Logo

Fərdi istеdad vә sistеmli yanaşma: olimpiada nәticәlәrinin tәhlili

19.01.2026 18:28 35 baxış
IMG

Elmi və akademik olimpiadalarda əldə olunan nəticələrin təhlili göstərir ki, bu uğurların izahı yalnız fərdi istedad anlayışı ilə məhdudlaşdırıla bilməz. Əgər olimpiada nailiyyətləri təkcə fərdi qabiliyyətlərin nəticəsi olsaydı, bu halda müəyyən ölkələrin davamlı və sistemli şəkildə üstün nəticələr nümayiş etdirməsi mümkün olmazdı. Reallıq isə onu göstərir ki, olimpiada uğuru bir-birini tamamlayan bir neçə struktur komponentin paralel və ardıcıl şəkildə işləməsi nəticəsində formalaşır.

Beynəlxalq təcrübə sübut edir ki, elmi olimpiadalarda yüksək nəticələr, ilk növbədə, ümumi təhsil mərhələsində formalaşan güclü akademik baza üzərində qurulur. Şagirdlərin riyazi savadlılığı, məntiqi düşünmə bacarıqları və analitik yanaşması geniş kütlə üçün təmin edilmədikdə yalnız məhdud sayda istedadlı şagirdin yüksək səviyyəli yarışlara hazırlanması davamlı nəticə vermir.

Bu barədə açıqlamasında akademik təhsil olimpiadaların Azərbaycan üzrə nümayəndəsi, “Global Olympiad Center”in (GOC) direktoru Xəyal İbrahimzadə söyləyib.

X.İbrahimzadənin sözlərinə görə, bu baza üzərində ikinci mühüm element kimi kütləvi seçim və mərhələli filtrasiya sistemi çıxış edir. Geniş şagird kütləsinin ilkin mərhələlərdə prosesə cəlb olunması istedadın erkən aşkar edilməsinə, təsadüfi itkilərin minimuma endirilməsinə və daha obyektiv seçim mexanizminin formalaşmasına imkan yaradır. Üçüncü komponent isə uzunmüddətli, elmi əsaslara söykənən və metodoloji baxımdan ardıcıl qurulmuş hazırlıq prosesidir ki, bu mərhələdə artıq seçilmiş şagirdlərin potensialı sistemli şəkildə inkişaf etdirilir.

“Çin təcrübəsi göstərir ki, bu üç komponent ayrı-ayrılıqda deyil, məhz paralel şəkildə inkişaf etdirildikdə real nəticə əldə olunur. Ümumi təhsil mərhələsində kütləvi akademik baza formalaşdırılır, ardınca çoxpilləli seçim mexanizmi vasitəsilə istedadlı şagirdlər müəyyənləşdirilir və nəhayət, bu şagirdlər uzunmüddətli hazırlıq proqramlarına cəlb olunur. Bu prosesin mühüm fərqləndirici cəhətlərindən biri də odur ki, hazırlıq yalnız intensiv məşqlərlə məhdudlaşmır, eyni zamanda, sahə üzrə dərin elmi biliklərə, beynəlxalq olimpiada təcrübəsinə və metodoloji səriştəyə malik mütəxəssislərin rəhbərliyi altında aparılır. Belə mütəxəssislər yalnız məsələ həlli texnikasını deyil, şagirdlərdə elmi düşüncə mədəniyyətini, sübut aparma bacarığını və strateji yanaşmanı formalaşdırır”, - deyə müsahibimiz bildirib.

Onun sözlərinə görə, Azərbaycan praktikasında müşahidə olunan əsas xüsusiyyət ondan ibarətdir ki, diqqət əsasən imtahan mərhələsinə yönəlir: “Yəni ilkin mərhələdə daha geniş şagird kütləsinin iştirakını təmin edən açıq seçim imtahanları keçirilir və nəticələr əsasında perspektivli şagirdlər müəyyən edilərək mütəxəssislərə yönləndirilir. Lakin bu prosesdə uzunmüddətli, mərhələli hazırlıq modeli və sistemli baza inkişaf mexanizmləri hələ tam institusionallaşmamışdır. Bununla yanaşı, hazırlıq prosesində uzun illər beynəlxalq olimpiada mühitində çalışmış, elmi məktəb formalaşdırmaq təcrübəsi olan mütəxəssislərin cəlb edilməsi də məhdud xarakter daşıyır. Nəticədə potensial mövcud olsa da, bu potensialın ardıcıl və dayanıqlı nəticələrə çevrilməsi çətinləşir”.

X.İbrahimzadə qeyd edib ki, bu kontekstdə olimpiada uğuru fərdi təşəbbüslərin və qısamüddətli tədbirlərin nəticəsi kimi deyil, güclü ümumi təhsil bazası, kütləvi və ədalətli seçim mexanizmi, eləcə də sahə üzrə dərin təcrübəyə malik mütəxəssislərin iştirakı ilə qurulan uzunmüddətli hazırlıq sisteminin məntiqi yekunu kimi qiymətləndirilməlidir. Məhz bu yanaşma olimpiada nailiyyətlərini təsadüfi uğurdan sistemli nəticəyə çevirən əsas amildir.

Xəbər lenti