“11 yaşlı qızım Z. A. serebral iflic xəstəliyindən əziyyət çəkir. Ötən il evdə təhsil alsa da, bu il təhsildən kənar qalıb. Səbəb isə mənə uşağın sənədlərini məktəbə təhvil verməli olmağımla bağlı vaxtında məlumat verilməməsidir”.
Tehsil.biz xəbər verir ki, bu barədə Masallı rayonunun Qızılağac kənd sakini Zamin Abbasov “Qafqazinfo”ya şikayətində bildirib.
Onun sözlərinə görə, sənədlərin məktəbə təhvil verilmə müddəti sentyabrın 30-da bitsə də, ona bu barədə 3 gün əvvəl məlumat verilib:
“Mənə sentyabrın 27-si, bazar günü axşam Qızılağac kənd orta məktəbindən zəng ediblər ki, uşağın təhsil almasını istəyirsənsə, sənədlərini gətirməlisən. Həftə sonuna düşdüyü üçün sənədləri hazırlayıb verə bilmədim. Masallı Rayon Təhsil Şöbəsinə getdim, dedilər ki, bunu vaxtında gətirməli idiniz. Şöbə məni get-gələ saldı, işimə səhlənkar yanaşıldı. Sonra da dedilər ki, uşaq gələn il oxuyar. Çünki sənədlər gecikib, qızımın təhsil alması üçün gərək nazir əmr versin”.
Z. Abbasovun sözlərinə görə, təhvil verməli olduğu sənədlər arasında uşağın xəstəliyi ilə bağlı sənədlər də olub. Lakin tibb müəssisəsində bu kağızların əsli itdiyindən onları paytaxtdakı xəstəxanadan gətirməli olublar.
Azyaşlının atası bildirir ki, təhsil ala bilməməsi qızına psixoloji baxımdan da pis təsir edir: “Çünki qızım məktəbi səbirsizliklə gözləyirdi, hətta məktəb hazırlıqlarını etmişdik, dəftər, qələm almışdıq”.
“Qafqazinfo” problemlə bağlı Masallı Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb. Cavab olaraq bildirilib ki, müraciət araşdırılıb. Məlum olub ki, sənədlər valideyn tərəfindən gecikdirildiyinə görə uşağın evdə təhsilə cəlb edilməsi mümkün deyil:
“Z. A. 2020-2021-ci tədris ilində “G-40.0. - Epilepsiya. Tez-tez baş verən epileptik tutmalar (həftədə 3-4 dəfə)” diaqnozu ilə Nazirlər Kabinetinin 27 avqust 2020-ci il tarixli “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”na uyğun olaraq evdə birillik təhsilə cəlb edilib. Cari dərs ilində valideynlərinin səhlənkarlığı ucbatından lazım olan sənədlərin tələb edilən vaxtda məktəb rəhbərliyinə və Masallı RTŞ nəzdində yaradılmış Psixoloji-Tibbi-Pedaqoji Komissiyaya təqdim olunmaması səbəbindən uşağın evdə təhsilə cəlb edilməsi məsələsinə baxılması və evdə təhsilə cəlb edilməsi mümkün olmayıb”.