Bakı şəhəri Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli tam orta məktəbdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan – əzəli və əbədi Azərbaycan torpağıdır” və “Mənim Qərbi Azərbaycanım” kitablarının təqdimatına həsr olunmuş nümunəvi açıq dərs təşkil olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Rövşən Ağayev və Maral Salmanova, pedaqogika elmləri namizədi, dosent Dəyanət Musayev, ADPU Filologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini Gülər Süleymanova, məktəbin direktoru Gültəkin Rüstəmova, tarix və coğrafiya müəllimləri, eləcə də Qərbi Azərbaycandan olan bir qrup valideyn iştirak etmişdir.
Tədbir Qərbi Azərbaycan TV tərəfindən hazırlanan “Qərbi Azərbaycan” mövzusunda videoçarxların nümayişi ilə açılmışdır.
Məktəbin direktoru Gültəkin Rüstəmova açılış nitqində qonaqları salamlayaraq tədbirin məqsədi barədə məlumat vermiş, Qərbi Azərbaycan irsinin, tarixi yaddaşının və milli kimliyin qorunmasının zəruriliyini vurğulamışdır.
Professor Mahirə Hüseynova Qərbi Azərbaycanın tarixinə, bölgənin azərbaycanlılara qarşı törədilən ədalətsizliklərinə, soydaşlarımızın doğma yurdlarından köçürülməsinə və “Qərbi Azərbaycana Qayıdış” ideyasının milli hədəf kimi əhəmiyyəti məsələlərinə toxunmuş, həmçinin qeyd etmişdir ki, gənc nəslin milli yaddaşının formalaşdırılması istiqamətində maarifləndirmə işləri daha da gücləndirilməlidir.
Professor dərslərdə Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli şəxsiyyətləri, toponimləri və folkloru barədə geniş maarifləndirmənin aparılmasının vacibliyini vurğulamış, Elm və Təhsil Nazirliyi ilə Qərbi Azərbaycan İcmasının birgə hazırladığı və cari ilin oktyabr ayında təqdimatı keçirilmiş “Mənim Qərbi Azərbaycanım” kitabının bu işdə mühüm rol oynadığını qeyd etmişdir.
Sonda qarşılıqlı fikir mübadiləsi aparılmış, mövzuyla bağlı aktual məsələlər müzakirə olunmuşdur.