Mərkəzi Elmi Kitabxanada (MEK) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş sərgi təşkil edilib.
MEK-dən bildirilib ki, sərgidə “Azadlıq carçıları”, “Azərbaycan faciələrinin təqvimi”, “Tarixin qan yaddaşı”, “İstiqlal ulduzları”, “Qan borcu”, “20 yaşlı Yanvar”, “Milli qəhrəmanlar”, “Şəhid idmançılar”, “Şəhidlərimiz – qürur yerimiz”, “Azərbaycana qarşı soyqırımı gerçəklikləri” adlı nəşrlər nümayiş olunur.
Eyni zamanda, sərgidə 20 Yanvar faciəsinə həsr edilmiş “Yanvar təlatümü”, “20 Yanvar – qan yaddaşımız” adlı metodik vəsaitlər, “20 Yanvar hadisələri: sənədlər, mövqelər, şərhlər” və “Qara gündəlik” kitabları yer alıb. Bundan başqa, “Bir ölümün acığına”, 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərə həsr olunmuş “Vətən” poeması, “Məni anama çatdırın” adlı tarixi-bədii əsər, “Şəhidlər dastanı” və digər nəşrlər də təqdim olunur.
Azərbaycan və xarici dillərdə təqdim olunan nəşrlərdə ölkəmizin tarix boyu üzləşdiyi faciə və fəlakətlərin xronoloji icmalı təqdim olunur. Materiallarda müxtəlif illərdə baş vermiş hadisələrin təqvim tarixləri, fotoşəkilləri, həmin dövrlərdə imzalanmış fərman və bəyanatlar yer alır, eyni zamanda ,20 Yanvar faciəsinə aparan ictimai-siyasi proseslər analitik şəkildə təhlil edilir.