Logo

Uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna başlanılıb

18.07.2025 12:01 37 baxış
IMG

İyulun 18-dən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 25-dən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv olacaq.

Qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 (beş) gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 7 (yeddi) gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Məlumat üçün bildiririk ki, valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər.

Qeyd edək ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbələr və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbələr və sorğular bu il üçün keçərli deyil.

Xəbər lenti