Logo

Tədqiqatçılar üçün gərəkli olan metodik VƏSAİT

03.12.2022 10:26 616 baxış
IMG

Cəmiyyətin müasir inkişaf mərhələsi həyatın bütün sahələrinin informasiyalaşdırılması, texnologiyanın dəyişməsi, eləcə də informasiya ehtiyatlarının dinamik inkişafı ilə səciyyələnir.

İnkişaf etməkdə olan informasiya cəmiyyəti ali təhsil müəssisələrinin müəllimləri qarşısında yeni tələblər qoyur. Bu baxımdan pedaqogika üzrə fəlsəfə doktoru Taleh Xəlilov ilə Natiq Məlikovun birgə yazdıqları “Ali məktəblərdə mühazirə və seminar məşğələlərinin təşkili və keçirilməsi yolları” adlı metodik vəsaiti böyük əhəmiyyət kəsb edir.

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayevin və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nəzakət Yusifovanın rəyçisi olduğu metodik vəsait Naxçıvan şəhərində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə çap olunmuşdur.

Ali təhsil müəssisələrində mühazirə və seminar dərslərinin düzgün aparılması gələcək mütəxəssisin mədəniyyətlərarası ünsiyyətə hazırlığının pedaqoji modeli bir-biri ilə qarşılıqlı əlaqədə olan sosial-mədəni, idraki-fəaliyyət, situasiya-refleksiv, kompartivist, multikultural-ideoloji komponentlərdən ibarətdir və bu da düzgün mədəniyyətin qurulması üçün əsas rol oynayır.

Təhsilin informasiyalaşdırılması, təhsil prosesinə İKT-nin tətbiqi mühazirə və seminarların təşkilinin digər formalarını əvəz etmir, əksinə onların dəyişmiş şəraitdə gələcək inkişafı üçün yeni imkanlar yaradır. Göstərilir ki, mühazirələrdə və seminarlarda tədris materialının izahı prosesində təqdimatlardan istifadə gələcək peşələrlə bağlı tapşırıqlarda tədris materialından istifadəni nümayiş etdirməklə aydınlığın artırılması, tədris materialının daha çox əlçatanlığının təmin edilməsi, motivasiyanın artırılması problemlərini həll etməyə imkan verir.

Təhsil prosesi informasiya texnologiyalarının inteqrasiyası, biliklərin bərabər şəkildə mənimsənilməsi və ötürülməsi, təhsil resurslarına sərbəst çıxışı ilə müşayiət olunur və tədris metodlarına, onun məzmununa və tədris metodlarına mühüm təsir göstərir. Bununla belə, universitetdə üstünlük təşkil edən təhsil formaları hələ də müəllimin tələbələrlə birbaşa qarşılıqlı əlaqəsinə əsaslanan ənənəvi formalar olaraq qalır. Eyni zamanda, tələbələrin müstəqil işlərinin məzmununda tədris materialının müəyyən hissəsinin çıxarılması tendensiyası müşahidə olunur ki, bu da bir sıra hallarda ali təhsil müəssisələrində təhsilin sisteminə və fundamental xarakterinə mənfi təsir göstərir. Bu problemin həlli yollarından biri də universitetdə innovativ təhsil texnologiyalarından istifadə əsasında mühazirə və seminarların təşkili və aparılması prosesinin təkmilləşdirilməsidir.

Metodik vəsait giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Girişdə mövzunun aktuallığı əsaslandırılmış, obyekti və predmeti qeyd olunmuş, məqsəd və vəzifələr müəyyənləşdirilmiş, tədqiqat metodları, elmi yenilikləri, nəzəri və praktik əhəmiyyəti və müdafiyə təqdim olunmuş müddəalar haqqında məlumat verilmişdir.

Metodik vəsaitin I fəsli “Mühazirə - ali təhsil müəssisələrində təhsilin təşkilinin əsas forması kimi” adlanır. Bu fəsildə mühazirə anlayışı, funksiyaları və prinsipləri, mühazirələrin növləri, mühazirənin hazırlanması formaları, mühazirələrin aparılması üsulları və mühazirənin özünütəhlil metodları tədqiqə tədqiq olunmuşdur.

Metodik vəsaitin II fəsli “Seminarın təşkili və keçirilməsinin metodik xüsusiyyətləri” adlanır. Dissertasiyanın bu fəslində seminarların növləri, müəllimlər üçün seminarların keçirilməsi üçün verilən metodik tövsiyələr, ali məktəb seminarlarının mahiyyəti, seminarların təşkili və keçirilməsinin metodik xüsusiyyətləri, ali məktəb tələbələri üçün keçirilən seminarlar araşdırılmışdır.

Metodik vəsaitin “Nəticə” hissəsində tədqiqata yekun vurulmuş, məqsəd və vəzifələrin yerinə yetirilməsi haqqında ümumiləşdirici məlumatlar verilmiş və tədqiqatın əsas yekunları müddəalar şəklində ümumiləşdirilmişdir.

Metodik vəsaitin “İstifadə olunmuş ədəbiyyat” hissəsində isə tədqiqat işinin yazılmasında istifadə olunmuş mənbələr göstərilmişdir.

Müəlliflər problemlə bağlı elmi ədəbiyyatla, dövrü mətbuat kolleksiyaları ilə tanışlığı da xüsusi qeyd olunmalıdır. Ümumiyyətlə müəlliflərin problemə baxışı, yanaşması, tədqiqi tam sistemli və yenidir.

Məzmun və dizaynı baxımından yeni olan vəsaitdə bütün bu məsələlər sistemli və ardıcıl şəkildə şərh olunmuşdur. Bütün bunları yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, müəlliflər vəsaitdə qarşılarına qoyduğu məqsəd və vəzifələrin öhdəsindən layiqincə gələ bilmişdir.

Vəli Əliyev

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Xəbər lenti