Logo

Direktor şagirdi məktəbdən QOVDU

11.11.2021 13:32 2897 baxış
IMG

Abşeron rayonu Xırdalan şəhər 9 saylı tam orta məktəbdə Əzizova Könül Mikayıl qızının 2 övladı keçən tədris ilinə qədər ibtidai siniflərdə təhsil alırdı. Lakin tədris ilinin sonunda onlardan biri IV sinfi bitirsə də, digər övladı Nəzərli Fatimə II sinifdə saxlanmış və daha sonra məktəbdən xaric edilmişdir. Hazırda valideynin övladlarından biri həmin məktəbin V sinfində oxusa da, digər övladı 2 aydır ki, heç bir məktəbdə təhsil almır. Məktəbin direktoru və müavini şagirdin sinifdə saxlanmaqla sonradan məktəbdən xaric edilməsinə səbəb kimi onun uzun müddət dərsdən yayınmasını və son qiymətləndirmədə iştirak etməməsini göstərir. Məktəb rəhbərliyi şagird haqqında qərarın məktəbin Pedaqoji Şurasında müzakirə edilib verildiyini və bu qərarın direktorun əmri ilə rəsmiləşdirildiyini bildirsə də sözü gedən sənədlərin sürətini valideynə verməkdən imtina edir. Lakin məsələnin ciddiləşdiyini görən məktəbin direktoru bildirir ki, şagird valideynin ərizəsi ilə məktəbdən xaric edilib və onun şəxsi işi valideynə verilib. Problemin həlli kimi isə hazırda şagirdi təkrar II sinfə götürə biləcəklərini bildirən məktəb rəhbərliyi, onu heç vəchlə III sinfə götürə bilməyəcəklərini bildirir.

Məsələyə münasibət bildirən Abşeron RTŞ müdiri səlahiyyətlərini müvəqqəti icra edən şəxs isə məktəb rəhbərliyinin haqlı olduğunu bildirir. Valideynin Abşeron İcra Hakimiyyətinə və Təhsil Nazirliyinə etiyi şikayətlər isə heç bir nəticə vermir və şagirdin təhsil almaq hüququ dərslərin başlanmasından 2 ay keçsə də hələ də təmin edilməyib.

Keçən tədris ilində pandemiya ilə əlaqədar ölkədə elan edilən karantinlə bağlı iş yerlərini itirən Nəzərli Fatimənin valideynləri məktəblər bağlanandan sonra pasport qeydiyyatında olduqları Masallı rayonuna köçmüşlər. Onlar daha sonralar dərslərin müvəqqəti bərpa olunduqları dövrdə iş yeri tapmadıqları səbəbindən Xırdalan şəhərinə qayıda bilməmişlər. Masallı rayonunda yerləşən yaşayış yerində keyfiyyətli platforma və internet rabitəsinə malik olmadıqları üçün hər iki şagird virtual dərslərə qoşula bilməmişlər. Lakin valideynlər vicdanlı davranış sərgiləyərək övladlarını virtual dərslərdə təhsil almaqlarındansa onları öz imkanları hesabına fərdi təhsilə cəlb etmək yolunu seçmişlər. Lakin valideynlər şagirdlərin qiymətləndirilməsi üçün məktəbə gətirilməsini əsaslı səbəbdən, yəni ərazidə olmadıqlarından təmin edə bilməmişlər.

Məktəb rəhbərliyi şagirdin sinifdə saxlanması, eləcə də güya valideynin ərizəsinə əsasən onun məktəbdən xaric edilməsi  zamanı mövcud qanunvericiliyin tələblərini kobud sürətdə pozmuşdur. “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar”a görə ibtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə, şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir, həmin şagirdlər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə digər təhsil proqramları ilə təhsilə cəlb olunurlar. Qaydalara görə btidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilə bilərdi. Lakin bu qayda Nazirlər Kabinetinin o vaxt quvvədə olan 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın 2.4. bəndinə görə quvvədən düşür. Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il 275 sayl qərarı ilə quvvədən düşən, lakin o dövrdə quvvədə olan həmin bəndə görə təhsil müəssisələri təhsilalanların tədris və təlim-tərbiyə prosesində əyani iştirakının könüllülük prinsipi əsasında təmin edildiyini nəzərə almalıdırlar. Yəni valideynin keçən tədris ilində övladının əyani məktəbə göndərməkdən imtina etmək hüququ olub və o bundan istifadə edib. Beləliklə keçən tədris ili üçün şagirdin biliyi qiymətləndirilmədiyi və ya dərs məşğələlərində iştirak etmədiyi üçün sinifdə saxlanması qanunsuzdur. O cümlədən həmin qaydalara görə Pedaqoji Şura şagirdlərin təkrar sinifdə saxlanması ilə bağlı məsələlər müzakirə edilən zaman onların valideynlərinin (digər qanuni nümayəndələrinin) orada iştirakını təmin etməli idi. Lakin məktəb rəhbərliyi həttaPedaqoji Şuranın qərarının və məktəb rəhbərliyinin əmrinin sürətini belə valideynə verməkdən imtina edir. Rəhbərlik iddia edir ki, onlar şagirdin məsələsi müzakirə edilən zaman valideynlə əlaqə saxlamağa cəhd etmişlər. Lakin direktor valideynin Masallı inzibati rayonu ərazisində və qeydiyyatda olduğu ünvanda yaşaması faktının üzərindən sükutla keçir.

Məktəb rəhbərliyi valideynin Təhsil Nazirliyinin qaydalara əlavə olaraq təsdiq etdiyi “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkilinə dair metodik göstərişlər”in tələbinə uyğun valideynin 2 nömrəli iltizam formasını imzalamadığını əsas gətirib şagirdin məktəbdən çıxarılmasına haqq qazandırır.

Halbuki bu qaydalar iltizam formasını imzalamayan valideynə görə şagirdə qarşı sanksiya tətbiqi nəzərdə tutmur. Bu iltizam formasını valideyn imzalamaq imkanına malik olmasa da onun tələbindən doğan övladının müstəqil öyrənməsini təmin edəcəyi barədə öhdəliyə onu fərdi ödənişli təhsilə cəlb etməklə əməl edib. İltizam formasında valideyn övladının ümumi təhsil müəssisəsində keçiriləcək kiçik və böyük summativ qiymətləndirmələrdə iştirak etməli olduğu barədə məlumatlı olmaq, onun məktəbdaxili qiymətləndirmələrdə iştirak etmədiyi halda, biliyi qiymətləndirilməyənlər kateqoriyasına şamil ediləcəyini anlayacağı barədə müdəaları onu imzalamasa belə qəbul edir.

Yəni qaydalar onsuz da ibtidai siniflərdə qiymətləndirmədə iştirak etməyən və ya biliyi qiymətləndirilməyən şagirdin ibtidai siniflərdə təkrar sinifdə saxlanmasını istisna edir.

Məktəb direktoru şagirdin təkrar sinifdə saxlanmasından sonra valideynin şagirdi digər məktəbə yerdəyişmə etmək istədiyini bildirir. Valideynin bir övladının həmin məktəbdə oxuduğu halda onun digər məktəbdə oxumasını istəməsi absurddur. Valideyn məktəb rəhbərliyinin artıq II və III siniflərdə yer olmadığını, şagirdin sinifdə saxlanmaqla məktəbdən xaric edildiyini ona bildirdiyini söyləyir. Məktəb direktorunun doğru danışmadığı və qanunvericiliyin tələbini kobud sürətdə pozduğu ortaya çıxır.

Belə ki, Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydaları”na görə şagirdin qəbul olmaq istədiyi məktəbin direktoru 2 iş günü müddətində onun məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verəndən, valideyn həmin arayışı əsasında valideyn övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edəndən və bunun əsasında şagirdin təhsilalanların siyahısına daxil olması barədə əmr 2 iş günü müddətində veriləndən, əmrin surəti şagirdin məktəbin direktoru tərəfindən əvvəl təhsil aldığı məktəbə göndəriləndən sonra direktor onun təhsilalanların siyahısından xaric edilməsi barədə əmr imzalaya bilərdi. Lakin Abşeron rayonu Xırdalan şəhər 9 saylı tam orta məktəbin direktoru Həcər İbrahimova heç bir əsas olmadan şagirdin şəxsi işini ona vermiş və onun təqsiri üzündən şagirdin təhsil almaq hüququ aylardır pozulmuş və pozulmaqda davam etsə də direktor bunu operativ həll etməkdən də yayınır.

Abşeron Rayon Təhsil Şöbəsi və Xırdalan şəhər 9 saylı tam orta məktəb qaydalara görə məktəbin mikroərazisində şagirdlərin təhsilə cəlb edilməsinin vəzifə funksiyalarına aid olmasını, övladı məktəbdə təhsil alan valideynin digər övladının həmin məktəbə götürülməsinin vacibliyini anlamaq istəmirlər. Digr maraqlı fakt isə şagird Fatimə Nəzərliyə qarşı məktəb tərəfindən edilən bu tədbirlər onunla eyni vəziyyətdə olan və ibtidai sinifdə təhsil alan digər bacısına tətbiq edilməsədir. Əgər bu məktəbdə doğrudan da belə təlim-tərbiyə mühütü varsa onda niyə təlim nəticələri bu qədər aşağıır? İnternet üzərindən axtarış verən zaman bu məktəbdə şagirdin bıçaqlanamsı, müəllimin şagirdi döyməsi barədə məlumatlar ortaya çıxır. Lakin axtarış zamanı direktor Həcər İbrahimovanın sağlamlıq haqqında arayışda üçkünc yox, dördkünc və dairəsi möhürün olması, bu arayışın yaxınlıqdakı poliklinakdan alınmaması səbəbindən uşağın məktəbəhazırlıq sinfinə götürülməməsi, güya şəhərin palçıqlı olduğu səbəbindən şagirdin məktəb daxilində istifadə etmək üçün ikinci cüt ayqqabı gətirməsi barədə məlumatların ortaya çıxması onun necə səriştəsiz birisi olduğunu göstərən amildir. Ən əsası, bu kimi məsələlərdə onun müavinlərinin adının hallanması, məktəb direktorundan daha çox məhz onların valideynlərlə problem yaratması özü də maraqlı məsələlər sırasındadır. Direktora zəng edən zaman onun şəhid ailəsini qəbul etdiyini, müdirə zəng edən zaman isə ona nazirlikdən zəng gəlməsini bildirməsi onlar üçün 10 yaşlı qızclğazın aylardır təhsildən yayınmasının ciddi məsələ olmadığını göstərən amildir. Bütün bunlar savadsızlıqdan yaranan hal olmaqla eyni zamanda əxlaq və tərbiyə məsələsidir. Məktəb rəhbərliyindən və müəllimlərdən 5 nəfərin imzaladığı şəxsi işdə şagird haqqında “sakitdir”, “valideyn nəzarəti zəifdir” və “davamiyyət ortadır” kimi absurd və poedaqoqa yaraşmayan qeyri-elmi qeydlərin aparılması onların bilik və bacarıqlarını tam ortaya qoyur. Məktəb rəhbərlərinin öz hüququnu bilməyən valideynə övladına təhsilə cəlb etməkdə hüquqi yardımımızı və ona nümayəndə olmağımızı şantajla cavblanadırmalarına isə qoy Təhsil Nazirliyi münasibət bildirsin...

QEYD: Qarşı tərəflərin də fikirlərini dərc etməyə hazırıq!

Xəbər lenti