Logo

Xırman yeri- Mahirə Nağıqızı

22.08.2025 12:08 43 baxış
IMG

 

Aşağıdan üzüyuxarı evə tərəf qalxanda evimiz solda qalırdı. Yuxarıda düz evimizin yanında xırman deyilən böyük meydan vardı. Bura nədənsə xırman deyilirdi. Mənasını başa düşmürdüm. Bir gün  Zeynəb nənədən soruşdum:
-Zeynəb nənə, xırman nədir? Niyə bura xırman deyirlər?
Zeynəb nənə dünya görmüş yaşlı qadın idi. Aramla,  asta -asta sözə başladı:
Qızım, texnika olamamışdan əvvəl kənd adamları çöllərdə əkdiyi taxılı biçər, gətirib bura yığar, sonra da döyərdilər ki, buğda qabığından çıxsın, təmiz olsun. Sonra sovruq atardılar, yəni həmin döyülmüş taxılı göyə-üzüyuxarı atar, külək dəni arıdar, yerə təmiz şüş buğdalar tökülərdi. Buğdanı dəyirmana aparıb üyüdər, gətirib muxrulara yığar, ilboyu ailəni ac qalmağa qoymazdılar.  Bax o taxılın döyülən -təmizlənən yerinə xırman deyirlər, bala. Mən fikrə dalmışdım, Zeynəb nənə davam edirdi, sinəsi dolu idi. Bilirsən, nələrə şahiddir bu xırman yeri?
- Yox, Zeynəb nənə, yox! Danışsan bilərəm. 
- Sən hələ balacasan, böyüyəndə özün biləcəksən.
- Zeynəb nənə, sən yorulma hansı kitabda yazılıb? Özüm kitabı tapıb oxuyaram.
- Burda yazılıb, bala, bax burda- deyə sinəsini göstərdi. Bir söz demədim. Heç söz tapmadım danışam, çünki Zeynəb nənə çox dolmuşdu, az qala ağlayacaqdı. 
- Yaxşı dur gedək evə Zeynəb nənə, dur. Sən get, mən bir az tək qalım, gələcəyəm, get.    

Getməyinə getdim evə, yerimə də uzandım, amma Zeynəb nənəni düşünərək heç yatmadım da...  Səhər yeməyini eyvanda yeyərdik. Əlbəttə, yay aylarında. Yenə süfrəyə əyləşdik. Anam ayaq üstə idi, mən yavaş- yavaş Zeynəb nənənin yanına çəkildim. Anam o saat: qızım, qoy nənə rahat yeməyini yesin. Başımı aşağı saldım, dinmədim. Zeynəb nənə də yeməyini tez bitirdi və: gəl görüm, billikan!- dedi. Anlamadım. (Sonralar anam izah etdi ki, billikan yaşından çox bilən uşaqlara deyərlər) Zeynəb nənə güldü: elə mənim nənəm də mənə: billikan!- deyərdi.  Xırmanın üç tərəfi növbənöv cəviz ağacları ilə sanki hasarlanmışdı. Üstü hamar iri bir daşın üstündə əyləşdi Zeynəb nənə. Mənə də: otur! -dedi. Bir daş gətirdim, Zeynəb nənə ilə üz-üzə oturdum. O susurdu, mənsə həyəcanla onu gözləyirdim. Hər dəqiqə mənə bir gün kimi gəlirdi. Dolmuşdu Zeynəb nənə. İkimiz də susurduq, ağır-ağır nəfəs alırdı Zeynəb nənə...
Xeyli ötdü. O aram-aram sözə başladı:
-Bilirsən, Səidə olan-keçəni bilməyiniz vacibdir. Biz bu dünyanı tutub duran deyilik ki ?! Siz də bizdən sonra gələnlərə- nəvə- nəticələrimizə bu elin-obanın başına gələnləri danışın, amma ehtiyatlı olun. Qonşularımız üzümüzə gülən düşmənlərimizdir. Xammədlə ( Xanməmməd) iki il idi ki evlənmişdik, bir oğul övladımız da dünyaya gəlmişdi. Nizamini deyirəm. Təzə-təzə ayaq tutub yeriyirdi. Soyuq payız günlərindən biri idi, yox yaxşı yadımdadı noyabrın son günlərindən birində alaçalpo qar da düşdüyü günlərin birində Xammədlə yaxınlıq edən Akop gəldi. Çox üzgünlükə kəkələyə-kəkələyə: Xamməmd, Zeynəb bacı, ağır xəbərdi, amma deməliyəm dedi. Biz təəccüblə yaxına gəldik. Xamməd:  Akop sözlü adama oxşayırsan -dedi.
Hə vallah bunu dedim sizə çatdırım, nə qədər olmasa duz- çörək kəsmişik.
- Lap ölüb qurtardım , de görüm nə olub, Akop?
- Öz qulaqlarımla eşitdim ki, bizimkilər yenə qan çanağına dönüb. Sizi öldürəcəklər, qaçın canınızı, bu uşağı qurtarın!
- Biz nə günahın sahibiyik, nə etmişik axı?! Nə deyirlər, necə deyirlər?!
- Deyirlər bu torpaqlar bizimdir, burda da erməni yaşaya bilər...
- Yox, Akop ölənlərimizin goruna and olsun ki, babam deyirdi ki, mənim ulu babam bax, o dağın döşündə dəfn oluub, ziyarətə gedərdi. 
- Nə bilim vallah Eçmiədzindən də xəbər var. Getsəniz yaxşıdır. Əlimdən bu gəlir, istəmirəm qırğına düşəsiniz...

Akop getdi. Ürəyimizi dərd aldı, özü də necə aldı! Xamməd ağır sükutu pozdu:
- Hara gedək? Necə gedək? Gorgahımızı necə qoyub gedək?!
- Hara getsək də, yenə qayıdacağıq. Tubu nənəm deyirdi ki, bilmirəm neçə ildən bir bunlar belə qana susayırlar. Sən də bilirsən ki, bunlar çox qorxaq adamlardır. Bunları ortaya salan, qızışdıranlar var.
- Zeynəb, sən qapının cəftəsini vur. Çıxım bir xəbər bilim. Xammədin gedib gəlməyi bir oldu.
- Hə, sən yır-yığış elə. Xəbərlər heç də yaxşı deyil. Sarıburunda saqqallılar silah-sursatla yolu bağlayıblar, sağ adam buraxmayacaqlar. Əlişlə danışdım, gecə ikən sizi Məhinin aşırımından keçirək, gedin. Arvad-uşağın burda olması düz olmaz.  Babam Mirzəli deyərdi ki, o vaxtlar da başımıza bu iş gələndə Məhinin aşırımında aşıb Küküyə getdik. İllər keçdi, ara sakitləşdi biz qayıtdıq... indilikdə çarəmiz getməkdi. Tez olun, qonşu qadın, uşaqlar da çıxır. 
- Bəs sən?
- Məni düşünmə, kişilər qalır. Yolu bilən ağsaqqallar sizi aparacaq.
- Yox, mən sənsiz gedə bilmərəm, Xamməd!
- Zeynəb , əgər məni istəyirsənsə tələs! Vəssalam! Xamməd iti addımlarla evdən çıxdı.
Mən Nizamini kürəyimə şəlləyib, isti paltarları yığdığım boxçanı götürdüm, dönüb doyunca yaşamadığım evimə baxdım...

Nə qədər getdik, bilmədim. Sanki mən deyildim gedən. Bu nə oyundur, İlahi?! Sənin bunlardan -bu murdar ermənilərdən xəbərin varmı?! Artıq alatoranlıq idi, gözümüz də ayağımızın altını görmürdü. Arxada qoyub gəldiyimiz Ələyəz kəndinin itləri ulaşır, kürəyimizə şəllədiyimiz uşaqlarsa acından-suzundan çığırır, qadınların bir hissəsi ah- nalə edir, bir hissəsi hikkəsindən susub inadla irəliləyirdi. Neçə saat yol getdik bilmirəm, amma bu zaman mənə ildən də uzun gəlirdi. Artıq dağın başına çatırdıq. İrəlidə gedən Abbas əminin ayağının altından daş qaçdı. Qorxu yaratmasın deyə cınqırını da çıxarmadı. Yıxılmışdı. Qalxa bilmirdi. Qalxmadı da...
Abbas əmini qadınlar dəfn etdilər qan-yaş içində... Yolumuza davam etməli idik. Təhlükə bizi haqlaya bilərdi. Heç kəs dayanmaq fikrində deyildi, yorulsalar belə... Biz gedirdik... artıq soyuq iliklərimizə işləyirdi... bizsə irəliləyirdik!

Aşırımın o üzündən işıqlar görünməyə başlayanda, qadınlar hündür səslə şivən qoparırmış kimi ağladılar. Amma kükülülər bizi qarşılamaq üçün xeyli yol gəlmişdilər. Səhərüzü bizi evlərə bölüşüb apardılar. Səidə, kənd camaatı başımıza dolanırdı, hörmət edirdi. Di gəl ki, biz qərib idik.
- Zeynəb nənə, bəs Xamməd?! Xamməddən xəbər tuta bildinmi?!
O, yenə susdu. Dillənmədi. Dediyim sözə, soruşduğum sorğuya peşman oldum! Zeynəb nənənin gözündən muncuq-muncuq yaşlar süzüldü.
- Bilirsən, Səidə, Xammədi iki gün sonra öldürdülər, bu xırmanda başını kəsdilər.
- Bəs, bəs necə bildiniz?
Ovçu Babacan dağlarla sürünə-sürünə gəlir ki, kənddən bir xəbər bilsin. Ovçu idi, bəndi-bərəni yaxşı tanıyırdı. Meşədə gizlənir ki, axşam düşsün. Hə, axşam düşür, Babacan  bu xırman yerinə gəlir və öz gözlərilə Xammədin bədəndən ayrılmış başını görür. Gecə ilə cəsədi sürüyüb meşəyə aparır, elə orada da dəfn edir. Tez meşədən çıxır və izi itirərək, dağlardan aşıb Şahbuza gəlir. O, çox cavan olmasa da qıs-qıvraq adam idi.   Ömrü ovçuluqla keçmişdi. Mən illərlə əziyyətlər çəkdim, Nizamini böyütdüm. Bir müddət keçdi, ömrə bərabər müddət... amma biz qayıtdıq. Oturduğumuz bu xırmanda kəsilən başların naləsi hələ bitməyib, vallah bitməyib!
Bax bu Cəvizli dərədən aşağı   gurhagur axan Arpaçay da buna şahiddir... Salsal qalası da... deyəsən Zeynəb nənəni çox yormuşdum.
-Zeynəb nənə, gedək dedim. Gedək, bir az dincəl. Çox yoruldun.
-Yox, Səidə, ürəyim boşaldı. Bir az rahatlıq tapdım, bala!  

Bu söhbətimizdən uzun bir zaman da keçmədi, Zeynəb nənə xəstələnib yorğan-döşəyə düşdü. Yeməkdən də kəsilmişdi. Ara sıra bayatılar deyər, ölənlərimizi ediləyərdi. Keçən keçmişdən asta səslə söz açardı. Zeynəb nənə cəmi 10-15 gündən sonra dünyasını dəyişdi. Amma “məni Xammədin yanında dəfn edin”  demədi. Nəinki bu dünyada heç o dünyada da bərabər olmaq qismət olmadı, çünki Xammədin məzar yeri məlum deyildi.
Zeynəb nənənin ilini yenicə vermişdilər. Orta məktəbdə birgə oxuduğum qonşu Eyvazın anası anama elçilik etmişdi. Əslində Yastıbulağa gedəndə Eyvaz özü də mənə nəyi isə andırmışdı. Evdə xeyir işin əhval-ruhiyyəsi duyulmaqda  idi, hazırlıqlar gedirdi. Anam da hərdən: hələ harasıdır, qara-qara zurnalar da daldadır-deyirdi. Bunun “Hə” si var, çörəküstüsü, parçabiçdisi, xınayaxdısı var. Adımıza layiq işlər olmalıdır. Hacısam  tayfasında dingilim işlər olmayıb! Ağr, ağayana toy etməliyik!

Atanla sabah rayon mərkəzinə gedim, yorğan -döşəyə üzlük alım, astarlıq alım, cehizləri də ortaya yaxşı çıxaraq. Elə də oldu. Səhərisi gün mən də həsrətlə onların yolunu gözləyirdim ki, gözləmədiyimiz hadisələr baş verdi. Qan-tər içində içəri girən anam su istədi. Atam qaşqabaqlı həyətdə var-gəl edirdi. Toyum olduğu üçün utandım sanki... nə olub bunlara?! Nəhayət, anam nəfəsi kəsilə-kəsilə: vəziyyət çox pisdir-dedi. Yenə qudurublar. “Quduran qırx gün yaşar”  deyiblər bunlar yüz illərdi belədi axı?! Toy evi iki günlük susqunluqdan sonra yenə dağlara üz tutdu...
Zeynəb nənənin dediyi kimi qarlı-buzlu, uçurumlu dağ yolları ilə gedirdik, amma naməlum istiqamətə. Hərdən kənddən gələn atışma səsləri kiminsə öldüyündən xəbər verirdi. Çiynində körpələr üçün daşıdığı döşəyin ağappaq əlçim yunlarını çəkib döşəyin işindən çıxarır, tullayırdı anam. Dağ yamaclarını çıxmaq çətin idi,  o ki, ola ağır döşək daşıyasan. Handa bir qadın bu işin öhdəsindən gələ bilərdi...  
Eyvaz da, atası da kəndi qoruyurdular. Kənddəki kişilər kənddə qalmışdı, nisbətən yaşlı Rəsul dayı qız- gəlini aparırdı. Bir uçrumun kənarında Rəsul dayı çökdü. Dedi ki, yaman yerdə axşamladıq, çarəsizik, amma keçməliyik buranı...

Elə həmin yerdə Eyvazın anası və iki gəlin dərənin dibinə yuvarlandı. Yenə dayanmadıq, dayana bilməzdik də. Ermənilər izimizə düşsə dəhşət olacaqdı. Sabahı gün günortaya yaxın bizi Kolanı kəndinə apardılar. Kişilərdən çoxunu öldürmüşdülər, qalanları əsir götürmüş və bir müddət sonra öz adamları ilə dəyişmişdilər. İllər gəldi getdi, mən ailə qurmadım, qura bilmədim. Eyvazdan da xəbər tutmadım, yəni heç xəbər də çıxmadı ki... hə Vətəndə Vətənsizəm, bala! Heç gümanım da ölməyib, nənələrimiz-babalarımız kimi qayıdarıq yurdumuza!
Həmin günü görsəydim ölməzdim, bala! Doğulduğum evin həyətinə girən kimi torpağı öpəcəyəm, dünyam ordadır! Hə, özüm -cismim burdadır!

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış şair, publisist, filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağı qızı Hüseynova

 

Xəbər lenti