Bu danılmaz bir faktdır ki, Azərbaycan Xalq Cümhuriyyəti varlığının ilk günlərindən daha çox maarif, elm, təhsil məsələlərinə qayğı ilə yanaşmış, xüsusi diqqət yetirmişdir. Heç də təsadüfü deyil ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildiyi gün “Fətəli xan Xoyskinin sədirliyi ilə yaradılmış birinci hökumət kabinəsində Xalq Maarifi Nazirliyi də təsis olundu. Hökumətin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müxtəlif sahələrdə ali təhsilli mütəxəssislər hazırlamaq üçün yüz nəfər azərbaycanlı gəncin Avropanın ali məktəblərinə göndərilməsi olmuşdu.
“Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi ilə yanaşı, 1919-20-ci tədris ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdi”.
Parlamentdə qoyulan bu məsələ parlament üzvüləri tərəfindən çox yaxşı qarşılanmış, onlar ölkənin hər tərəfli inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsi məsələsini alqışlamışlar. Hökumət də bu işin reallaşması üçün dövlət xəzinəsindən “7 milyon manat vəsait ayırmışdı. Bura daxil idi Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci”.
M.Ə.Rəsulzadənin sədrlik etdiyi münsiflər heyəti tərəfindən diqqətlə seçilən tələbələrdən 10 nəfər İngiltərəyə, 23 nəfər İtaliyaya, 45 nəfər Fransaya, 9 nəfər Türkiyəyə göndərilməsi planlaşdırılsa da nəticədə Xalq Maarif Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərə Almaniyaya, 27 nəfərə Fransaya, 4 nəfərə İtaliyaya, 1 nəfərə İngiltərəyə, 6 nəfərə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd imzalanıb. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Lakin Rusiyada vətəndaş müharibəsi başladığına görə ora göndərilməsi nəzərdə tutulan 13 tələbə gedə bilmədi.
Seçilən tələbələr 1920-ci ilin 14 yanvarında Parlament və hökumət nümayəndələrinin, tanınmış ziyalıların, xeyriyyəçilərin xeyir-duası ilə təntənəli şəkildə yola salınırlar. Hökumət tələbələrin Batuma getməsi üçün xüsusi vaqon da ayırır. Bu işdə hökumətə yenə də dəstək olan milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev olur. Bu haqda "Azərbaycan" qəzetində və arxiv sənədlərində xeylaq faktlar var. Faktlardan belə bəlli olur ki, əcnəbi ölkələrə təhsil almağa göndəriləcək tələbələrin qəbul etdiyi şərtlər H.Z.Tağıyev tərəfindən təsdiq olunmuş maddələrin əsasında hazırlanmışdır. Böyük xeyriyyəçi-milyonçunun şərtləri belə idi:
– Hər tələbəyə təhsil müddəti ərzində 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdir;
– Tələbə ali təhsilini bitirdikdən sonra mütləq vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir;
– Tələbə qeyri-türklə evlənməyəcəkdir;
– Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları Xeyriyyə Cəmiyyətinə birdəfəlik və yaxud da hissə-hissə ödəyəcəkdir.
Azərbaycan Parlamentinin xüsusi dövlət komissiyası H.Z.Tağıyevin maddələrini redaktə edərkən çox təəssüflər ki, 3-cü maddəni ixtisara salmışdır. (Bu da danılmaz bir faktdır ki, ana hansı millətin nümayəndəsidirsə övlad da daha çox o millətə meylli olur). Yeri gəlmişkən, H.Z.Tağıyevin hər bir tələbəyə ayırdığı vəsait zamanına görə böyük məbləğ idi.
Hökumətin diqqət və qayğı ilə yanaşdığı bu məsələyə mətbuat da önəm veribdir. Xüsusən də “Azərbaycan” qəzeti. Qəzetdə bu məsələdən bəhs edən onlarla məqalələr, elanlar var. Məsələn, 9 dekabr 1919-cu il tarixli sayında çap olunan "Müsəlman tələbələrin xarici ölkələrə göndərilməsi" sərlövhəli məqalədə bu haqda ətraflı məlumat verilib. Müəllif yazır ki, hökumət bu tədbiri mütəşəkkil həyata keçirmək məqsədilə tələbələrin nümayəndələrindən ibarət təşkilat yaradır və təşkilat bürosuna sədr Teymur bəy Aslanov seçilir. Teymur bəy Aslanov və maarif nazirliyinin nümayəndəsi Şaxtaxtinski lazımi yol vəsiqələri almaq üçün Tiflis və Batum şəhərlərinə yola düşür.
Nəhayət xaricə göndərilən tələbələr 14 yanvar 1920-ci ildə hökumət üzvüləri və xalq tərəfindən təntənəli şəkildə yola salınırlar. Bu haqda “Bəsirət” qəzeti yazırdı: “Gedənləri yola salmaq üçün stansiyaya çoxlu adam, qohum-əqrəba, yoldaşlar və tanışlar, elm və mədəniyyət işçiləri, ədiblər, şairlər, mühərrirlər, müxtəlif partiyaların nümayəndələri gəlmişdilər. Onlar vağzalın böyük salonunda toplaşmışdılar. Məclisi Balaxanı məktəbinin müəllimi Seyidbağır Axundzadə açdı. Səmədağa Ağamalıoğlu, İbrahim Əbilov, Əhməd Pepinov, Salman Mümtaz qürbətə gedənlərə nəsihət və məsləhət verdilər. Gedənlər Cabbar Qaryağdı oğlunun heyratamiz səsi aıtında vətəndən yola düşdülər”.
Burada bir faktı qeyd etmək istərdim ki, hökumətin xaricdə təhsil almaq üçün göndərməyi qərarlaşdırdığı 100 tələbədən 99-u yola düşür. Onlardan biri – Miryusif Seyid Cənab oğlu Mir Abdullazadə qəflətən vəfat etdiyi üçün xaricə 99 nəfər gənc yola salınır.
Min bir arzu-istəklə xaricə təhsil üçün üz tutan gənclər 1920-ci ilin 11 fevralında Parisə çatırlar. Onlar burada Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən yüksək səviyyədə qarşılanır və buradan təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola düşürlər.
Çox təəssüf ki, böyük istək və həvəslə Avropada təhsil almağa gələn bu gənclərin taleyi Aprel işğalından sonra çox acınacaqlı oldu. Bolşevik hökuməti tələbələrə maddi yardım etməkdən imtina etdikdə onlar ümidlə Nəriman Nərimanova müraciət etdilər. 9 avqust 1920-ci ildə N.Nərimanovun şəxsi təşəbbüsü və sədrliyi ilə Azərbaycan İnqilab Komitəsinin iclası keçirildi. İclasda N.Nərimanovun təkidilə xaricə göndərilən bu tələbələrin təhsillərini başa vurmaları üçün vəsait buraxılması, onlara hər cür maddi yardım edilməsi məsələsi qaldırıldı və məsələ Xalq Maarifi və Xalq Xarici İşlər Komissarlıqlarına həvalə edildi. Bütün bunları qanuniləşdirmək üçün N.Nərimanov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri kimi xüsusi qərar imzaladı və Bəhram Axundovu xaricdə oxuyan azərbaycanlı tələbələrin işləri üzrə xüsusi müvəkkil təyin etdi. Bundan sonra B.Axundov azərbaycanlı tələbələrin oxuduqları xarici ölkələrin paytaxlarına ezam olundu. Çox çətinliklə ezamiyyətini başa vuran xüsusi müvəkkil 1922-ci ilin martında Azərbaycan SSR Xalq Kommisarları Sovetinin sədri N.Nərimanova hesabat təqdim etdi. N.Nərimanov həmin hesabat əsasında xaricə oxumağa gedən azərbaycanlı tələbələrə təhsillərini davam etdirmək üçün lazımı şəraitin yaradılmasını tapşırdı.
1922-ci ilin sonlarında N.Nərimanov Moskvaya işə aparıldıqdan sonra xaricdə oxuyan azərbaycanlı tələbələrə münasibət yenə dəyişildi. Bolşevik hökuməti maddi yardımı kəsdi. Belə olduqda tələbələrin böyük əksəriyyəti təhsil haqqını ödəyə bilmədilər. Günü gündən acınacaqlı vəziyyətə düşən tələbələrdən intihar edənlər, həbsə düşənlər və bütün ömrünü qürbətdə başa vuranlar da oldu. Çox çətinliklərlə təhsilini başa vurub gələnlərin isə əksəriyyəti “antisovet” təbliğatın qurbanına çevrildilər. Çox az bir qismi isə öz doğma vətənində yad kimi, hər cürə təqiblərə məruz qalaraq 1950-60-cı illərə kimi “yaşadılar”.
Hörmətli və əziz oxucum. Yəqin sənin üçün də maraqlıdır ki, bu tələbələr kimlər idi və onların hər birinin sonrakı taleyi necə oldu?
Həmin tələbələr Avropaya yüksək təhsil almaq üçün yola düşərkən belə bir and içmişlər: “Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlarının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəyəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun!”.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Avropanın ən nüfuzlu ali məktəblərinə göndərilməsini qərarlaşdırdığı 100 (əvəllki məqalədə də qeyd etmişdik ki, bu 100 tələbədən biri Miryusif Seyid Cənab oğlu Mir Abdullazadə qəflətən vəfat edib), gedən isə 99 tələbədən biri də Zal Məşədi Cavad oğlu Məmmədli idi.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında Məmmədov Zal Məmmədcavad oğlu kimi qeyd edilən Zal Məşədi Cavad oğlu Məmmədlidir. İlk ondan başlamağımın səbəbi odur ki, xaricə təhsil dalınca gedən azərbaycanlı tələbələrin arasında nisbətən bəxti gətirən, vətənə dönə bilən, vətəndə repressiya tüğyanından canını qurtulan və 1969-cı ilə qədər yaşayan Zal Məmmədlidir.
Əslində Zal bütün bunlara ona görə nail olmuşdur ki, o xaricdə təhsil almaq xatirinə gizli olaraq Almaniyada Kommunist Partiyası sıralarına daxil olmuşdur. (Bu haqda aşağıda geniş bəhs edəcəyəm).
Avropaya təhsil almaq arzusu ilə gedən 99 tələbənin 19-u Şuşadan olub. Onlardan on tələbə Almaniyaya, yeddisi Fransaya, biri Odessaya, biri də Rusiyaya göndərilib. Almaniyaya gedən tələbələrdən biri də Zal Məşədi Cavad oğlu Məmmədli idi. O, 1898-ci ildə Şuşada tacir ailəsində anadan olub. Çox erkən atasını itirən Zal anası Gülər xanımın və böyük qardaşı Talıbın himayəsində böyüyüb. Talıb Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katiblərindən biri olub. Hər vasitə ilə qardaşına mükəmməl təhsil vermək üçün calışan Talıb ilk olaraq Zalı Şuşada rus-tatar məktəbinə, sonra isə 1910-cu ildə Gəncədə klassik gimnaziyaya qoyur. Zal 1918-ci ildə bu məktəbi fərqlənmə ilə başa vurur. Elə bu fərqlənmə diplomu ilə də xaricdə təhsil almaq şansına sahib olur.
Almaniyada başlanan “ömür”
Bu “ömür” çox əzablı, məşəqətli olsa da Zal təhsil xatirinə hər şeyə dözür. 1920-ci ilin əvvəllərində Zal Almaniyada Frayburq Dağ-Mədən Akademiyasının tələbəsi kimi dərslərə başlayır. Yenicə başlanan uğur bir neçə ay sonra Zalı qərib ölkədə böyük çətinliklərlə üz-üzə qoyur. Buna səbəb isə Azərbaycanda Sovetlərin hakimiyyətə gəlməsi olur. Dəfələrlə müraciət etmələrinə baxmayaraq Sovet hökuməti Avropaya təhsil dalınca gedən bütün tələbələrin təqaüdlərini kəsir.
Əlacı kəsilən Zal təhsilini davam etdirmək üçün gecələr mis mədənlərində, kömür şaxtalarında fəhlə kimi işə başlayır. Gündüzlər oxuyur, gecələr sübh səhərə kimi ağır şəraitdə çalışır. Çox keçmir ki, gərkin və çətin iş şəraiti Zalın səhhətində problemlər yaradır. 1923-cü ildə akademiyadakı təhsilini yarımçıq qoymağa məcbur olur.
Amma Zalın nəyin bahasına olursa-olsun burada yüksək təhsilə yiyələnmək arzusu qalib gəlir. Səhhəti bir az yaxşılaşan kimi, Zal yenidən 1923-cü ilin sonlarında Almaniyanın Drezden şəhərindəki Ali Texniki Məktəbin inşaat fakültəsinə daxil olur və 1928-ci ildə buranı əla qiymətlərlə başa vurur.
“İnşaatçı-mühəndis” diplomuna nail olan Zal istəməsə də təhsilini başa vurmaq xatirinə 1922-ci ildə Almaniyada təhsil alan tələbələrin yaratdığı “Sovetlər ittifaqı” təşkilatına yazılır. Baxmayaraq ki, Almaniyanın o zamankı qanunlarına əsasən alman vətəndaşı olmayan heç bir şəxs, mühacir bu təşkilatın üzvü ola bilməzdi. Lakin Zal gizli olaraq təşkilatla əməkdaşlığa başlayır və onun üzvü olur. Arxiv sənədlərindən bəlli olur ki, Zal Məmmədlinin Almaniyadakı kommunist fəaliyyəti haqqında Moskva və Bakı Mərkəzi Komitələrinin məlumatı olub. Odur ki, Zal 1928-ci ildə Almaniyada təhsilini başa vurub Moskvaya qayıdarkən onu ÜİK (b) P qəbul edərək ixtisasına uyğun iş də təklif edirlər. Zal isə öz vətəninə qayıtmaq arzusunda olduğunu bildirir və Bakıya gəlir.
Bakıda bolşeviklər “Cümhuriyyət tələbəsi” olan Zalı kommunist olduğu üçün yaxşı qarşılayır və onu Azərbaycan Dövlət Layihə İnistitutna direktor təyin edirlər. Bu təyinat Zalın həyatına uğur gətirir. Çox gənc yaşlarında Zal Məmmədli ölkənin bir neçə nüfuzlu təşkilatlarına rəhbərlik edir. Məsələn, ölkəmizdə 1932-45-ci illərə kimi ağır, zidiyyətli bir dövrdə Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyində tikinti idarəsinin rəisi, Azərbaycan Dövlət Plan Komitəsində tikinti bölməsinin müdiri, Nazirlər Soveti nəzdindəki incəsənət işləri idarəsində abidələrin tikintisi və bərpası şöbəsinin rəisi vəzifələrində çalışır.
Pedaqoji fəaliyyəti
Zal Məmmədli Almaniyada aldığı təhsili öz vətənində böyük həvəslə gənclərə təbliğ edib. İlk olaraq 1928-ci ildə N.Nərimanov adına texnikumda pedaqoji fəaliyyətə başlayan Zal sonralar Azərbaycan Politexnik İnstitutunda və Azərbaycan Dövlət Universitetində davam etdirib. Hər iki ali məktəbdə uzun illər xarici dillər kafedrasına rəhbərlik edən Zal müəllim deyilənə görə mükəmməl olaraq 7 dildə danışmağı, yazmağı bilirmiş.
Sürgünün bir addımlığında
Zal Məmmədov haqqında Hafiz Sadığın “Unutsaq, unudarlar” (Bax: “İnşaatçı” qəzeti 15 iyun 1994) sərlövhəli məqaləsindən aydın olur ki, Zal Məmmədlini dəhşətlərlə dolu 37-nin “ağuşundan” Tanrının möcüzəsi qutarıb. Belə ki, bir gün Zal Məmmədli Partiya İnstitutunda çıxış edərkən onun nitqi “inistitutun direktoru professor Novodvorskinin və partiya xadimi Həmid Sultanovun xoşuna gəlmir. Zal kimi savadlı azərbaycanlı oğulları “həzm” edə bilməyən Novodvorski elə oradaca tələb edir ki, “Zal maskalanmış xalq düşmənidir, bizim partiya sıralarında belələrinə yer yoxdur”. Dərhal Zal Məmmədlinin Azərbaycan Kommunist (b) Partiyası sıralarından azad edilməsi məsələsi qoyulur. Məsələnin təsdiqi üçün məlumat M.C.Bağırova çatır. Xoşbəxtlikdən M.C.Bağırov bu məsələyə ciddi yanaşmır. Elə məsələ bununla da bitir. Bu Tanrının Zala bəxş etdiyi ən böyük xoşbəxtlik idi. Yoxsa “xalq düşməni”nin ailəsi kimi xanımı Bilqeyis və üç övladı həbslərdə sürgünlərdə çürüməli idilər.
Xoşbəxt ailə sahibi
1933-cü ildə ailə quran Zal ailəcanlığı və xoşxasiyyəti ilə də çoxlarına nümunə olub. Bir qız, iki oğul atası olan Zal ilk olaraq onların təhsili, tərbiyəsi ilə daha ciddi məşğul olub. Hər üçünə ali təhsil verməklə yanaşı onları vətənpərvər, millətsevər ruhda böyüdüb.
99-dan biri olan Zal Məmmədli Cümhuriyyətçi tələbələr arasında bəxti gətirənlərdən olmuşdur ki, sürgünlərin, həbslərin qurbanı olmamış, ömrünü Vətən həsrəti ilə qürbətdə başa vurmamışdır.
Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist