Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə Qarabağ Universitetinin yaradılmasından iki il ötür. Bu iki il yalnız bir ali təhsil ocağının fəaliyyət dövrü deyil - qazanılmış tarixi Zəfərin elmi, mədəni və intellektual müstəvidə məntiqi davamıdır. Qarabağ Universitetinin yaradılması 2020-ci ildəki 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirləri nəticəsində bərpa edilmiş ərazi bütövlüyümüzün və suverenliyimizin təmin etdiyi yeni dövrün və yeni reallıqların rəmzlərindən biridir.
Təhsil ocağı işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə yönəlmiş məqsədyönlü dövlət siyasətinin əhəmiyyətli dayaqlarından birini təşkil edir. Bu addım həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ideyasının təhsil və elm müstəvisində gerçəkliyə çevrilməsinin aydın təzahürüdür. Bu gün Qarabağ Universitetinin auditoriyalarında, laboratoriyalarında, kampusunda, genişlənməkdə olan elm, təhsil və sosial ekosistemində yaradılan hər bir dəyər bu torpaqlarda həyatın bərpasına, yenilənməsinə və davamlı inkişafına əsaslanır.
Qarabağ Universitetinin yaradılması barədə qərarın qəbul edilməsi zamanı bu addımın sadəcə, yeni bir ali təhsil ocağının qurulmasından ibarət olmadığı hər kəsə məlum idi. Həmin qərar Qarabağın gələcək inkişaf modelini müəyyən edən mühüm strateji sənədlərdən biri hesab edilirdi. Bu sənəd azad edilmiş torpaqlarda həyatın bərpası ilə yanaşı, bölgənin intellektual potensialının formalaşdırılması üçün mühüm təməl yaratdı. Bu gün artıq iki ildən sonra, dövlətimizin yüksək diqqəti və dəstəyi sayəsində Qarabağ Universiteti Qarabağın dirçəlişində fəal iştirak edən və dinamik inkişaf edən qurumlarından birinə çevrilmişdir.
Qarabağda əldə edilmiş tarixi Zəfərdən sonra ölkəmiz qarşısında yeni mərhələ - azad edilmiş torpaqların yenidən qurulması, sosial-iqtisadi həyatın bərpası, regionun elm, təhsil və mədəniyyət mərkəzinə çevrilməsi kimi strateji vəzifələr dayanır. Universitetin yaradılması həmin vəzifələrin mərkəzində yer alan ən fundamental layihələrdən oldu. Bu ali məktəb dövlətin regionla bağlı orta və uzunmüddətli gələcəyə hesablanmış siyasətinin, Qarabağın intellektual kimliyinin, Zəfər ruhunun və azərbaycançılıq ideyasının daşıyıcısıdır.
Universitetin təsis olunması, ilk növbədə, Qarabağın bərpası və inkişafının biliklərə, elmə və müasir texnoloji yanaşmalara əsaslanmasının vacibliyini bir daha önə çıxarır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, azad edilmiş ərazilərdə qurulan yeni həyat müasir texnologiyalara, innovasiyalara, “ağıllı” konseptlərə əsaslanmalıdır. Bu baxımdan Qarabağ Universiteti bölgənin gələcək sosial-iqtisadi arxitekturasının elmi bazasının qurulmasına töhfə verməlidir. Ali məktəb həm yeni insan kapitalının yetişdirilməsi, həm də Qarabağda tətbiq olunacaq modern idarəetmə, planlaşdırma və inkişaf strategiyalarının elmi əsaslarla təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etməlidir. Bu ali təhsil ocağı bölgənin yenidən qurulması prosesində intellektual mərkəz rolunu oynayaraq, Qarabağın gələcək iqtisadi, sosial və mədəni strukturunun formalaşmasında aparıcı subyektlərdən biri olmaq missiyasını yerinə yetirə bilməlidir.
Beləliklə, Qarabağ Universiteti dövlətimizin postkonflikt dövrü üçün müəyyən etdiyi yeni inkişaf fəlsəfəsinin həm ideoloji, həm də institusional təcəssümünə çevrilmişdir. Ali təhsil ocağı Qarabağda həyatın yenidən canlandırılmasına, azad olunmuş ərazilərdə tarixən mövcud olmuş təhsil ənənələrinin bərpasına, regionun dayanıqlı və uzunmüddətli inkişafını təmin edəcək kadrların hazırlanmasına, gənclərin Zəfər ruhu ilə formalaşmasına və Qarabağın hərtərəfli inkişafına töhfə verməyi hədəfləyən müasir akademik ekosistemin yaradılmasına xidmət edən milli əhəmiyyətli layihədir. Eyni zamanda universitet Qarabağda azərbaycançılıq ideyasının möhkəmləndirilməsinin, milli kimlik və dövlətçilik ənənələrinin elmi əsaslarla yaşadılmasının mühüm akademik platforması kimi çıxış edir.
Dövlət suverenliyinin bərpa edilməsindən düz bir il sonra bu ali təhsil müəssisəsinin müasir infrastrukturla, peşəkar heyətlə və yüzlərlə yüksəkballı tələbələrlə fəaliyyətə başlaması həm dövlətimizin gücünün təzahürlərindən biri, həm də tarixi Zəfərin növbəti təntənəsi olaraq dəyərləndirilməlidir. Bu, həm də tarixi Zəfəri yaşamış gənclərimizə məhz tarixi Zəfərin qazanıldığı məkanda ali təhsil almaq, layiqli vətəndaş və yüksəkixtisaslı kadr kimi yetişmək, eləcə də əzəli torpaqlarımızın bərpası və inkişafında pay sahibi olmaq üçün geniş imkanlar və fürsətlər qazandırır.
Bu kontekstdə təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və iştirakı ilə Qarabağ Universitetinin açılışı məhz 20 Sentyabr - Dövlət Suverenliyi Günündə baş tutdu. Dövlət başçımızın qeyd etdiyi kimi, “Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir”.
Həqiqətən də, belə əlamətdar tarixi gündə Qarabağ Universitetinin açılışının keçirilməsi hər birimizdə böyük sevinc və fəxarət hissləri yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək, doğrudan da, böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz”.
Dövlət başçısının açılış tədbirində iştirakı, tədris binasında və yataqxanalarda mövcud şəraitlə tanış olması, tələbə və müəllim heyəti ilə görüşü və proqram xarakterli çıxışı doğma Xankəndidə qurulmuş bu ali təhsil müəssisəsinə göstərilən yüksək diqqətin bariz nümunələrindən olması ilə yanaşı, professor-müəllim və tələbə heyəti qarşısında olduqca böyük məsuliyyət və vəzifələr qoyur. Xüsusilə vurğulamaq lazımdır ki, açılış mərasimində dövlət başçımızın ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan çıxışı zamanı səsləndirdiyi fikirlər Qarabağ Universitetinin yol xəritəsini formalaşdırdı. Prezident İlham Əliyevin universitetdə səsləndirdiyi “Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir” fikri artıq təhsil ocağının əsas strateji devizi və inkişaf yolunun istiqamətverici prinsipinə çevrilmişdir. Təqdirəlayiq haldır ki, qarşıya qoyulan bu hədəfə nail olmaq üçün dövlətimiz tərəfindən həm maddi infrastruktur, həm də məzmun baxımından bütün imkanlar təmin edilir və yüksək dəstək göstərilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirakı bu yüksək diqqət və dəstəyin bariz nümunələrindəndir.
İki ildə əldə olunmuş nəticələr və dinamik inkişaf
İki il ərzində Qarabağ Universitetində görülən işlərin miqyası regionun dirçəlişinin ümumi tempinə uyğun olaraq geniş və çoxşaxəlidir. Xankəndi şəhərində yerləşən universitetin kampusu qısa müddətdə infrastrukturla təmin, üç tədris binası müasir avadanlıqlarla təchiz edilmişdir. Müasir laboratoriyalar, zəngin kitabxana fondu, tələbə və müəllim yaşayış binaları, həmçinin təhlükəsiz, rahat və yaşıl kampus məkanının yaradılması Qarabağ Universitetinin yüksək standartlara uyğun fəaliyyətinə xidmət göstərir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2025-ci il tarixli Fərmanına əsasən, Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılıb. Klinikanın Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin etməsi, tibb sahəsində elmi tədqiqatlar aparması, regionda əhalinin sağlamlığının qorunmasında iştirak etməsi nəzərdə tutulub.
Xankəndi artıq tədricən tələbə şəhərinə çevrilir - elm, gənclik və həyat enerjisi ilə dolu müasir bir məkana. Hazırda universitetdə 1024 tələbə birinci, 1068 tələbə ikinci, 60 SABAH qrupu tələbəsi isə üçüncü tədris ilində olmaqla, ümumilikdə, 7 fakültə və 34 ixtisas üzrə 2152 tələbə təhsil alır. Təqdirəlayiq haldır ki, təhsil ocağının qısa müddətdə qazandığı nüfuz abituriyentlərin seçimlərində də öz əksini tapır. Hər iki tədris ili üzrə qəbul imtahanlarında yüksək nəticələr göstərən gənclər Qarabağ Universitetini seçiblər. 228 tələbə 600 və daha çox, 717 tələbə 500 və daha çox, 1342 tələbə isə 400-dən çox bal toplayıb. Ən yüksək nəticə 684 balla hüquqşünaslıq və tibb ixtisaslarında qeydə alınıb. Bir tələbə Prezident təqaüdünə layiq görülüb, 6 nəfər fənn olimpiadalarının qalibi kimi müsabiqədənkənar qəbul olunub. Tələbələrin 52 faizi qız, 48 faizi oğlandır. Qarabağ Universitetinin tələbə ailəsi ölkəmizin 66 rayon və şəhərini təmsil edən geniş coğrafiyanı əhatə edir. Hazırda burada əksəriyyəti nüfuzlu xarici universitetlərdə ali təhsil almış və müvafiq təcrübəyə sahib 288 əməkdaş çalışır: 137-si pedaqoji, 123-ü inzibati, 28-i texniki heyət üzvüdür. Qarabağ Universitetinin klinikasında isə 66 əməkdaş fəaliyyət göstərir. Tələbə və əməkdaşlarımız respublikamızda və xaricdə təşkil olunmuş müxtəlif çoxsaylı konfrans, forum, müsabiqə, yarışma, olimpiada, festival və sərgilərdə yüksək nəticələr göstərərək universitetimizi uğurla təmsil ediblər.
Təhsil ocağının tədris mühiti də modern yanaşmalar əsasında qurulmuşdur. Müasir pedaqoji yanaşmalar, qabaqcıl beynəlxalq kurikulumların tətbiqi, tələbə mərkəzli idarəetmə modeli, layihə əsaslı öyrənmə, laboratoriya yönümlü dərslər, rəqəmsal və yumşaq bacarıqların inkişafı, startap və innovasiya təşəbbüslərinin dəstəklənməsi Qarabağ Universitetini ölkənin ən dinamik akademik mühitlərindən birinə çevirir. Bu qısa müddətdə tələbələrin müxtəlif sosial və innovativ layihələrdə fəal iştirakı, Qarabağın sosial-iqtisadi inkişaf istiqamətləri üzrə yeni ideyalarla çıxış etmələri, həm də universitetdə tədris prosesinin praktiki yönümlülüyünə xüsusi önəm verilməsinin göstəricisidir.
Universitet fəaliyyətinin ilk ilindən etibarən dövlət və sənaye qurumları ilə işbirliyi, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində də fəal mövqe nümayiş etdirir. Sözügedən əməkdaşlıqlar çərçivəsində tələbə və əməkdaşların potensialının inkişafına, onların rifahının yüksəldilməsinə, bilik və bacarıqlarının artırılmasına hədəflənən bir sıra layihələr həyata keçirilmiş və müvafiq addımlar atılmaqdadır. Beynəlxalq fəaliyyətlə bağlı xüsusi olaraq vurğulamaq lazımdır ki, Qarabağ Universitetinin Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinə (TÜRKÜNİB) üzv qəbul edilməsi və Beynəlxalq Universitetlər Assosiasiyasında (IAU) təmsil olunması qlobal akademik məkanla inteqrasiyanın mühüm mərhələsini açdı. Nüfuzlu xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində ikili diplom proqramları, tələbə və müəllim mübadiləsi layihələri, tədris və tədqiqat laboratoriyalarının qurulması, birgə tədqiqatların və ortaq elmi tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qarabağ Universiteti regional deyil, beynəlxalq elm və təhsil mərkəzinə çevrilmə hədəfi ilə fəaliyyət göstərir.
Gələcək hədəflər
Qarabağ Universitetinin qarşıdakı illər üçün strateji hədəfləri daha geniş, sistemli və çoxşaxəlidir. Tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi, elmi potensialın gücləndirilməsi, gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi, maddi-texniki bazanın genişləndirilməsi və yenilənməsi, qarşılıqlı faydalı tərəfdaşlıqların inkişaf etdirilməsi, innovativ təşəbbüskarlığın, icmayönümlü layihələrdə fəallığın və beynəlxalq platformalarda iştirakın artırılması diqqət mərkəzində saxlanılır. Eləcə də, ortamüddətli perspektivdə tələbə sayının 10 minə çatdırılması, Şuşa, Xocalı və Xankəndini əhatə edən müasirtipli multikampus modelinin tətbiqinə nail olunması, proqramların beynəlxalq akkreditasiyalardan keçirilməsi, innovasiya ekosisteminin formalaşdırılması və inkişaf etdirilməsi qarşıda duran əsas hədəflərdəndir. Universitet dayanıqlı inkişaf yönümlü və tələbə mərkəzli idarəetmə, tədqiqat yönümlü tədris və innovasiya əsaslı bilik ekosistemi ilə ölkənin və regionun aparıcı ali təhsil mərkəzinə çevrilməkdə qərarlıdır.
Bu gün Qarabağ Universitetinin yaradılmasının ikiilliyi qeyd olunarkən böyük qürur hissi ilə vurğulanmalıdır ki, bu ali təhsil ocağı Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi ən uğurlu layihələrdən biridir. Burada qurulan hər bir dəyər, açılan hər bir fakültə, qəbul olunan hər bir tələbə, keçirilən hər bir dərs Qarabağın dirçəlişinə atılmış daha bir addımdır. Universitet azad edilmiş torpaqlarda yalnız həyatın deyil, biliklərin və yaradıcılığın bərpası, vətənpərvərlik ruhunun, milli kimliyin və Zəfər irsinin qorunduğu mənəvi mərkəzdir. Qarabağ Universiteti qalib xalqın qalib gəncliyi üçün yaradılmış ali təhsil ocağıdır. Burada yetişən “Zəfər nəsli” bilikli, yaradıcı, milli kimliyinə sadiq və dünyaya açıq Azərbaycan gəncliyidir. Beləliklə, Qarabağ Universiteti Zəfərin elmi davamı, Qarabağın yenidən intellektual doğuluşunun rəmzidir. Qarabağ Universiteti ailəsinin üzvü olaraq bu şərəfli missiyaya xidmət etmək sonsuz fəxarətdir.
Sonda Qarabağ Universitetinin yaradılmasına və inkişafına davamlı olaraq göstərdiyi yüksək diqqət və dəstəyə görə Prezident İlham Əliyevə universitetin bütün əməkdaşları və tələbələri adından dərin təşəkkürümüzü bildiririk. Əminik ki, dövlət başçımızın universitetin gələcəyi ilə bağlı qarşıya qoyduğu strateji hədəflərə çatmaq, Qarabağın intellektual, elmi və təhsil potensialını yüksəltmək istiqamətində uğurla irəliləyəcəyik.

Şahin BAYRAMOV,
Qarabağ Universitetinin rektoru