Logo

Müəllimlərin hüquqlarının qorunması

07.12.2025 10:49 148 baxış
IMG

Müəllimlərin hüquqlarının qorunması və onların sosial müdafiəsinin gücləndirilməsi müasir təhsil sistemlərinin dayanıqlığının əsas şərtlərindən biri hesab olunur. Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, Azərbaycanda son illər bu istiqamətdə mühüm addımlar atılsa da, həmkarlar təşkilatlarının real təsir gücü və müəllimlərin bu strukturlardan faydalana bilmə səviyyəsi hələ də gözlənilən nəticəni vermir. Onun sözlərinə görə, “müəllimin hüququ yalnız kağız üzərində deyil, praktik mühitdə də qorunmalıdır. Bunun üçün həmkarlar təşkilatlarının institusional gücü artırılmalı, müəllimin sosial müdafiəsi isə qanunla təmin edilmiş real mexanizmlərə söykənməlidir”.

Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 49-cu maddəsində müəllimlərin hüquqları açıq şəkildə göstərilir və orada “təhsil verənlərin sosial müdafiəsi dövlət tərəfindən təmin olunur” müddəası yer alır. Lakin ekspertin sözlərinə görə, qanunvericilikdə verilən bu təminatların icrasında həmkarlar təşkilatlarının rolu hələ də zəifdir. O əlavə edir ki, “Müəllimlərin Həmkarlar İttifaqı uzun illərdir fəaliyyət göstərsə də, müəllimlərin əksəriyyəti bu qurumu öz hüquqlarını müdafiə edən real institut kimi görmür. Bu isə həmkarlar təşkilatlarının işinin yenidən qurulmasını tələb edir”.

Dünya təcrübəsi göstərir ki, güclü həmkarlar təşkilatları müəllim hüquqlarının qorunmasında vacib rol oynayır. Təhsil eksperti Kamran Əsədov sitat gətirir ki, OECD-in 2023-cü il təhsil hesabatında müəllim həmkarlar təşkilatlarının təsir gücü yüksək olan ölkələrdə – Finlandiya, Norveç, Kanada, Yaponiya kimi təhsil sistemlərində müəllimlərin sosial rifahı və peşə məmnunluğu 78–85% intervalında ölçülür. Halbuki bu göstərici Azərbaycanda keçirilən sorğularda 52–56% arasında dəyişir. Ekspert bildirir ki, bu fərq həmkarların institut kimi gücündən birbaşa asılıdır.

Finlandiyada müəllimlərin 95%-i həmkarlar ittifaqlarının üzvüdür və bu ittifaqlar müəllim maaşlarının artırılması, iş yükünün tənzimlənməsi, etik pozuntularla bağlı müdafiə mexanizmləri və sığorta sistemlərinin təşkilində birbaşa iştirak edir. ABŞ-da isə Milli Təhsil Assosiasiyası 3 milyondan çox müəllimi təmsil edir və hər il dövlət büdcəsində təhsilə ayrılan vəsaitlə bağlı Konqresə təkliflər təqdim edir. İtaliyada müəllim həmkarları qanunla kollektiv müqavilə hüququna malikdir və məktəblərdə iş şəraitinə dair qərarlar birbaşa onların iştirakı ilə verilir. Bu təcrübələr onu göstərir ki, güclü həmkarlar müəllimin yalnız sosial müdafiəsini deyil, həm də keyfiyyətli tədris mühitini təmin edir.

Təhsil eksperti Kamran Əsədov qanunvericiliyə uyğun olaraq qeyd edir ki, Azərbaycan qanunlarında həmkarlar təşkilatlarının fəaliyyəti hüquqi baxımdan məhdudlaşdırılmır. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu müəllimlərə həmkarlar təşkilatlarında sərbəst birləşmək hüququ verir. Lakin ekspert deyir ki, “real vəziyyətdə müəllimlərin yalnız təxminən 40%-i həmkarlar təşkilatlarının aktiv fəaliyyətindən xəbərdardır, 25-28%-i isə bu təşkilatların onların problemlərinin həllinə real təsir etdiyinə inanır”. Onun fikrincə, bu göstəricilər post-sovet məkanında ortalama səviyyədir, lakin inkişaf etmiş ölkələrin standartlarından çox geri qalır.

Kamran Əsədov bildirir ki, Azərbaycanda müəllimlərin sosial müdafiəsi ilə bağlı əsas problemlərdən biri əmək münasibətləri, normativ iş yükü, həddindən artıq sənədləşmə, məktəblərdə psixoloji təzyiq halları və direktorlarla konflikt məsələlərində müəllimlərin müdafiəsiz qalmasıdır. O qeyd edir ki, “əgər müəllim direktorun əsassız iradı ilə üzləşirsə və ya dərs yükü kəsilirsə, bu zaman onun arxasında peşəkar həmkarlar təşkilatı dayanmalıdır. Əks halda müəllim özünü tək hiss edir və bu, həm tədris keyfiyyətinə, həm də psixoloji sağlamlığa mənfi təsir göstərir”.

Ekspert əlavə edir ki, dünya təcrübəsində müəllim həmkarları yalnız əməkhaqqı məsələlərini deyil, eyni zamanda pedaqoji etik pozuntular, məktəblərdə mobbinq, şagird-valideyn təzyiqləri, hətta sosial sığorta məsələlərində də müəllimin hüquqlarını qoruyur. Məsələn, İngiltərədə müəllimlərin hüquqlarının pozulması ilə bağlı şikayətlərin 68%-i həmkarlar təşkilatları vasitəsilə həll edilir. Azərbaycanda isə bu göstərici 12–14% civarındadır ki, bu da strukturun zəif fəaliyyətini göstərir.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, Azərbaycanda həmkarların effektiv işləməsi üçün üç əsas istiqamət gücləndirilməlidir: müstəqil institut kimi gücləndirilməsi, hüquqi müdafiə mexanizmlərinin genişləndirilməsi və müəllimlərin maarifləndirilməsi. Onun fikrincə, müəllim bilməlidir ki, hər hansı hüquq pozuntusu baş verərsə, həmkarlar təşkilatı qanunvericilik çərçivəsində onun yanında olacaq. Bu isə həm iş mühitində psixoloji rahatlıq yaradır, həm də müəllimin öz peşəsinə bağlılığını artırır.

Ekspert yekun olaraq qeyd edir ki, müəllim hüquqlarının daha güclü şəkildə qorunduğu ölkələrdə təhsilin keyfiyyəti də ölçülə bilən şəkildə yüksək olur. PISA nəticələrinin təhlili göstərir ki, müəllim hüquqlarının müdafiə mexanizmləri inkişaf etmiş ölkələrdə şagird nəticələri orta hesabla 12–18% daha yüksəkdir. Bu həmkarlar təşkilatlarının təhsilə dolayı, lakin çox mühüm təsirinin real göstəricisidir.

Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, müəllimin hüququ qorunan yerdə təhsil sistemi inkişaf edir. Azərbaycanda da bu modelin tətbiqi üçün hüquqi baza mövcuddur. İndi əsas vəzifə həmkarlar təşkilatlarını gücləndirmək, müəllimləri maarifləndirmək və bu sahədə beynəlxalq təcrübəni daha fəal şəkildə tətbiq etməkdir.

 

Bəhman Hüseynli

Xəbər lenti