Logo

Peşə Təhsil Mərkəzinin məhsulu şərab istehsalında istifadə edilə bilər

02.09.2025 16:08 63 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Üzümçülük və şərab ustası” ixtisası üzrə oxuyan tələbələrinin təlim-təcrübə sahəsindən götürdüyü 300 kiloqramdan artıq məhsulu işçilərinə paylayıb.

Bu barədə TƏHSİL.BİZ -ə Peşə Təhsili Mərkəzinin direktoru Qalib Nəbiyev məlumat verib. 

Onun sözlərinə görə, müəssisənin əsasən aztəminatlı sayılan əməkdaşları ilə yanaşı, bütün texniki və mühəndis-pedaqoji heyəti bu sosial addımdan faydalanıb: “Ölkəyə nümunə ola biləcək bir layihə olduğunu düşünürəm. Türkiyə və Avstriyada olarkən bu yanaşmanın şahidi olurduq. Biz də 2 ildir ki, üzümçülük təlim-təcrübə sahəsindən məhsul əldə edirik. Həmin məhsulu aztəminatlı əməkdaşlarımıza paylayırıq və bu, onlarda məmnuniyyət yaradır. Belə addımlar işçi üçün motivasiya, dəstəkdir. Hesab edirik ki, işçi məmnuniyyəti vacib amildir”.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin üzümçülük təlim-təcrübə sahəsindən ötən ildən başlayaraq məhsul əldə edilir: “Ötən il 50 kiloqram üzüm əldə etmişdiksə, bu il 300 kiloqramdan artıq məhsul əldə etdik”.

Təcrübə sahəsi “Savalan” şərabçılıq zavodu ilə əməkdaşlıq çərçivəsində qurulub və onun yaradılması təcrübəsi özü də ölkədə nümunə ola biləcək qəbildəndir: “Tərəfdaşımız “Savalan” şərab zavodu ilə bağladığımız müqaviləyə əsasən, tələbələrimiz həm zavodun bizim üçün ayırdığı 2 hektar sahədə istehsalat təcrübəsi keçir, həm də dual proqramı birlikdə icra edirik”.

Ancaq bu əməkdaşlıq müəyyən çətinliklər də yaradıb. Belə ki, müəssisənin tələbələri istehsalat təcrübəsinə, yaxud təlimlərə gedəndə 30 kilometrdən çox məsafə qət etməli olurdu ki, bu da əlavə narahatlıqlara səbəb olurdu. Qalib Nəbiyevin sözlərinə görə, özlərinin üzüm təsərrüfatını yaratmağın məsafədən doğan çətinliyi aradan qaldırma istəyi ilə yanaşı, stimullaşdırıcı səbəbləri də olub: “Ayrılan həmin 2 hektar əraziyə aqrotexniki qulluğu tələbələrimiz edir, yığılan üzümün 70 faizi bizim olurdu. Həmin üzümü də şərab zavoduna veririk. Zavodun dəstəyi ilə öz təsərrüfat sahəmizi yaratdıq və həmin sahəni inkişaf etdirmək bizim üçün çətin olmadı”.

Q.Nəbiyevin fikrincə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq “Savalan” şərab zavodu üçün də korporotiv sosial məsuliyyət yaradıb: “Onlara Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bu istiqamətdə ehtiyaclarının çox olduğu, tələbələrimizin çətinlikləri barədə məlumat verdik. Yarım hektar daşlı-kəsəkli, yararsız torpaq sahəmiz vardı. Ərazini abadlaşdırdıq, kanallar çəkdik, aqrotexniki qaydalara uyğun, damcı üsulu ilə olmaqla su xətti çəkdik. Öz gücümüzlə həmin ərazini təmizlədikdən sonra müəssisə bizə 1200-ə yaxın Fransadan gələn üzüm sortları verdi və beləliklə, üzümçülük sahəsi yaratdıq. İndi həmin ərazi öz yaşıllığı ilə uzaqdan seçilir. Bu sahəni sırf əməkdaşlıq şəraitində inkişaf etdirdik və bunun üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən bir manat da vəsait xərclənmədi”. 

Q.Nəbiyev əlavə edib ki, təlim-təcrübə sahəsində üzüm sortları çox deyil: “Məhsuldarlığımız artandan sonra üzümü şərab istehsalına verəcəyik”.

Xəbər lenti