Logo

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22.07.2025 14:34 53 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elektron elmin inkişaf istiqamətləri və "Elektron Akademiya" şöbəsinin vəzifələrinə həsr olunmuş tədbir keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, iclası açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu gün süni intellektin, rəqəmsal texnologiyaların cəmiyyətimizin ən müxtəlif sahələrinə sirayət etdiyini və onların tətbiqinin gündən-günə genişləndiyini bildirib. Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal inkişaf məsələlərinə xüsusi önəm verdiyini deyən akademik İsa Həbibbəyli dövlət başçısı tərəfindən bu istiqamətdə ardıcıl olaraq “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb. Həmçinin ölkə başçısının “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanının dövlətimizin elektronlaşma işinə verdiyi önəmin məntiqi davamı olduğunu söyləyib.

O, çıxışında AMEA-da son 2 il ərzində elektron xidmətlər sahəsində aparılan işlər, jurnalların elektronlaşdırılması, məqalələrə DOİ identifikatorunun verilməsi, milli DərgiPark bazasının yaradılması, Akademiyanın elmi müəssisə və təşkilatlarında süni intellekt və rəqəmsallaşma ilə bağlı görülən işləri diqqətə çatdırıb.

Sonra riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov "Elektron Akademiya" şöbəsinin mövcud durumu və inkişaf perspektivləri haqqında məruzə edib.

Tədbirdə texnika elmləri üzrə fəlsəfə doktoru Həsən Nağıyev AMEA İnsan Resursları və Elmmetrik Məlumatlar Bazasının (İREMB) yenilikləri və inkişaf istiqamətlərini təqdim edib. AMEA Rəyasət Heyətinin "Elektron Akademiya" şöbəsinin baş mütəxəssisi Aygün Əliyeva isə beynəlxalq reytinqlərdə yüksək nəticələrin əldə edilməsi strategiyaları barədə məlumat verib.

Xəbər lenti