Logo

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin açılışı olub

05.12.2025 09:28 24 baxış
IMG

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin açılışı olub.

BDU-dan TƏHSİL.BİZ-ə verilən məlumata görə, düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Quba rayon Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qərbi Azərbaycana qayıdış ideyasının gənclər arasında daha dolğun və məqsədyönlü şəkildə təbliğinin tarixi həqiqətlərin düzgün təqdim edilməsinə, milli kimliyin möhkəmləndirilməsinə və bölgədə baş verən proseslərlə bağlı obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verdiyi bildirilib. Gənclərin bu sahədə dövlətin həyata keçirdiyi siyasətə fəal dəstək göstərməsinin əhəmiyyəti, həmçinin onların təşəbbüskarlığının və ictimai fəallığının artırılmasının qarşıya qoyulan hədəflərin reallaşdırılmasında xüsusi rol oynadığı vurğulanıb.

Quba Olimpiya İdman Kompleksində dekabrın 7-dək davam edəcək gənclər düşərgəsi çərçivəsində mövzu üzrə panel müzakirələr, məlumatlandırıcı sessiya, intellektual oyun və qrup işləri təşkil ediləcək, həmçinin Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən film nümayiş olunacaq.

Layihənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.

Xəbər lenti