Logo

Akademik İsa Həbibbəyli: AMEA-da Litvanın elm-tədqiqat müəssisələri ilə əlaqələr qurulması üçün geniş imkanlar mövcuddur

22.07.2025 17:12 50 baxış
IMG

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Litva Respublikasının ölkəmizdəki səfiri Kestutis Vaşkeleviçus ilə görüşüb.

AMEA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli iki ölkə arasında mövcud siyasi, iqtisadi əlaqələrdən danışıb. Son illərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını deyən akademik İsa Həbibbəyli yaradılan bu geniş imkanların elm sahəsində də əlaqələrin inkişaf etdirilməsinə meydan açdığını söyləyib.

Azərbaycanda elm sahəsində həyata keçirilən islahatlardan danışan AMEA rəhbəri bu gün Milli Elmlər Akademiyasında humanitar və ictimai elmləri əhatə edən beynəlxalq səviyyəli müştərək tədqiqatlar aparıldığını, bu istiqamətdə başda Litva Elmlər Akademiyası olmaqla, Litvanın elm-tədqiqat və ali təhsil müəssisələri ilə əlaqələrin qurulması üçün geniş imkanların mövcud olduğunu bildirib.

Akademik İsa Həbibbəyli AMEA-nın bir sıra elmi müəssisələrinin Litva Elmlər Akademiyasının müvafiq qurumları ilə əməkdaşlıq etdiyini, bununla belə iki Akademiya arasında əməkdaşlıq memorandumunun imzalanmasının perspektivli olacağını vurğulayıb.

Səfir Litva Elmlər Akademiyası prezidentinin salamlarını çatdıraraq onun akademik İsa Həbibbəylini Litvaya səfərə dəvət etdiyini söyləyib. Litva EA ilə AMEA arasında birbaşa əməkdaşlığın qurulmasında maraqlı olduqlarını deyib, bunun üçün zəruri dəstəyi verəcəyini vurğulayıb. O, birgə elmi layihələrin, alimlərin mübadiləsinin və ortaq tədbirlərin təşkili ilə bağlı təkliflər irəli sürüb.

İki ölkənin elmlər akademiyaları arasında əməkdaşlıq memorandumunun hazırlanması və bir sıra birgə tədbirlərin təşkil edilməsi barədə razılığa gəlinib.

Xəbər lenti