Logo

Yeni Dövlət Proqramı su təhlükəsizliyi və şəhərsalma dayanıqlılığı baxımından strateji əhəmiyyət daşıyır

19.01.2026 11:53 33 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulmasını nəzərdə tutan 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının təsdiq edilməsi ölkənin dayanıqlı inkişaf strategiyasında mühüm mərhələdir.

Bu fikirləri açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis-kommunikasiya sistemləri fakültəsinin dekanı Elgiz Məmmədov söyləyib. O bildirib ki, bu proqram təkcə infrastrukturun yenilənməsi deyil, eyni zamanda, su təhlükəsizliyi, ekoloji tarazlıq və şəhərsalma dayanıqlılığı baxımından strateji əhəmiyyət daşıyır. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun təqdimatında səsləndirilən faktlar göstərir ki, Bakı və Abşeron yarımadasında mövcud su və kanalizasiya sistemləri artıq müasir urbanizasiya, demoqrafik artım və iqlim dəyişmələri fonunda çağırışlara cavab vermir. Yeni Dövlət Proqramı məhz bu reallıqları nəzərə alaraq, su mənbələrinin şaxələndirilməsi, itkilərin azaldılması, tullantı və yağış sularının idarə olunmasının Avropa standartlarına uyğunlaşdırılması kimi fundamental məsələləri kompleks şəkildə həll etməyə yönəlib.

AzMİU-nun Su təsərrüfatı və mühəndis-kommunikasiya sistemləri fakültəsi bu proseslərdə ölkə üçün strateji kadr bazasının formalaşdırılmasında xüsusi rol oynayır. Fakültə su təchizatı, kanalizasiya, hidravlika, hidrologiya, yağış sularının idarə olunması və mühəndis-kommunikasiya sistemləri üzrə ixtisaslaşmış mütəxəssislər hazırlayaraq dövlətin uzunmüddətli infrastruktur siyasətinə elmi və praktiki töhfə verir.

O vurğulayıb ki, fakültə beynəlxalq əməkdaşlığa böyük önəm verir. Bu çərçivədə İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) ilə qurulmuş əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Hər il fakültənin 20–25 tələbəsi İSKİ-də istehsalat təcrübəsi keçərək su təsərrüfatının idarə olunması, müasir texnologiyaların tətbiqi və iri şəhər sistemlərinin istismarı üzrə praktiki biliklər əldə edir. Bu təcrübə gələcək mütəxəssislərin real layihələrə hazır kadrlar kimi formalaşmasına ciddi töhfə verir.

“Əminik ki, “Prezident İlham Əliyevin təsdiqlədiyi bu Dövlət Proqramı su təsərrüfatı sahəsində elmi əsaslı yanaşmaların, rəqəmsal idarəetmə sistemlərinin və insan kapitalının inkişafını daha da sürətləndirəcək. AzMİU olaraq biz bu strateji sənədi universitet–dövlət–istehsalat əməkdaşlığının daha da dərinləşdirilməsi üçün mühüm fürsət hesab edir və bu prosesə elmi-pedaqoji potensialımızla dəstək verməyə hazırıq”, - deyə E.Məmmədov bildirib.

Xəbər lenti