Logo

COVID-19-un təhsildə yaratdığı böhran

15.01.2022 11:34 844 baxış
IMG

“Bacarıqlı müəllim” təlim proqramı pandemiyanın doğurduğu problemlərin həllinə yönəlib

Məlum olduğu kimi, 2019-cu ildən dünyada COVID-19 pandemiyasının geniş şəkildə yayılması səbəbindən bütün fəaliyyət sahələrində ciddi çətinliklər, xaos yaşanıb. 2020-ci ilin mart ayında Azərbaycanda ilk dəfə koronavirus infeksiyasının aşkarlanmasından sonra COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə çevik tədbirlər çərçivəsində Azərbaycan Respublikasının bütün ümumtəhsil müəssisələrində tədris distant təhsil forması ilə əvəz olunub.

Bu tendensiyaya uyğun olaraq, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi şagirdlərin təhsil boşluğunu minimuma endirmək üçün KOICA tərəfindən maliyyələşdirilən “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin qurulması” haqqında texniki yardım və qrant layihəsi çərçivəsində layihənin icraçılarından biri olan “Future Class Network (FCN)” ilə “Bacarıqlı müəllim” təlimini təşkil edib. Sözügedən təlim proqramı COVID -19 infeksiyasının yayıldığı dövrdə dərslərin elektronlaşdırılmasına sürətli keçid edən Koreyanın təcrübəsinə əsasən, distant təhsilin inkişafı məqsədilə müəllimlərin potensialının artırılması üçün həyata keçirilib. Koreyaya dəvət olunmaqla, əyani formada keçirilməsi nəzərdə tutulan bu təlim proqramı COVID-19 pandemiyası səbəbindən distant formada təşkil olunub. Bu cür dəyişiklikdən sonra nəzərdə tutulduğundan daha çox sayda müəllim təlimdə iştirak etmək imkanı qazanıb.

Təlim çərçivəsində müəllimlər Azərbaycandakı tədris metodundan fərqli olan Koreyanın iştirak əsaslı tədris metodu ilə tanış olub və bu cür onlayn interaktiv təlim nəticəsində gözlənilmədən Azərbaycanda tətbiq olunan distant təhsili böyük çətinlik yaşamadan şagirdlərə tətbiq edə biliblər.

Azərbaycanın gənc müəllimlərindən Aynurə Orucova, Gulnar Hüseynova, Çinarə Cəbrayilova “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin qurulması” qrant layihəsi çərçivəsində həyata keçirilən “Bacarıqlı müəllim” təliminin iştirakçılarındandır.

Tanıtım:

Aynurə Orucova 2014-cü ildən pedaqoji fəaliyətdədir. Hazırda  Gəncə şəhərindəki 22 nömrəli tam orta məktəbdə  biologiya müəllimi işləyir.

Gulnar Hüseynova Gəncə şəhəri 13 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışır. Həmçinin, həmin məktəbdə V  siniflərdə riyaziyyat fənnini tədris edir, həm də təlimçidir.

Çinarə Cəbrayilova 18 ildir ki, davamlı olaraq pedaqoji fəaliyyətdədir. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsində humanitar fənlər üzrə metodist kimi çalışır.

- Necə oldu ki, bu təlimdə iştirak etdiniz?

Aynurə Orucova: İndiyə qədər müxtəlif yerli və beynəlxalq təlimlərdə, konfrans və seminarlarda iştirak etmişəm. Ümumiyyətlə, xarici ölkələrin təhsil sisteminə çox böyük marağım var. Finlandiya, Çin, İsrail, Koreya və digər ölkələrin təhsil sistemini araşdırıb öyrənmişəm. 2019-cu ildə bu təlimdə iştirakla bağlı e-mail aldım və təlimdə iştirak etməyə qərar verdim.

Gulnar Hüseynova: 2019-cu ildə Təhsil Nazirliyindən təlimlə bağlı elektron məktub aldım. E-poçtun məzmunu Koreyaya 2 həftəlik dəvət təlimi haqqında idi və Koreyada öyrənilənləri paylaşmaq üçün biliklərin mübadiləsi seminarını da əhatə edirdi. Nəticədə, məndə təlimə maraq yarandı və ona müraciət etdim.

Çinarə Cəbrayilova: Təlimçi olaraq, eyni zamanda Təhsildə İnnovativ Texnologiyalar Əlavə Tədris Mərkəzində də çalışıram. Həmin mərkəzin layihə koordinatoru tərəfindən bu təlimdə iştirak etmək təklifi aldım və qəbul etdim.

- Koronavirus pandemiyasından sonra Azərbaycanda təhsil sahəsində hansı dəyişikliklər oldu?

Aynurə Orucova: COVID-19-dan sonra Azərbaycanın təhsil sistemində mühüm dəyişikliklər baş verib. Xüsusən də hesab edirəm ki, COVID-19-a görə Azərbaycanda təhsil sektoru daha çox zərər çəkib. Digər ölkələrlə müqayisə etdikdə, bizdə onlayn təhsil üçün infrastruktur zəif olduğundan bütün ölkəni əhatə etmək çətin idi. COVID-19 pandemiyasından sonra onlayn təhsil anlayışı ön plana çıxdı və Azərbaycanda bir çox dəyişikliklər başlandı. Buna misal olaraq müvafiq sanitar-epidemioloji normaların, karantin qaydalarının tətbiqini göstərmək olar. Karantin tətbiq edildikdən və onlayn təhsilə başladıqdan sonra teledərslərin keçirilməsinə qərar verildi və ölkənin 2 televiziya kanalında teledərslərin yayımına başlanıldı. Bu cür teledərslər vasitəsilə 1,6 milyon şagird təhsilə cəlb olundu. Daha sonra biz virtual məktəb platforması qurmağa başladıq və ciddi şəkildə onlayn dərslər keçirdik.

Gulnar Hüseynova: Pandemiyadan öncə Azərbaycanda təhsil əyani şəkildə aparılırdı. Əlbəttə ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda təhsil formalarından biri olan distant təhsil haqqında məzmun öz əksini tapmışdır, lakin, biz bu təhsil formasının tətbiqi barədə çox məlumatlı deyildik. İlk vaxtlarda müvəqqəti tədbir kimi dərslər Zoom proqramı vasitəsilə keçilirdisə, sonradan virtual məktəb platforması yaradıldı və onun vasitəsilə dərslərə başlanıldı. Bu səylər qısa bir müddət ərzində Azərbaycan müəllimlərinin İKT bacarıqlarının sürətlə artmasına səbəb oldu.

Çinarə Cəbrayilova: COVID-19-dan öncə Azərbaycanda orta məktəblərdə ümumən distant təhsil anlayışı yox idi. Pandemiyadan sonra qısa bir zamanda distant dərslərin təşkili üçün bütün lazımi tədbirlər dövlət tərəfindən görülsə də, müəllimlər bu prosesə tam hazır deyildi. Lakin son zamanlarda müəllimlərin İKT bacarıqlarının daha da inkişaf etməsi ilə distant dərslər daha aktiv şəkildə təşkil olundu.

Bu təlimdən sonra distant dərslərin təşkilində hansı dəyişikliklər yarandı?

Çinarə Cəbrayilova: Təlimdən sonra distant tədrisə fərqli şəkildə yanaşmağa başladım. Artıq şagirdlərin diqqətini cəlbetmə, şagirdləri qruplara ayırmaqla dərs keçmə üsullarını öyrənmişdim və bu öyrəndiklərimin distant dərslərin keçilməsi zamanı mənə çox faydası oldu.

- Daha dərinə getsək, bu cür yeniliklər tətbiq olunan dərslərdə iştirak edən şagirdlərin və ya buna nəzarət edən müəllim həmkarlarınızın təəssüatları necə idi? Və yaxud nə kimi dəyişikliklər müşahidə etmisiniz?

Aynurə Orucova: Təlimdə iştirak edən digər müəllimlərlə fikir mübadiləsi apararkən, daha çox müzakirə edilən məsələlərdən biri də Azərbaycanda təşkil olunan dərslərdə adətən dərsin aparıcı qüvvəsinin müəllim olması idi. Lakin təlimdə iştirak etdikdən sonra şagirdlərin dərslərdə aktiv şəkildə iştirakının vacibliyini dərk etdik. Hazırda biz dərsləri müxtəlif oyunlar təşkil edərək, qruplar yaradaraq və müxtəlif maraqlı üsullar tətbiq edərək həyata keçiririk.  

Gulnar Hüseynova: Pandemiya səbəbindən dərslər distant formaya keçirildi və belə olduğu halda bütün biliklərimi 30 dəqiqə ərzində şagirdlərə ötürməyə çalışırdım. Lakin bu təlimdən sonar başa düşdüm ki, bütün biliklərin 30 dəqiqə müddət ərzində şagirdlərə ötürülməsi önəmli deyil, önəmli olan həmin şagirdlərin dərs zamanı keçilənlərin neçə faizini dərk edib qavramalarıdır. Təlimdə iştirak etdikdən sonra öyrəndiyim “Buzqıran üsulu”nu öz dərslərimdə tətbiq etməyə başladım. Bu üsulu ilk dəfə tətbiq etdikdən sonra şagirdlərin dərsə olan marağının artdığını gördüm və şagirdlər mənə artıq növbəti dərsi səbirsizliklə gözlədiklərini bildirirdilər. Artıq şagirdlər dərslərdə böyük maraqla iştirak edir və fəal şəkildə onları maraqlandıran sualları verə bilirlər. Bir müəllim olaraq şagirdlərin bu fəallığı məni çox sevindirir. Bu cür şagirdlərə yönəlmiş iştirak əsaslı dərslər şagirdlərin qavrama qabiliyyətinin artırılmasına yönləndirilib. Bununla yanaşı, təlimdə iştirak edəndən sonra dərslərə olan yanaşmam çox dəyişdi. Artıq dərs zamanı şagirdlərə daha çox sərbəstlik verməyə çalışmalı olduğumu düşündüm. Çünki gərgin vəziyyətdə şagirdlərin fikrini dərsə tam cəlb etmək çətin olurdu. Lakin sərbəst olan şagirdlər daha çox fikir mübadiləsi edə, daha çox sual verə bilərdilər, bununla da biz şagirdlərə öz biliklərini ortaya çıxarmağa imkan yarada bilərdik. Bu təlimdə iştirak etmədən öncə belə bir düşüncə var idi ki, şagird dərslərlə bağlı çətinlik çəkdikdə müəllim ona kömək etməlidir, lakin təlimdən sonra başa düşdüm ki, şagird özü o çətinlikdən çıxmağa cəhd edib çalışdıqca və həmin çətinlikdən çıxış yolunu öz bacarığı hesabına əldə etdikcə daha da həvəslənir.

Çinarə Cəbrayilova: Təlimdən öncə dərsin aparıcı qüvvəsi mən idim. “Bacarıqlı müəllim” təliminə qatılandan sonra şagirdlər dərsimin aparıcı qüvvələrinə çevrildi. Bu, dərslərin daha səmərəli keçməsinə səbəb oldu. Sözün açığı, təlim müddətində öyrəndiyim yeni tədris metodunun effektli olacağına şübhə ilə yanaşırdım. Lakin təlim zamanı koreyalı müəllimlər öyrənilənlərin əsasında video şəklində bir dərs nümunəsi hazırlayıb təqdim etməyimizi tələb etdilər və mən də videodərs hazırlayıb təqdim etmək məcburiyyətində qaldım. Bundan sonra şagirdlərimdən çox müsbət rəylər aldım, şagirdlər davamlı olaraq bu üsulla, yəni daha çox şagirdin iştirakına əsaslanan dərslərin keçilməsini tələb etməyə başladılar. Daha sonra isə digər siniflərimdə də bu üsulu tətbiq etdim.

-Təlimdən öyrəndiklərinizi Azərbaycanda təhsilin inkişafına necə tətbiq etməyi düşünürsünüz?

Gulnar Hüseynova: Təlimdən sonra məqsədlərimdən biri də o idi ki, öyrəndiklərimi digər müəllim yoldaşlarımla paylaşım. Direktor təyin edildikdən sonra bu məqsədimi həyata keçirmək üçün çalışdım. Təlimdən sonra hər həftənin 6 günü müəllimlərlə distant şəkildə görüşlər təşkil etməyə başladım. Bu görüşlərin əsas məzmunu təlimdə öyrəndiklərimi müəllimlərlə paylaşmaq və bu bilikləri dərslərə tətbiq etmə yollarını müzakirə etməkdən ibarət idi. Qeyd edim ki, məktəbimizdə 98 müəllim var və bu bilikləri onlara ötürməklə biz 995 şagirdə yeni üsulları tətbiq edərək dərslər keçə bilərik.

Çinarə Cəbrayilova: Bakı Şəhəri üzrə Təhsil İdarəsində metodist olaraq çalışıram. Vəzifəmiz müəllimlərə dəstək olmaq, dərsin təşkilində qarşılaşdıqları çətinlikləri aradan qaldırmaqda onlara kömək olmaqdır. Eyni zamanda, təlimçi olaraq da fəaliyyət göstərdiyimə görə təlimlərimi çox vaxt öyrəndiklərimə əsasən təşkil edirəm. Yeniliklərin olması pedaqoji heyətin də xoşuna gəlir. Çünki dərs nə qədər maraqlı təşkil edilsə, şagirdlər bir o qədər dərsə maraqla qatılar. Qeyd etmək istərdim ki, təlimdə iştirak etmək istəklərinin olmasına baxmayaraq, bir çox müəllim təlimdə iştirak edə bilməyib. Buna görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi olaraq biz daha çox müəllimin təlimdə iştirakını təmin etmək üçün “Future Class Network” şirkəti ilə Anlaşma Memorandumu imzalamağı nəzərdə tuturuq.  

- Sonda nələri əlavə etmək istərdiniz?

Aynurə Orucova: Təlimdə iştirak imkanı yaratdığına görə bütün təşkilatçılara  təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, bu təlim həyatımda vacib bir fürsət oldu. Təlim dövründə öyrəndiyim tədris metodlarını sinifdə tətbiq etməyi çox istəyirəm. Bununla yanaşı, təlim müddətində həmkarlarımın rəyini alaraq dərs məzmununu inkişaf etdirə bilmək çox gözəl idi. Həmçinin bir təlimçi kimi təlimin məzmununu digər müəllimlərə ötürməyə çalışmalıyam.

Gulnar Hüseynova: “Bacarıqlı müəllim” təlimində müəllimlərin hamısı iştirak edə bilmədi. Ümid edirəm ki, gələcəkdə bu təlim davam edəcək və çox sayda müəllim bu cür təlimlərdə iştirak etmək imkanı qazanacaq. Sonda qeyd etmək istərdim ki, Koreya təlimi vasitəsilə Azərbaycan təhsilinin inkişafına töhfə verə bilmək çox xoş idi.

Çinarə Cəbrayilova: Bu təlim nəticəsində beynəlxalq təlimlərə olan marağım daha da artdı. Əvvəllər tədris üsulları ilə bir o qədər maraqlanmırdım. Lakin indi dərslərimi daha da maraqlı təşkil edə bilmək üçün daha çox üsullar axtarıram. Çox istərdim ki, Bakıda başlayan bu təlim gələcəkdə bütün Azərbaycanı əhatə etsin.

Oruc MUSTAFAYEV

Xəbər lenti