Logo

BDU-nun rektoru: Elmi nəticələrin praktik həllərə çevrilməsi universitetin əsas hədəflərindəndir

25.09.2025 08:43 106 baxış
IMG

Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bakıda keçirilən “Times Higher Education (THE) Avrasiya Universitetlərinin Sammiti” çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Avrasiya universitetləri elmi regional inkişafın mühərrikinə necə çevirə bilər?” mövzusunda keçirilən panelin spikerlərindən biri qismində çıxış edib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, sammitin ümumi mövzusu olan “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” çərçivəsində təşkil edilən paneldə elmin və innovasiyaların dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin qurulmasında oynadığı həlledici rolu müzakirə edilib.

Çıxışında BDU-nun rektoru universitetin elmi-tədqiqat strategiyasını regional və milli inkişaf prioritetlərinə uyğunlaşdırmaq istiqamətində atdığı addımları diqqətə çatdırıb. O qeyd edib ki, elmi nəticələrin praktik həllərə çevrilməsi, o cümlədən iqlim dəyişikliyi, ictimai sağlamlıq, texnoloji dəyişikliklər və sosial-iqtisadi bərabərsizlik kimi qlobal problemlərə cavab verilməsi universitetin əsas hədəflərindəndir. Bununla yanaşı, o, regional tərəfdaşlıqların gücləndirilməsinin, universitetlər arasında beynəlxalq əməkdaşlığın innovasiya və potensialın artırılmasında mühüm rol oynadığını vurğulayıb. Rektor, həmçinin tələbə-tədqiqatçıların təşəbbüslərinin dəstəklənməsinin onların Avrasiyanın bilik iqtisadiyyatında transmilli tədqiqatçılar kimi formalaşmasına şərait yaratdığını bildirib. O əlavə edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhsil və elmdə davamlılığın təşviqi də BDU-nun fəaliyyətində prioritet istiqamətlərdən biridir.

Rektor, həmçinin vurğulayıb ki, BDU-nun beynəlxalq elmi əməkdaşlıqlarda və qlobal akademik şəbəkələrdə fəal iştirakı Azərbaycanın elm, təhsil və innovasiya mərkəzi kimi mövqeyini gücləndirir.

Paneldə Qazaxıstanın Nazarbayev Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri də uğurlu elmi inkişaf modellərini təqdim ediblər. Müzakirələrdə tədqiqatların praktik, miqyaslana bilən həllərə çevrilməsi və regional tərəqqiyə birbaşa töhfə verməsinin vacibliyi vurğulanıb.

BDU-nun bu nüfuzlu sammitdə həm stendlə təmsil olunması, həm də rektorun panel spikeri kimi iştirakı universitetin beynəlxalq nüfuzunun artması, Avrasiya ali təhsil məkanında lider mövqeyinin güclənməsi və elmin regional sosial-iqtisadi inkişafa töhfəsinin daha da genişlənməsi istiqamətində mühüm addımdır.

Xəbər lenti