YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan xalqının qəhrəmanlıq və mübarizə salnaməsi: 20 Yanvar – Ümumxalq Hüzn Günü” mövzusunda tədbir keçirilib.
Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Ümumi fənlərin tədrisinin təşkili departamentinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi bu qanlı cinayət xalqımızın iradəsini qıra bilməyib, əksinə milli ruhun oyanmasına və azadlıq əzminin daha da güclənməsinə səbəb olub. O, Ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən lider olduğunu, həmin dövrdə keçmiş sovet rəhbərliyinin törətdiyi bu cinayətin beynəlxalq ictimaiyyətə çatdırılmasında misilsiz tarixi xidmətlər göstərdiyini xüsusi vurğulayıb.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə 20 Yanvar faciəsini bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı və qəddar cinayətlərdən biri kimi səciyyələndirib. O, 20 Yanvar hadisələrinin tariximizə təkcə faciə kimi deyil, eyni zamanda xalqımızın yenilməzliyini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini nümayiş etdirən şanlı qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, keçmiş sovet imperiyası ordusunun qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidlərinin göstərdiyi qəhrəmanlıq Azərbaycan gəncləri üçün örnəkdir.
“Humanitar fənlər” kafedrasının dosenti Xədicə Abbaslı 20 Yanvar faciəsini şərtləndirən amillər, onun nəticələri, SSRİ rəhbərliyinin cinayətkar əməllərindən danışıb. Bu hadisələrə əsl hüquqi-siyasi qiymətin verilməsinin məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu nəzərə çatdırıb.
Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.