Logo

Mahirə Nağıqızı: Ana dilim

01.08.2025 10:14 88 baxış
IMG

1 Avqust Azərbaycan əlifbası və Ana dili günümüzdə tanınmış dilçi-şairəmiz Mahirə Nağıqızının (Hüseynova) ana dilimizin möhtəşəmliyini, qədimliyini əks etdirən "Ana dilim" şeiri ilə ruhumuza ruh qataq;

Ana dilim

Bu dünyanın yaşı qədər tarixin var,

Sonu qədər, başı qədər tarixin var.

Dağı qədər, daşı qədər tarixin var,

Ha baş vursam bitməz qatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim!

 

Orxonlardan üzü bəri yazın qalıb,

Altaylardan Balkanlara izin qalıb.

Çox dillərdə rəddin qalıb, izin qalıb,

Qurdnan görər qiyamatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim!

 

Ucsuz Qıpçaq çöllərindən havalandın,

Qədim Oğuz ellərindən havalandın,

Qopuzumun tellərindən havalandın,

Sənlə atdım qaramatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim!

 

Yurd yaratdın, xalqıma ev-eşik oldun,

Laylalarla ruhumuza beşik oldun.

Dünyamızın sərhədinə keşik oldun,

Millət etdin el-elatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim!

 

Nizaminin hikmətini sən yaratdın,

Nəsiminin qüdrətini sən yaratdın,

Füzilinin fitrətini sən yaratdın,

Hikmət dolu söz büsatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim!

 

Yasaların kəmfürsətə ox olacaq,

Yadlar səndə əriyəcək, yox olacaq.

“Azərbaycan”, “Heydər baba” çox olacaq,

Onlar övlad hesabatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim!

 

Sən şahidsən, kimlər gəldi, kimlər getdi,

Oğlun-qızın haya çatdı, dada yetdi.

Bələdçisi Həsən Mirzə səni etdi,

Mahirənin kainatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim!

Xəbər lenti