Logo

BMU-İNHA İDP-yə bu il qəbul olan tələbələrlə görüş keçirilib

10.09.2025 16:57 36 baxış
IMG

Bakı Mühəndislik Universiteti və Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2025/2026-cı tədris ili üzrə qəbul olmuş tələbələr və onların valideynləri ilə görüş təşkil edilib.

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, görüşdə çıxış edən İDP üzrə layihə direktoru Yang Hyunjin proqramı qazanan tələbələrə səmimi təbriklərini çatdırıb. Bildirib ki, bu il İDP-yə qəbulda güclü rəqabət olub və proqramı yüksəkballı abituriyentlər qazanıb. Proqramın üstünlüklərindən danışan Yang Hyunjin tələbələrin məzun olduqdan sonra uğurlu karyera qurmaq şanslarını önə çəkib. O, gənclər arasında texnoloji ixtisaslara marağın artdığını müsbət qiymətləndirib,  məhz bu proqramın da onların inkişafına, yüksəkixtisaslı kadr kimi hazırlanmasına xidmət etdiyini deyib.

BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli  də tələbələri təbrik edib və proqramın gənclərin beynəlxalq təcrübə əsasında müasir texniki bilik, bacarıqlara uyğun yetişməsi üçün yaratdığı geniş imkanları vurğulayıb. Eyni zamanda tələbələri proqramın hər iki ölkə tərəfdən Rəhbər Komitəsinin üzvləri və İDP komandası ilə tanış edib, onlara təhsil aldıqları dövrdə qarşıladıqları hər hansı çətinliklərdə yaxından kömək olunacağını bildirib.

Sonra tədbirdə İDP haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, 2020-ci ildən icra olunan proqram Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb. Proqrama bu il “İnformasiya texnologiyaları”, “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “Elektrik və elektronika” mühəndisliyi ixtisasları üzrə qəbul aparılıb və ayrılan yerlər 96 faiz dolub.

Tədbirdə digər çıxış edənlər tədris dili ilə bağlı yeniliklər, tələblər, dərslərin təşkili, tədris olunacaq fənlər, universitetin tələbə mühiti, nizam-intizam qaydaları və digər məsələlərdən ətraflı bəhs ediblər.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tələbələrə yeni tədris ilində uğurlar arzulanıb.

 

 

 

 


 

Xəbər lenti