Logo

Prezident İlham Əliyevin dil siyasəti: Azərbaycan ədəbi dilinin saflığının qarantı

19.01.2026 11:49 26 baxış
IMG

Azərbaycan ədəbi dilinin saflığının qorunmasında Prezident İlham Əliyevin ardıcıl və prinsipial mövqeyi xüsusi qeyd olunmalıdır. Dövlət başçısı Azərbaycan dilini milli kimliyimizin, dövlətçiliyimizin və mədəni suverenliyimizin əsas dayağı kimi qiymətləndirir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva deyib. O bildirib ki, ana dilimizin qorunması, həm şifahi, həm də yazılı formada düzgün işlədilməsi, zənginləşdirilməsi, möhkəmləndirilməsi və geniş şəkildə təbliği istiqamətində həyata keçirilən dövlət dil siyasəti Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Dövlət başçısının bu sahədə apardığı sistemli və genişmiqyaslı islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Naxçıvan və Mingəçevir şəhərlərində “Ana dili” abidələrinin ucaldılması da Azərbaycan dilinə göstərilən yüksək ehtiramın və qayğının bariz göstəricisidir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə dil məsələlərinə daim xüsusi diqqət yetirilir və dövlətin dil siyasəti ardıcıl şəkildə həyata keçirilir.

“Prezident İlham Əliyevin müxtəlif tədbir və görüşlərdəki çıxışları zamanı Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə və ümumilikdə milli kimliyimizə xüsusi qayğı ilə yanaşdığı aydın şəkildə müşahidə olunur. Prezidentin rəsmi çıxışları və nitqləri ədəbi dilə sadiqliyin canlı nümunəsi kimi cəmiyyətə təqdim olunur.

Prezident İlham Əliyevin 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ana dilimizin inkişafı baxımından mühüm tarixi sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Bu Fərman dilin normativ müdafiəsini gücləndirməklə yanaşı, müasir dil təhlükəsizliyi anlayışının qurumlaşmış əsaslarını formalaşdırıb. Bu mövqenin bariz ifadəsini Prezident İlham Əliyevin 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə də görmək mümkündür. Dövlət başçısı həmin müsahibədə Azərbaycan dilinə münasibətini açıq və prinsipial şəkildə ifadə etdi”, - deyə o bildirib.

Alim vurğulayıb ki, Prezidentin dil siyasəti dilin, millətin və dövlətin birliyi prinsipi üzərində qurulub: “Bu kontekstdə dil həm kollektiv yaddaşı formalaşdırır, həm milli kimliyi möhkəmləndirir, həm də cəmiyyətdə birliyi təmin edən əsas vasitədir. Məhz bu səbəbdən dövlət başçısı dilin qorunmasını milli təhlükəsizliyin prioritet məsələlərindən biri kimi dəyərləndirir. Müsahibədə diqqətçəkən mühüm məqamlardan biri də tarixi müstəmləkəçilik təcrübəsinə verilən qiymətdir. Prezident bu prosesi yalnız siyasi deyil, eyni zamanda, psixoloji və mədəni təsir kimi dəyərləndirir. Bu baxımdan dilin qorunması milli şüurun və mədəni müqavimətin əsas mexanizmi kimi təqdim olunur.

Prezident beynəlxalq terminologiyanın zəruriliyini qəbul etsə də, əsassız, imitasiya xarakterli alınmaların dilin daxili harmoniyasını pozduğunu açıq şəkildə bildirir. Bu mövqe müasir dil təhlükəsizliyi anlayışı ilə tam uzlaşır. Prezidentin göstərişi ilə xaricdə yaşayan azərbaycanlılar üçün onlayn dil məktəblərinin yaradılması dilin nəsildən-nəslə ötürülməsi və milli bağların qorunması baxımından strateji əhəmiyyət daşıyır”.

A.Məşədiyeva qeyd edib ki, Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi işində Dilçilik İnstitutunun üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu milli məsuliyyəti dərindən dərk edən institutun kollektivi ana dilimizin düzgün və səlis istifadəsinin keşiyində dayanır, onun təbliği, qorunması, zənginləşdirilməsi və yad ünsürlərdən təmizlənməsi istiqamətində ardıcıl elmi araşdırmalar aparır. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin hazırlanması, Toponimika, Monitorinq və linqvistik təhlil şöbələrinin yaradılması və digər tədbirlər ana dilimizin saflığının və inkişafının təmin olunmasına xidmət edən mühüm addımlardır.

“Prezident İlham Əliyevin dil siyasəti rasional və elmi əsaslara söykənir. Azərbaycan dilinin qorunması həm milli kimliyin, həm dövlətçiliyin təməli, həm də gələcək nəsillərin zəmanətidir və bu yanaşma ədəbi dilimizin güclü və rəqabətə davamlı inkişafına şərait yaradır”, - deyə alim fikrini yekunlaşdırıb.

 

Xəbər lenti