Yanvarın 16-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan xalqının qan yaddaşı 20 Yanvar faciəsinə həsr olunmuş elmi sessiya keçirilib.
Bu barədə Ədəbiyyat Muzeyindən bildirilib.
Muzeyin direktoru akademik Rafael Hüseynov “Rəşadətin şəhidlik zirvəsi” adlı məruzə ilə sessiyanı açaraq bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc insanlara atılan güllələr xalqın içərisindəki azadlıq eşqini söndürmək, vüqarını sındırmaq cəhdləri idi. Akademik vurğulayıb ki, bütün o çağkı sovet respublikalarında olduğu kimi Azərbaycanda da xalq hərəkatı başlanmışdı. 1980-ci illərin sonu, 1990-cı illərin başlanğıcında Azərbaycan xalqı “Azadlıq” meydanına axın edirdi. Rafael Hüseynov qeyd edib ki, “Azadlıq” meydanında yaranmış insan selinin şəkli bütün dünyaya yayılmış və Azərbaycan xalqı “ilin xalqı” adını almışdı.
Bildirilib ki, tariximizdə 1918-ci ilin mart soyqırımı, 20 Yanvar faciəsi, Xocalı soyqırımı kimi bir neçə hüzn günləri yer alsa da, bu gün artıq bütün şəhidlərin ruhu şaddır. Ona görə ki, müstəqil Azərbaycan artıq zəfər qazanmış dövlətdir. Elə bir zəfər ki, onun mühafizəsi də təmin olunub. Bu isə dövlətin güclü və ağıllı siyasətinin nəticəsidir. Akademik qeyd edib ki, məhz ağılla, ardıcıl aparılan siyasi xəttin sayəsində Azərbaycan gələcək təhlükələrdən kənarda qala bilir.
Rafael Hüseynov 20 Yanvar faciəsi günlərində meydanlarda olub xalqın haqq səsinin tərcümanına çevrilmiş ziyalılarımızın da yaradıcılığına müraciət edərək Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub və digər ədiblərin mübarizəsini də diqqətə çatdırıb.
Daha sonra muzeyin şöbə müdiri professor Şəfəq Əlibəyli çıxış edərək Qanlı Yanvar hadisəsinin Moskvanın o zamankı Azərbaycanın Daimi Nümayəndəliyində necə əks-səda doğurmasından bəhs edib.
Elmi sessiyada muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva “Ədəbi düşüncəmizdə 20 Yanvar mövzusu” adlı məruzə ilə çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri baş verdiyi ilk günlərdən etibarən Azərbaycan ədəbiyyatında güclü rezonans doğurmuş, poeziyada, publisistik nəsrdə, memuar və esse janrlarında geniş şəkildə əksini tapmışdır.
Muzeyin daha bir əməkdaşı - Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq elmi sessiyada “20 Yanvar faciəsi dünya mediasında” adlı məruzə ilə çıxış edərək deyib ki, məhz Ümummilli Lider Heydər Əliyevin xalqa xüsusi müraciətindən sonra dünya azərbaycanlıları Bakıda 20 yanvarda törədilən faciədən xəbər tutub, Azərbaycan xalqına mənəvi dəstək göstərmək üçün mətbuatda aramsız etiraz məktubları, məqalə və digər yazılarla çıxışlar ediblər.