“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qulluqçularının rəqəmsal savadlılığının və idarəetmədə müasir texnologiyaların tətbiqi üzrə kompetensiyalarının gücləndirilməsi məqsədilə “Dövlət idarəçiliyində rəqəmsal transformasiya” mövzusunda onlayn təlim keçirilib. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
DİA-dan bildirilib ki, təlimin açılışında elm və beynəlxalq əlaqələr üzrə prorektor Elvin Əzizbəyov rəqəmsal dövlət idarəçiliyinin əsas istiqamətləri, dövlət xidmətlərində innovasiya və rəqəmsal həllərin tətbiqi, e-xidmətlər, açıq verilənlər, böyükhəcmli verilənlər “Blockchain” texnologiyaları kimi müasir təşəbbüslər barədə geniş təqdimatla çıxış edib.
Təlimçi, həmçinin internetdən təhlükəsiz istifadə, kibertəhlükəsizlik, sosial mühəndislik, kibergigiyena, zərərli proqramlar və qoruyucu divar kimi aktual mövzular üzrə praktiki tövsiyələr verib.
Təlim çərçivəsində İntellektual sistemlərin idarə olunması kafedrasının dosenti Gülnar Mirzəyeva “Dövlət idarəçiliyində Big Data (Böyükhəcmli verilənlər)”, dosent Hilalə Cəfərova isə “Dövlət idarəçiliyində AI (Süni intellekt)” mövzusunda müasir tendensiyalar, tətbiq sahələri və beynəlxalq təcrübə barədə iştirakçılara məlumat verib.
İştirakçılar rəqəmsal transformasiyanın dövlət idarəçiliyində effektivlik, şəffaflıq və vətəndaş məmnunluğunun artırılmasında oynadığı rolu yüksək qiymətləndiriblər. Proqram Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçularının rəqəmsal kompetensiyalarının gücləndirilməsi istiqamətində növbəti uğurlu təşəbbüs kimi dəyərləndirilib.