27 noyabr 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası(AƏSMA) və Holberton Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə Məzun Günü keçirilib. Tədbirdə akademiyanın rəhbərliyi, Holberton-un beynəlxalq nümayəndəsi və yerli heyəti, eləcə də AƏSMA-nın müəllim heyəti, tələbələr və AHİK könüllülər iştirak ediblər.
Sözü alan akademiyanın təlim-tərbiyə işləri üzrə prorektoru və rektor vəzifəsini müvəqqəti icra edən Fərid Babayev çıxış edərək AƏSMA ilə Holberton arasında əməkdaşlığın rəqəmsal bacarıqların inkişafına mühüm töhfə verdiyini qeyd edərək təlim proqramını uğurla tamamlayan tələbələri təbrik edib. O, həmçinin tərəfdaşlığın genişləndirilməsi və yeni birgə təlim təşəbbüslərinin həyata keçirilməsinin Akademiyanın strateji hədəfləri sırasında olduğunu vurğulayıb.
Holberton School-un Baş İcraçı Direktoru Florian Baçer çıxışında qeyd etdi ki, Holberton Məktəbinin fəaliyyəti gənc mütəxəssislərə rəqəmsal transformasiya zamanı əmək bazarının dəyişən tələblərinə daha asan uyğunlaşmağa kömək edir.
Holberton Azərbaycan Məktəbinin baş direktoru Şəmsi Bayramzadə çıxışında bildirdi ki, Holberton Məktəbi məzunlarının İT bacarıqlarına və proqramlaşdırma sahəsinə yüksək səviyyədə yiyələnməsi, xüsusən də bu sahə üzrə təhsil almadıqlarını nəzərə alınsa, həqiqətən də təqdirəlayiqdir.
İntensiv proqramlaşdırma təlimi zamanı məzunların gördüyüi şləri əks etdirən videoçarx nümayiş olunub, ardınca hazırladıqları buraxılış layihəsi çərçivəsində AƏSMA iclas zallarının rezervasiyası saytı təqdim edilib. Tədbir iştirakçılarının layihə barədə sualları təqdimatçılar tərəfindən cavablandırılıb.
Məzun Gününün sonunda təlim proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim edilib.
Tədbir iştirakçıları gələcəkdə AƏSMA və Holberton School Azerbaijan arasında əməkdaşlığın davam etdiriləcəyinə və daha genişmiqyaslı layihələrin həyata keçiriləcəyinə inamlarını ifadə ediblər.