Logo

ADU Muzeyinin ziyarəti mədəni irsə verilən dəyərin bariz nümunəsi kimi

16.01.2026 18:28 46 baxış
IMG

Ötən günlərdə Azərbaycan Dillər Universitetində Ana dilimizin qorunması, inkişafı və beynəlxalq miqyasda təbliği məqsədilə yaradılmış “Azərbaycan dili” platformasının rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, layihənin ideya müəllifi Alena Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, professor-müəllim heyəti və elm-təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində qonaqlar ilk olaraq Azərbaycan Dillər Universitetinin Muzeyini ziyarət ediblər. Ziyarət zamanı onlara universitetin tarixi, dilçilik sahəsindəki elmi irsi, ADU Muzeyinin formalaşma dövrü, ekspozisiya strukturu və burada nümayiş etdirilən eksponatlar haqqında məlumat verilib. Muzeydə Azərbaycan dilinin inkişaf mərhələlərini, dilçilik elminin təşəkkülünü, görkəmli alim və ziyalıların elmi irsini əks etdirən materiallar nümayiş etdirilib. Bu eksponatlar Azərbaycan dilinin milli kimliyin formalaşmasında oynadığı mühüm rolu və mədəni irsimizin ayrılmaz hissəsi olduğunu bir daha önə çıxarıb.

Muzeylərə verilən dəyər ümumilikdə mədəniyyətə verilən dəyərin göstəricisidir. Qonaqlarımızın ADU Muzeyini ziyarət etmələri onların mədəniyyətin qorunmasına yalnız layihələr və təşəbbüslər vasitəsilə deyil, həm də mədəni məkanlarla birbaşa təmas yolu ilə yanaşdıqlarını nümayiş etdirir. Ziyarət zamanı diqqət mərkəzində olan əsas məqam Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin və mədəni yaddaşın əsas sütunu olması idi. Bu baxımdan ADU Muzeyinin ekspozisiyası onların illərdir dəstəklədiyi mədəni-dil siyasəti ilə səsləşir.

Azərbaycan dövlətçilik tarixində mədəni irsin qorunması və milli dəyərlərin yaşadılması Ulu öndər Heydər Əliyevin formalaşdırdığı mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri olmuş, bu xətt müasir dövrdə Prezident İlham Əliyev tərəfindən ardıcıl və sistemli şəkildə davam etdirilmişdir. Sözügedən siyasət çərçivəsində muzeylərin inkişafı, mədəni yaddaşın institusional müstəvidə qorunması və milli-mənəvi irsin beynəlxalq aləmdə tanıdılması xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə mədəniyyət sahəsində həyata keçirilən təşəbbüslər, o cümlədən muzeylərin müasir yanaşmalar əsasında təqdimatı və cəmiyyətə açıq mədəni məkan kimi formalaşdırılması mühüm rol oynayır. Media və vizual sənədləşmə vasitəsilə mədəni irsin daha geniş auditoriyaya çatdırılması, muzey fəaliyyətinin ictimai şüurda möhkəmləndirilməsi bu istiqamətdə aparılan işlərin vacib tərkib hissəsidir. ADU Muzeyinin ziyarəti və onun ictimai-mədəni müstəvidə təqdimatı da məhz bu ümumi mədəni strategiyanın tərkib hissəsi kimi çıxış edir. Muzeylərə innovativ yanaşmanın tətbiqi, mədəni irsin yeni formatlarda təqdim olunması və milli dəyərlərin müasir interpretasiyası Azərbaycan mədəniyyətinin davamlı inkişafına xidmət edən əsas prioritetlərdən biri kimi qiymətləndirilir.

ADU Muzeyinə edilən bu ziyarət “Azərbaycan dili” platformasının ideoloji xətti ilə də tam uyğunluq təşkil edir. Dil, muzey və mədəniyyət anlayışlarının eyni müstəvidə təqdim olunması Azərbaycan dilinin yalnız akademik deyil, həm də mədəni və tarixi dəyər kimi qəbul edildiyini göstərir. Bu ziyarət təkcə tanışlıq xarakteri daşımayır, eyni zamanda onların Azərbaycan mədəniyyətinə, dilinə və muzey irsinə verdikləri davamlı töhfələrin məntiqi davamı kimi qiymətləndirilir.

Xüsusilə vurğulayaq ki, ADU Muzeyi yalnız ali təhsil müəssisəsinin muzeyi deyil, Azərbaycan dilinin milli-mədəni yaddaşının qorunduğu elmi-mədəni mərkəz funksiyasını daşıyır.

Bu kontekstdə muzeyin ziyarət edilməsi dilin qorunması ilə mədəni irsin təbliği arasında möhkəm bağın göstəricisi kimi dəyərləndirilir. 2017-ci ildə yaradılan muzey 2023-cü ildə akademik Kamal Abdullanın göstərişi ilə təmir edilmiş və avadanlıqlarla təchiz edilmiş, 2025-ci ildə isə İCOM beynəlxalq komitəsi olan UMAC rəsmi bazasına daxil edilmişdir. Qeyd edim ki, ADU Muzeyi bu bazada yer alan Azərbaycanın ilk və tək muzeyidir. Bu fakt fəaliyyətimizin beynəlxalq standartlara uyğun qurulduğunu, elmi-mədəni mühitdə tanındığını və dünya universitet muzeyləri şəbəkəsinin bir hissəsi olduğumuzu təsdiqləyir. UMAC bazasında təmsil olunmaq muzeyin yalnız milli deyil, beynəlxalq elmi-mədəni platformada da tanıdılmasına xidmət edir. Sonda qeyd edim ki, bu kimi mühüm mədəni təşəbbüslər Azərbaycan dilinin, milli-mədəni irsin və muzeylərin cəmiyyət həyatında rolunu daha da gücləndirir, gənc nəslin mədəni irsə bağlılığını artırır və Azərbaycanın zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfə verir. ADU Muzeyinin ziyarət edilməsi Azərbaycan mədəniyyətinin, dil irsinin və muzey institutlarının inkişafına verilən davamlı dəstəyin bariz nümunəsi kimi yüksək dəyərləndirilir.

 

 

Lalə Məmmədova,

ADU Muzey şöbəsinin müdiri

Xəbər lenti