalıyıq".
Kitabın müəllifi Əfqan Vəliyev qeyd edib ki, Qərbi Azərbaycan azərbaycanlılar üçün ideoloji məkandır:
"Bura bizim üçün təkcə coğrafi məkan deyil. STM-in sorğusuna görə, ölkə əhalisinin 94%-dən çoxu Qərbi Azərbaycanla maraqlanır. Qərbi Azərbaycan İcması bu siyasətin aparılmasında önəmli yer tutan qurumdur. Bizim oraya qayıdışımız haqqımızdır. "Qərbi Azərbaycan sənəd və mənbələrdə" elektron kitabı da qayıdış istiqamətində həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayır".
Kitabda həmçinin Rusiya-İran müharibələri, Türkmənçay və Ədirnə sülh müqavilələrinin Qərbi Azərbaycanın demoqrafik və siyasi vəziyyətinə təsiri, ermənilərin Qərbi Azərbaycana köçürülməsi, erməni vilayətinin yaradılması və çar Rusiyası dövründə aparılan erməniləşdirmə siyasəti təhlil edilir. Azərbaycalıların deportasiyası, daşnak hakimiyyəti dövründə mədəni mühit və maddi-mədəni irsin mənimsənilməsi, toponimlərin dəyişdirilməsi kimi məsələlər də tədqiqatın diqqət mərkəzindədir.
Müəllif tarixi sənədlər və arxiv materiallarına əsaslanaraq Qərbi Azərbaycanın qədim dövrdən müasir dövrədək olan etnik, siyasi və mədəni proseslərini təqdim edir, erməniləşdirmə siyasətinin köklərini elmi əsaslarla izah edir və azərbaycanlıların bölgədəki varlığını sənədlərlə təsdiqləyir. Kitab tarixi yaddaşın bərpası, milli kimliyin qorunması və gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və Qərbi Azərbaycan ideyasının elmi-ideoloji əsaslarını formalaşdıran mənbədir.