Logo

Çətin tərbiyə olunan uşaqlarla münasibəti necə qurmalı? - RƏY+FOTO

11.12.2022 20:44 1290 baxış
IMG

"Əslində pedaqogika “çətin tərbiyə olunan uşaq” ifadəsini sevməz. Bunu “tərbiyə etməkdə çətinlik çəkdiyimiz, bacarmadığımız hallar”la əvəz etsək, daha münasib olar".

Tehsil.biz xəbər verir ki, bunu Hədəf Liseyinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib.

O qeyd edib ki, bizim baxış bucağımızdan baxsaq, insanlar dünyaya tərbiyəsiz gəlir:

"Lüt doğulur, həm cismani, həm də əxlaqi. “Əxlaq” sözünü də insan kəşf edib. Hər bir toplum özü istədiyi kimi tərbiyə edir insanı, ona görə də dünya rənglidir, hər cəmiyyətin öz ənənəsi, dəyərləri var. Bu gün bizim üçün qəbuledilməz hansısa insani davranış başqa bir toplum üçün ənənəvidir, dəyərdir. Balabilgələr bir fərddir, hər biri bağçaya, məktəbə gəlməmişdən bir ananın, bir ailənin tərbiyəsini, yaşam qaydalarını mənimsəyib gəlir".

Ş.Sadiq bildirib ki, ailələrin də tərbiyə üsulu müxtəlif, məsələn, avtoritar, demokratik, xaotik, liberal və s. ola bilər:

"Ona görə də hər kəsdən, hər şeyə eyni reaksiyanı gözləmək bir müəllim üçün yanlışdır. Bundan başqa, uşaqların psixoloji durumlarının da fərqli olması onları fərqləndirən əsas amildir. Sevmək ən gözəl duyğudur, ayının sevgi nümayiş etdirməsi ilə dovşanınkı qətiyyən eyni ola bilməz. Halbuki hər ikisi eyni duyğunu verir öz balasına. İnsanlar da belədir, eyni şeyə reaksiyalar müxtəlif ola bilir. Bir müəllimin işi bunun fərqində olmasıdır".

Şəmil Sadiqin fikirlərinə görə, müəllim 15-20 nəfərlik bir sinfin hər bir uşağının fərd olmasını qəbul edib, sonra sinfə girməlidir:

"Bunu qəbul etmədikcə müəllim heç bir halda uğur qazana bilməz. Məktəblərdə, siniflərdə, xüsusən də yeni qurulan məktəblərdə, yeni girdiyiniz siniflərdə uşaqlar arasındaki fərqi daha tez hiss edərsiniz, bunun üçün ilk şey fərdi yanaşma metodlarını işə salmağınız olar".

Mərcanə Əsədova

Xəbər lenti