Logo

Londonda Altsheymer üzrə tədqiqatlar aparan azərbaycanlı alim: Yaddaş zəifləsə də, insanlıq qalır

15.01.2026 19:21 37 baxış
IMG

Aygün Bədəlova neyropsixoloq və beyin tədqiqatları üzrə gənc alimdir. Hazırda Böyük Britaniyada doktorantura təhsili alan tədqiqatçı Altsheymer və demensiya xəstələri üçün rəqəmsal reabilitasiya müdaxilələri üzərində araşdırmalar aparır. O, elmi yolu, beynəlxalq təcrübəsi, Londondakı tədqiqat və klinik fəaliyyəti, eləcə də sosial təşəbbüsləri barədə AZƏRTAC-a müsahibə verib.

Aygün Bədəlova bildirir ki, elmi fəaliyyəti Azərbaycanda aldığı baza tibbi təhsil və Azərbaycan Milli Elmlər Akademiyasında apardığı tədqiqatlarla başlayıb. Onu neyropsixologiya sahəsinə gətirən əsas motiv beyin fəaliyyətini dərindən anlamaq, psixi və neyroloji pozuntuların davranışa təsir mexanizmlərini araşdırmaq olub.

Uzun və çətin bir yol keçdikdən sonra 2019-cu ildə Böyük Britaniyada “Cognitive Neuroscience and Neuropsychology” ixtisası üzrə magistratura təhsilinə başlayıb. Təhsil müddətində “Royal Free Hospital”da çalışaraq diqqət dağınıqlığı və psixi pozuntuları EEG metodları ilə tədqiq edib. Magistraturanı fərqlənmə ilə bitirdikdən sonra City University, Imperial College London və University College London kimi nüfuzlu universitetlərdən doktorantura dəvətləri alıb və University College Londonu seçib.

Hazırda onun doktorantura tədqiqatı Altsheymer xəstəliyinin canlı beyin üzərində öyrənilməsinə və demensiya üçün rəqəmsal reabilitasiya yanaşmalarına həsr olunub. Alim vurğulayır ki, demensiya sahəsində mütəxəssis və resurs çatışmazlığı rəqəmsal terapiyaları xüsusilə aktual edir.

Aygün Bədəlovanın üzərində çalışdığı “Gotcha!” adlı ad-xatırlatma terapiya tətbiqi erkən mərhələli demensiya xəstələrinin sevdikləri insanların adlarını xatırlamasına kömək edir. 48 pasiyent üzərində aparılan sınaqlar terapiyanın həm davranış, həm də beyin aktivliyi baxımından müsbət təsir göstərdiyini ortaya qoyub.

O, eyni zamanda, Londonda Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında klinik tədqiqatlarla məşğul olur və neyrodegenerativ xəstəlikləri olan pasiyentlərlə birbaşa işləyir.

Azərbaycanın Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən tədqiqatçı kimi bu dəstəyin elmi inkişafında həlledici rol oynadığını deyən alim beynəlxalq konfranslarda Azərbaycanın adını xüsusi vurğuladığını bildirir.

Aygün Bədəlova, həmçinin Azərbaycan Altsheymer Assosiasiyasının təsisçisidir. Assosiasiyanın məqsədi Alzheimer xəstəliyi ilə bağlı cəmiyyəti maarifləndirmək, ailələrə psixoloji dəstək göstərmək və mövcud stereotipləri aradan qaldırmaqdır.

Onun fikrincə, Altsheymer sadəcə yaşlanmanın bir hissəsi deyil, erkən diaqnoz və düzgün dəstək tələb edən ciddi nevroloji xəstəlikdir. Aktiv həyat tərzi, sosial əlaqələr və zehni məşğuliyyət beyin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Gənclərə tövsiyə olaraq alim bildirir ki, elm yolunda səbir və davamlılıq əsasdır. Gələcəkdə isə süni intellekt və rəqəmsal texnologiyalar nevroloji xəstəliklərin erkən diaqnostikası və fərdiləşdirilmiş müalicəsində mühüm rol oynayacaq.

“Yaddaş zəifləyə bilər, amma insanlıq qalır. Ən vacibi empati və anlayışdır”, - deyə Aygün Bədəlova AZƏRTAC oxucularına mesaj verir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Xəbər lenti