2025-ci ilin birinci yarısında informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq, mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi, NLP və kibertəhlükəsizlik, Industry 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi, kiberfiziki sistemlərin kompleks təhlükəsizliyi, kibertəhdidlərin analizi, proses analitikası problemləri ilə bağlı tədqiqatlar aparılıb.
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, bunu Elmi şuranın iclasında baş elmi işçi dosent Ramiz Şıxəliyev müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi üzrə tədqiqatlar aparan şöbənin cari il üçün yarımillik hesabatına dair məruzəsində söyləyib.
Məruzəçi əvvəlcə “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün model və metodların işlənilməsi” mövzusu üzrə aparılmış tədqiqatlardan söz açıb. Qeyd edib ki, mövzu üzrə kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin süni immun mexanizmi əsasında monitorinqi modelinin işlənilməsi, o cümlədən kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqinin effektivliyinin intellektual qərar qəbuletmə əsasında artırılması istiqamətində araşdırmalar aparılıb.
Dosent R.Şıxəliyev “Bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” və “Kiberfiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə aparılan tədqiqatları diqqətə çatdırıb, əldə olunan elmi-nəzəri nəticələrdən bəhs edib. Həmçinin qeyd edib ki, yarımillik dövrdə internet mühitində kompüter insidentlərinin intellektual analizi, o cümlədən informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi, zərərli proqram təminatının aşkarlanması, pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması, sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, mətnlərdə kibertəhlükələrin aşkarlanması, kibertəhlükəsizlik insidentlərinin aşkarlanması və analizi üçün kiberkriminalistik metod və alqoritmlərin işlənməsi kimi aktual mövzular tədqiq olunub, əldə olunmuş nəticələr nüfuzlu elmi jurnallara təqdim olunub.
R.Şıxəliyev 2025-ci ilin birinci yarısında “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə 19 məqalənin təqdim edildiyini söyləyib.
Beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlərdən söz açan məruzəçi cari ildə GEANT Assosiasiyası, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Digital” proqramı üzrə “EaPConnect” layihəsi və “Horizon Europe” Araşdırma və İnnovasiya Proqramı, o cümlədən Böyük Britaniyanın Brayton şəhərində keçirilən TNC25 konfransı (Terena Şəbəkə Konfransı) çərçivəsində əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Həmçinin Polşa, Şimali Makedoniya, Türkiyə və Pakistanın elmi-tədqiqat qurumları ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində tədbirlər görüldüyünü diqqətə çatdırıb.
O, əməkdaşların elmi-praktik və innovasiya, elmi-ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyəti, Azərbaycan Elm Fondu və Azərbaycan Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi qrantlarda iştirakı, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlər haqqında da məlumat verib.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, şöbənin rəhbəri akademik Rasim Əliquliyev hesabatla bağlı fikirlərini bölüşüb. Alim qeyd edib ki, şöbədə aparılan tədqiqatlar müasir elmi çağırışlara cavab verir və həm nəzəri, həm də tətbiqi baxımdan böyük aktuallıq kəsb edir. Akademik R.Əliquliyev həmçinin gənc tədqiqatçılara elmi fəaliyyətin daha da gücləndirilməsinə, aparılmış araşdırmaların elmi-nəzəri nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanmasına dair tövsiyələr verib.
Elmi şuranın qərarı ilə şöbənin yarımillik hesabatı qənaətbəxş hesab olunub.