Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təlim-təsərrüfat sahəsindən növbəti məhsul əldə edilib. "Arıçı" ixtisası üzrə mühəndis-pedoqoji heyət və tələbələr bal kəsiblər.
Mərkəzin direktoru Qalib Nəbiyev TƏHSİL.BİZ -ə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsinin 15-ə yaxın arı ailəsi var. Onlara “Arıçı" ixtisasının mühəndis-pedoqoji heyəti və tələbələri qulluq edir: “2023\24-cü tədris ilindən məhsul əldə etməyə başlamışıq. Arı ailələri mövsümdən asılı olaraq Qəbələnin müxtəlif yerlərinə köçürülür, ildə 2 dəfə bal götürülür. Ballarımız mərkəz adından etiketlənib satış üçün hazırlanır”.
Mərkəz direktoru bildirib ki, bal istehsalını hər il artırırlar: “Ötən il 30-50 kq məhsul götürmüşüksə, builki balımız 100-120 kq olub”.
Q.Nəbiyevin sözlərinə görə, mərkəzin balı daha çox sərgi və festivallarda sərgilənir: “Artıq mərhələli satışına da başlamışıq. Lakin hələlik kütləvi istehsal və satışını reallaşdırmamışıq”.