Logo

Şagirdlərə fərdi yanaşma prinsipi

10.11.2022 17:19 3189 baxış
IMG

Müasir dövrdə insanın hərtərəfli inkişaf etdirilməsi məktəblərimizin qarşısında ən mühüm vəzifə kimi durur. Şagirdlərin təlim, tərbiyə, bilik və bacarıqlarını yüksəltməkdə fərdi yanaşma prinsipi mühüm rol oynayır.

Fərdi yanaşma prinsipi hər bir şagirdin ahəngdar inkişafına, onun biliyində və əxlaqında nəzərə çarpan qüsurları vaxtında görüb aradan qaldırmağa və müsbət cəhətləri daha da inkişaf etdirməyə imkan verir.

Uşaq yaşa dolduqca, onun fərdi xüsusiyyətləri də inkişaf edir və formalaşır. Müəllim təlim prosesində bu xüsusiyyətləri nəzərə almalıdır, həm də necə rəftar apardığını da unutmamalıdır. Sevimli şairimiz S.Vurğun yazırdı: “Müəllimlik işində adamlarla, xüsusən şagirdlərlə mədəni rəftar böyük əhəmiyyət kəsb edir. Uşaqlarla mədəni davranmağı bacarmayan müəllim yüksək nüfuz sahibi ola bilməz. Həssas uşaq ürəyi haqsızlığa, əsasız məzəmməti, ədalətsizliyi heç cür bağışlamır. Belə uşağın həvəs və ümidləri qırılır, onun mənəvi aləmi xəzan vurmuş bir bağçanı andırır.”

Müəllim o vaxt şagirdlərə təsir göstərmək üçün əlverişli yol tapa bilər ki, şagirdlərin fəaliyyətində onları işə sövq edən səbəbləri dərindən öyrənsin.

Fərdi yanaşma hər bir şagirdin qabiliyyətinin, marağının, meylinin, bilik və bacarığının formalaşmasına imkan verir.

Fərdi yanaşma prinsipinin mahiyyəti klassik pedaqoqların və digər elm xadimlərinin əsərlərində daha aydın göstərilmişdir.

Y.A.Kamenski, qabiliyyətlərə görə insanlar arasındakı fərdi fərqləri müəyyən edərkən yazırdı: “Bəzi adamların qabiliyyətləri iti, o birilərinki kütdür, bəzilərinki yumşaq və elastiki, o birilərinki isə sərt və yenilməzdir; bəziləri bilik naminə biliyə meyl edir, o biriləri isə mexaniki fəaliyyətdən zövq alır.” O, müəllimlərdən tələb edirdi ki, əgər onlar “… şagirdlərə güzəştlə və nəzakətlə yanaşsalar, şagirdlərin qəlbini sərt ifadələri ilə sındırmasalar, əksinə onları atalıq məhəbbəti, nəvazişi və nəsihətləri ilə özlərinə cəlb etsələr, əgər müəllimlər ən çalışqan şagirdləri bəzən tərif etməklə həvəsləndirsələr, şagirdlərinə şəfqətli münasibət göstərsələr, asanlıqla onların qəlbini özlərinə elə cəlb edərlər ki, uşaqlar məktəbə gəlməyə evdə qalmaqdan daha artıq həvəs göstərərlər.”

Böyük rus alimi M.V. Lomonosov bu haqda yazırdı: “Müəllim hər bir şagirdin qabiliyyətinə nəzər yetirməlidir ki, kimdən nə gözləmək və hər kəsə nə kimi tələblər vermək olar.”

Lakin tanınmış pedaqoq A.Bine fərdi yanaşma prinsipinə başqa mövqedən yanaşır. O, insanlar arasındakı fərdi keyfiyyətlərə öz sinfi baxımından yanaşır, müəyyən keyfiyyəti bir sinfin uşaqları üçün labüd, dəyişməz bir hal kimi götürür.

İnsanın fərdi xüsusiyyətlərini dəyişməz, yalnız irsiyyətdən asılı olan, müəyyən yaşda meydana çıxan, təlim-tərbiyədən asılı olmayan əlamətlər kimi tədqiq edən bəzi pedaqoqlar yalnız hakim sinfin mənafeyindən çıxış edirlər. Böyük rus pedaqoqu K.D. Uşinski göstərirdi ki, bilavasitə təlim-tərbiyə işi ilə məşğul olan müəllim, uşağı, onun inkişaf xüsusiyyətlərini, keçirdiyi həyat şəraitini yaxşı öyrənməlidir.

Böyük pedaqoq bu məqsədlə müəllimlərdən uşaq psixologiyasını öyrənməyi tələb edərək yazırdı: “Tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları və eləcə də böyük ruhi tələbləri ilə tanış olmalıdır. Tərbiyəçi insanı ailədə, cəmiyyətdə, xalq arasında, bəşəriyyət içərisində və öz vicdanı ilə üzbəüz durduğu halda öyrənməlidir. O, insanı bütün yaşlarda, bütün siniflərdə, bütün vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında, yüksələn və alçalan hallarda öyrənməlidir.”

Azərbaycan maarifçisi N.Kərimovun fərdi yanaşmaya dair fikri klassik pedaqoqların ideyalarından heç də geri qalmır. O, böyük inam hissi ilə qeyd edirdi: “Hər uşağın özünə görə bir qeyri xasiyyəti , təbiəti olmağına rəğmən hamıya bir qayda və qanun ilə dərs vermək, hamıya bir dil ilə bəyan etmək olmaz. Hamını bir ölçü ilə ölçmək olmaz. Uşaqların bir parası zehinli, zəkavətli, bir parası zehinsiz, fəhmsiz, bir parası gülünc və fərəhli nağıllardan həzz alan olur. Uşaqlara məhəbbəti olan müəllim bunların hamısını mülahizə edər və hər kəsin öz biliyinə, qanacağına görə hərəkət edər, tərəqqi əla dərəcəyə çatar.”

Belə fikirlərə baxmayaraq, Azərbaycan maarifçiləri də marksizmdən əvvəlki bütün nəzəriyyəçilər kimi uşaq tərbiyəsində, şəxsiyyətin formalaşmasında, mühit, irsiyyət və tərbiyə problemlərinin həllində ardıcıl olmamış, mühiti ingilab yolu ilə dəyişmək ideyasını irəli sürməmişdilər.

Hər bir müəllim uşaq ruhuna təsir göstərməyi bacarmalıdır, əgər bacarmırsa, onun uşaqlar arasında da nüfuzu yüksək ola bilməz.

Görkəmli sovet pedaqoqu N.K.Krupskaya “Tərbiyə işləri haqqında” məqaləsində yazırdı: “Tərbiyə vermək üçün müəllim şagirdin marağını, dünyagörüşünü, səyini, həyat təcrübəsini, onu əhatə edən adamları, yaşadığı mühiti hökmən bilməlidir.” Müəllim şagirdləri hərtərəfli öyrənmək üçün onlar üzərində gündəlik müşahidələr aparmalıdır. Müşahidələrin nəticələri isə xüsusi dəftərdə qeyd edilməlidir. Bunun üçün hər sinif rəhbəri öz sinfi üçün müşahidə dəftərçəsi tutmalıdır. Müşahidə dəftərçəsi olmayan sinif müəllimləri şagirdləri məktəbi qurtardıqdan sonra ona xarakteristika yazarkən, ayrı-ayrı şagirdlərin xüsusiyyətlərini düzgün qiymətləndirə bilmirlər və şagirdlər üçün yazılmış bütün xarakteristikaların məzmunu eynilik təşkil edir. Belə xarakteristikalar şagirdlərin gələcək həyatında ciddi çətinliklər törədir.

Müəllimlər şagirdlərə, onların öz qabiliyyətlərini inkişaf etdirmələri üçün gündəlik istiqamət verməlidirlər. Belə şagirdləri dərnəklərə və əlavə məşğələlərə cəlb etmək lazımdır.

Lakin şagirdin təlim işini başlı-başına buraxması, qüvvəsinə inamsızlığı, yoldaşlarından geri qalması, müəllimin düzgün olmayan rəyi, ailədə çox əzizləmək kimi hallar şagirddə məsuliyyətsizlik yarada bilər.

Müəllim yeni mövzu üzərində hazırlıq işi apararkən həm də kimlərə tərbiyə cəhətdən təsir edəcəyini, zəif düşünən, utancaq, nitqi zəif inkişaf edən, işi səliqəsiz yerinə yetirən, dikbaş, tənbəl şagirdlərə necə yanaşacağını, necə kömək göstərəcəyini, yeni mövzunun sual-cavabla möhkəmləndirilməsi mərhələsində kimlərə və hansı suallarla müraciət edəcəyini nəzərə almalıdır.

Müəllim yeni materialın izahı prosesində tədris etdiyi mövzunu elm və texnika ilə, habelə müasir həyatla əlaqələndirməli, həm də bunları rəvan, aydın, səlis və məntiqi danışmalı, tələsikliyə yol verməməlidir.

Bəzi müəllimlər şagirdlərə evə tapşırıq verərkən ciddi nöqsanlara yol verirlər.

K.D.Uşinski bu nöqsanlardan bəhs edərkən yazırdı: “Müəllim üçün kitabda müəyyən səhifəni dırnaqla və karandaşla işarə edib, onu gələn dərsə kimi öyrənməyi tapşırmaqdan asan şey yoxdur. Lakin çox erkən vaxtdan özbaşına buraxılan şagirdin bu əziyyətli səhifə üzərində necə can çəkdiyini, mənasını bilmədən onu necə əzbərlədiyini, işə necə yanaşmaq lazım olduğunu bilməyərək öz zəhmətini dəfələrlə necə artırdığını, həm dəftəri, həm əllərini və həm də üzünü mürəkkəbə bulayaraq yaza bilmədiyi hərf üzərində necə göz yaşı tökdüyünü müşahidə edin - o zaman siz, bəzən şagirddə təlimə qarşı nifrətin haradan doğulduğunu anlarsınız”.

Aparılan təcrübələr göstərmişdir ki, müəllimlər ev tapşırıqlarından iki variantda istifadə etməlidirlər.

Birincisi, ev tapşırığı zəiflər üçün nisbətən sadələşdirilməli, qüvvətli şagirdlər üçün biliyin dərinləşdirilməsi məqsədi ilə mürəkkəbləşdirilməlidir.

İkincisi, ev tapşırığının verilməsi ilə əlaqədar olaraq təlimdə yetirməyən şagirdlər üçün müəllim onların nədə yetirmədiklərinə aid qabaqca tapşırıq müəyyən etməlidir, eyni zamanda daha yaxşı bilənlər üçün əlavə tapşırıq seçməlidir ki, onların biliyini daha da dərinləşdirsin.

Evə tapşırıq verərkən bərabərçiliyə yol vermək olmaz. Ev tapşırığının fərdiləşdirilməsi hər bir şagirdin səmərəli işləməsini gücləndirir, onun geriliyini aradan qaldırır və müstəqil işləməsi üçün şərait yaradır.

Bütün bunlar şagirdlərin elmi-dünyagörüşünü və onların dərin biliklər sisteminə yiyələnməsinə zəmin yaradır. Müasir dövrdə yeni insanların formalaşması əməli vəzifəyə çevrilməlidir.

Camal Zeynaloğlu
İngilis dili müəllimi

Xəbər lenti