Logo

Daha 5 universitetdə SABAH qrupları yaradılacaq

01.09.2025 12:28 37 baxış
IMG

Ali təhsil sistemində əmək bazarının günü-gündən sürətlə dəyişən tələblərinə uyğunlaşmaq, eyni zamanda rəqabətəadavamlı ali təhsil sisteminin formalaşdırılması bu sahədə XXI əsr tələblərinə uyğun mütəxəssislərin hazırlanmasını zəruri edir.

TƏHSİL.BİZ  xəbər verir ki, bu baxımdan ali təhsil sahəsində uğurla həyata keçirilən SABAH layihəsinin əhatəliliyinin genişləndirilməsi də universitet təhsilində əlçatanlığın təmin olunmasına mühüm töhfə verir.

Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşməsi məqsədilə ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların əhatə dairəsinin və keyfiyyətinin artırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu baxımdan ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldub. Hazırda SABAH qrupları 10 ali təhsil müəssisəsini əhatə edir. SABAH qrupları Qarabağ Universitetində, Naxçıvan Dövlət Universitetində və Sumqayıt Dövlət Universitetində də açılıb. Eyni zamanda bu il ilk dəfə olaraq ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan İdman Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti və Xəzər Universitetinin də SABAH proqramlarında iştirakı nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” müvafiq Sərəncamına əsasən, SABAH proqramının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Beləliklə də ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur və bu proqramının əhatə dairəsi 2025-2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək.

Bundan əlavə, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarına uyğun olaraq, “Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər” təsdiqlənib. Tələblər SABAH qruplarının cəlbediciliyini artırmaqla yanaşı, universitetlərimizin müasirləşməsi, beynəlxalq görünürlülüyünün daha da yaxşılaşmasına töhfə verəcək.

Xəbər lenti