"Təəssüf ki, universitetlərimizin kompleks dəyişikliklər etməyə bu gün nə strateji planları, nə səriştəli kadr potensialı, nə də digər resursları var".
Bu sözləri "Tehsil.biz"ə açıqlamasında dosent İlham Əhmədov deyib.
İlham Əhmədov billdirib ki, Elm və Təhsil Nazirliyi son 30 ildə sanki dünya ali təhsil məkanında gedən çox ciddi transformasiya proseslərindən tam bixəbər qalıb:
"Bu proseslər deyəsən nazirliyi maraqlandırmayıb, narahat etməyib. Universitetlərimiz öz məhdud imkanlarıı ilə gündəlik cari məsələlərin həlli ilə məşğul olublar. Bu gün universitetlərimizin qlobal inkişafdan geriliyi ifrat həddə çatıb. Son 10 ildə universitetlərin inkişafına yönəli yalnız bir dövlət proqramı qəbul edilib: “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”. Bu proqram da az sayda ixtisaslar üzrə bəzi universitetlərin magistratura pilləsində ikili diplom proqramlarının yaradılmasını nəzərdə tutur. Bu məsələlər ali təhsil sistemində olan köklü problemlərin çox cüzi hissəsidir".
Dosent İlham Əhmədov hesab edir ki, Azərbaycan universitetlərinin sürətli inkişaf yolu məhz Türkiyə universitetləri ilə inteqrasiyadan keçir:
"Biz Türkiyə universitetlərinin təcrübəsindən faydalanmalıyıq. Hərbi sahədə kadr hazırlığında əməkdaşlığımız NATO standartına əsaslandığı və yaxşı nəticələr verdiyi kimi, mülki sahədə də kadr hazırlığı Avropa (Boloniya) standartına və səmərəli rəqəmsallaşmaya əsaslanmalıdır. Universitetlərin inkişafında kadr siyasəti çox mühümdür. Universitetlərdə kök atan dostluq, qohumluq, tanışlıq kimi arxaik prinsiplərə əsaslanan kadr siyasətindən imtina edilməli, savad və peşəkarlığa əsaslanan normal kadr siyasəti həyata keçirilməlidir".