Logo

Altıncı xəstəliyin səpkiləri qızılca, məxmərək kimi virus infeksiyalarına oxşadığı üçün onların differensasiyası çətinlik törədir

22.07.2021 11:12 672 baxış
IMG

Altıncı xəstəlik körpələr və uşaqlar arasında yayılmış virus infeksiyası olub, günboyu davam edən yüksək qızdırma və hərarəti müşayiət edən qırmızı səpkilərlə xarakterizə olunur.


Altıncı xəstəlik adlandırdığımız Rozeolla infantum xalq arasında uçuq virusları adlandırılan insan herpes virusları tərəfindən törədilir. Həmin yoluxucu xəstəliyə həyatın ilk illərində, xüsusilə 6 ay-3 yaş arasında daha çox təsadüf olunur. Kiçik yaşlı uşaqların 95 faizində 6-9 ay arasında human herpes virus 6, daha böyük yaşlı uşaqlarda - 3-6 yaş arasında isə human herpes virus 7 xəstəliyin törədicisi olur. Xəstələrin tənəffüs yolları sekretləri və simptomsuz böyüklərdən tüpürcək vasitəsilə yoluxur. Xəstəliyin gizli dövrü 5-15 gün olub, ortalama 10 gün müddətində davam edir.


AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva deyib.


Mütəxəssisin sözlərinə görə, xəstəlik kliniki əlamətlər olaraq yüksək hərarətin - 39-40 dərəcə arası temperaturun 3-7 gün davam etməsi, yəni inadcıl bir qızdırma ilə başlayır. Bununla yanaşı, yuxarı tənəffüs yollarının infeksiya əlaməti də meydana gəlir. Uşaq narahat və xəstəgörünüşlü olur. Bəzən sinir sistemi əlamətləri, xüsusilə də qıcolmalar xəstəliyin klinik tablosunu müşayiət edir. Bəzi hallarda isə səpki olmadan da qıcolmalarla özünü büruzə verən səpkisiz rozeolla adlandırdığımız klinik tablo da müşahidə olunur. Xəstəliyin səpkiləri qızılca, məxmərək kimi virus infeksiyalarına oxşadığı üçün onların differensasiyası çətinlik törədir və bəzən ailələr arasında təşvişə səbəb olur. Uşaqlarda boğaz ağrısı, burundan axıntı, öskürək, boyun limfa düyünlərinin böyüməsi, ishal, göz qapaqlarının şişməsi müşahidə olunur. Təcrübəli pediatrlar tərəfindən xəstəliyin kliniki əlamətlərinin xarakteristikası ayırd edilərək bakteremiya, sepsis kimi vəziyyətlər differensasiya olunur. Xəstəlik 6-15 aylıq körpələr, mərkəzi sinir sistemi əlamətləri və xüsusilə də immun sistemi aşağı olan uşaqlarda ağırlaşmalarla müşayiət oluna bildiyindən uşaq həkimi tərəfindən yaxından izlənilməlidir. Sümük iliyi və ya digər orqan transplantasiyası xəstələri risk qrupunu təşkil edir. Ev şəraitində istirahət, bol-bol maye verilməsi, ilıq su vannası, göstəriş olduqda həkim təyinatı ilə qızdırma əleyhinə preparatlardan istifadə edilə bilər. Erkən yaşlı uşaqlarda immun sistem virusa mübarizə üçün yetərincə anticisim hasil etmədiyindən xəstəlik əlamətlərinin şiddətini və mümkün fəsadları nəzə alaraq uşaqlar pediatr tərəfindən təqib olunmalıdır.

Xəbər lenti