“160 saylı Klassik Gimnaziyanın müəllimləri qızımı alçaldır, qiymətlərini aşağı salır və rüşvətə eyham vururlar. Mən onu başqa bir təhsil müəssisəsinə köçürmək qərarına gəldim, amma məktəb direktoru sakit getməyimizə imkan vermir”.
Bu sözlərlə Media.Az-ın redaksiyasına Bakı şəhər sakini Elen Əliyeva müraciət edib. Onun kiçik qızı Səlimə Əliyeva 160 saylı Klassik Gimnaziyanın 7b sinfinin şagirdidir.
Məktəbli ötən tədris ilini səkkiz “qeyri kafi” qiymətlə başa vurub, bu səbəbdən sinifdə qalıb. Ancaq ananın fikrincə, bu cür qiymətlər ədalətsiz olaraq verilib - qızı ən azı “kafi”yə layiq idi:
“Mən pedaqoqam və uşağımın “iki alan” olmasına imkan verə bilməzdim. Səlimə aşağı qiymət aldığı fənləri təkmilləşdirmək üçün repetitorların yanına gedir. O, heç də səfeh qız deyil, tikişlə, idmanla məşğul olur və iki musiqi alətində ifa edir”.
Elen Əliyevanın iddiasına görə, gimnaziyanın müəllimlərinin qiymətləri bilərəkdən aşağı yazması halı ilk dəfə deyil. Dərs ili müddətində qadın sinif rəhbəri ilə daim əlaqə saxlayıb, bir dəfə isə məktəbə baş çəkib:
“Qızımın imtahan vərəqlərinin şəklini çəkdim və müəllimlərə dedim ki, bütün balları hesablayacağam. Qiymətlərin ədalətli olmadığını başa düşsəm, tədbir görəcəyəm. Həmin anda jurnaldakı bütün “iki”lər sehrli şəkildə “üç”ə və hətta “dörd”ə çevrildi”.
E.Əliyeva sübut kimi Səlimənin sinif yoldaşlarının valideynlərinin ümumi sinif söhbətində yazışmalarının ekran görüntülərini göndərib (materialın sonunda baxa bilərsiniz). Burada digər məktəblilərin analarının biliyin ədalətsiz qiymətləndirilməsi və test cavablarının saxtalaşdırılması ilə bağlı şikayətləri aydın görünür.
Onlar yazırlar:
“Mən testə baxdım və düzgün cavabların yanlış olaraq qeyd edildiyini anladım. Qoy bu müəllimin vicdanında qalsın”, “Necə ola bilər ki, uşağın özü “iki”, onun kömək etdikləri isə “dörd” və “beş” alsın… Belə mistika tez-tez baş verir”.
E.Əliyevanın sözlərinə görə, bütün sinif tarix, fizika, riyaziyyat müəllimlərindən narazıdır: “Sinif rəhbəri bizə - valideynlərə üz tutaraq, “müəllimlərin yanına gedin, övladlarınızın qiymətlərini düzəldin” dedi. Kimin maddi imkanı var, o da getdi”.
“Müəllimlərin fikrincə, qızıma psixoterapiya lazımdır”
“Elə olub ki, müəllim məni bütün sinfin qarşısında qaldırıb və deyib: “Belə axmaqdan nə soruşasan? Başında heç nə yoxdur”. Pedaqoqlar bizi daim cahil, axmaq, xəstə adlandırırlar”, - deyə 7b sinif şagirdi Səlimə Əliyeva öz növbəsində bildirib.
O etiraf edir ki, sinif yoldaşları arasında heç bir dostu yoxdur, çünki bütün dostları özlərini təhqir edən müəllimlərin tərəfinə keçib.
Məktəblinin anasının sözlərinə görə, müəllimlər uşaqları həvəsdən salır, məlumatı qeyri-adekvat təqdim edir, bullinqi (daha zəifin incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranış, cana gətirmə - red.) dəstəkləyir və yalnız yanına özəl dərslər üçün gedən məktəblilərlə əlaqədə olurlar:
“Bir dəfə qızımın sinfinə girdim və gördüm ki, ayrı sırada tək oturub. Mən o vaxt buna əhəmiyyət vermirdim, amma bu yaxınlarda Səlimədən bunun necə baş verdiyini soruşdum. Cavab verdi ki, sinif yoldaşları onu təhqir edib, söyüblər, müəllim isə buna göz yumub və onu hamıdan uzaqlaşdırıb.
Qızımın sosial şəbəkələrdəki statusuna təzəlikcə fikir vermişəm, orada “Mən axmağam” yazılıb. Özünə inamı aşağıdır, özünü miskin adlandırır, yeməkdən imtina edir. Onu psixoloqa aparmalı oldum.
Bu yaxınlarda Səliməyə vitiliqo xəstəliyi (təbii dəri piqmentasiyasının itirilməsi ilə xarakterizə olunur – red.) diaqnozu qoyuldu, hansı ki, stres fonunda daha da inkişaf edib. Onu bu vəziyyətə gimnaziyanın müəllimləri gətirdilər! Mən işləyirəm və qızıma hər zaman nəzarət edə bilmirəm, qorxuram özünə nəsə etsin”.
Digər məktəblilərin valideynlərinin yazışmalarına nəzər salsaq, təhsil ocağında tədris metodlarından narazı olan təkcə E.Əliyevanın olmadığı aydın görünür.
Gedin, ya da sinifdə ikinci ilə qalın
İyun ayında Elen Əliyeva övladının sinifdə qaldığını öyrənib. Həmin vaxt o, sinif rəhbərinə bildirib ki, Səlimənin yekun sınaqlarda topladığı balları müstəqil şəkildə yenidən hesablayacaq.
Qadının dediyinə görə, bundan sonra direktor sinif rəhbəri vasitəsi ilə qızının səkkizinci sinfə getməsi üçün onun “iki”lərini “üç”ə düzəldəcəyini deyib, ancaq bir şərtlə:
“O, Səlimənin gimnaziyadan getməsini tələb etdi, mən də razılaşdım. 46 saylı məktəbdə qızımı səkkizinci sinfə qəbul etməyə hazırdırlar. Orada onun biliyi fizika və riyaziyyat müəllimləri tərəfindən yoxlanılıb və səviyyəsinin ən azı “üç”ə uyğun olduğunu təsdiqləyiblər.
“Amma gimnaziyanın direktoru sistemdə bunu təsdiq etmədiyi üçün köçürmə prosesi baş tutmadı. Avqust ayında hətta qızımın artıq onların məktəbində sinifdə qalan şagird kimi sistemə daxil edildiyini bildirdi”, - deyə E.Əliyeva bildirib.
Bir müddət sonra qadın məktəb direktorunun qızının köçürülməsinə razılıq verməsinə nail oldu. Lakin məktəblinin qiymətləri düzəldilməyib, bu səbəbdən səkkizinci sinfə keçə bilmir.
46 saylı məktəbdə VII sinfə qəbul dayandırılıb. Hazırda yeniyetmə başqa təhsil müəssisəsinə qəbul olmaq üçün növbədədir, adı isə hələ ki, gimnaziyada gedir.
Səlimə Əliyeva sinifdə qalması ilə barışa bilməyib. Yeniyetmə dərslərə davam etməkdən imtina edir: “Oxumağa həvəsim yoxdur, özümə inanmağı dayandırmışam. Mən özümü cahil hesab etmirəm. Yeddinci sinifdə qalsam, məktəbə getməyi dayandıracağam”.
Qeyd edək ki, 160 saylı Klassik Gimnaziya el arasında nüfuzlu təhsil ocağı hesab olunur - Yuli Qusman, Eldar Qasımov, Teymur Rəcəbov, Vitali Vulf, Murad Dadaşov, Anar Məmmədxanov və s. ulduz məzunları ilə məşhurdur. Gimnaziyada Şən və Hazırcavablar Klubu komandası yaradılıb, hansı ki, onun üzvlərinin bir hissəsi sonradan “Bakılı oğlanlar” komandasının tərkibinə daxil olub.
Gimnaziyanın cavabı
Bu arada Media.Az Klassik Gimnaziyanın direktoru Faina Ələkbərova ilə də danışıb.
O bildirib ki, Elen Əliyevanın müəllimlər tərəfindən qiymətləri aşağı salmaq, cavabları saxtalaşdırmaq, məktəbliləri alçaltmaq ittihamları yalandır:
“Valideynlər heç vaxt mənə müəllimlərdən şikayət etməyiblər. E.Əliyevaya qızının “iki”lərini” “üç”ə düzəldəcəyimi deməmişəm. Bunu bizdən şantaj yolu ilə tələb etdi. Biz ona izah etdik ki, bu proses universal elektron sistemdə baş verir, burada heç nəyi dəyişmək mümkün deyil”.
F.Ələkbərova iddia edir ki, əvvəllər E.Əliyevanın gimnaziyaya münasibəti fərqli olub:
“Böyük qızının da “iki”ləri olub, amma o qədər də çox deyildi. Müəllimlərimiz ona dəstək oldu, qız özünü toparladı və Moskva Dövlət Universitetinə daxil oldu. Anası minnətdarlıq etmək üçün yanıma gəlmişdi, indi də məktəbimizi biabır edir. Baxmayaraq ki, onun özü uşağının oxumasına nəzarət etmir”.
Direktorun sözlərinə görə, bu il gimnaziyanın üç şagirdi ikinci ilə sinifdə qalıb:
“Eyni zamanda bizim uşaqlar respublika üzrə buraxılış və qəbul imtahanlarında ən yaxşı nəticə göstərənlər arasındadırlar. Elə məktəblər var ki, orada bir dənə də olsun uşaq ali məktəbə girməyib, bizdən isə şagirdlərin dərsə gəlməsi və oxuması üçün məcbur etdiyimizə görə şikayət edirlər”.
Media.Az məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də müraciət edib. Qurum rəsmiləri artıq faktla bağlı araşdırma apardıqlarını bildiriblər.