Logo

"Ölkənin tarixində yeni inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi”

11.12.2022 23:27 483 baxış
IMG

Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da mökəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır. (Heydər Əliyev)

1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında  Qərbin neft şirkətləri  ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq  “Əsrin müqaviləsi “ adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. Bu müqavilə təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. “Əsrin müqaviləsi “ində  dünyanın 8 ölkəsinin (Azərbacan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LuKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.

Heydər Əliyevin neft  strategiyasının  əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədər neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac-boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar  uğurla nəticələnmişdir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyası Azərbaycanın dinamik inkişafına ciddi təkan versə də, iqtisadiyyatın bir qütblü inkişafı ölkə başçısını razı sala bilməzdi. Dəfələrlə öz nitqində bəyan etmişdir ki, neft bizim üçün məqsəd deyil, sadəcə qarşıda duran məqsədləri reallaşdırmaq üçün vasitədir. Unutmaq olmaz ki, neft tükənən, bərpa olunmayan təbii ehtiyatdır. Bu baxımdan neftdən qazanılan gəlirlərin iqtisadiyyatın  digər vacib sahələrinin inkişafına yönəldilməsi, qeyri-neft sektorunun, emal sənayesinin, kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəldilməlidir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi həmçinin işsizlik probleminin həlli baxımından vacib amildir.

Ümummilli liderimiz həmişə qeyd etmişdir ki, neft Azərbaycanın bütün nəsilləri arasında ədalətli və bərabər bölünməlidir.

Bu məqsədlə Heydər Əliyev Dövlət Neft Fondunu yaratmışdır. Bəyan etmişdir ki, Dövlət Neft Fondunu yaratmaqda məqsədi neft gəlirindən gələcək nəsillərin də bəhrələnməsini təmin etməkdir. Fondun əsasnaməsində eyni zamanda göstərilir ki, buraya toplanan vəsaitlərin müəyyən hissəsi Azərbaycanın sosial iqtisadi inkişafına, xalqın maddi rifahına yönəldilməlidir. Fondun fəaliyyətinin başlıca istiqamətləri ölkə
iqtisadiyyatının inkişafına təkan vermək, strateji əhəmiyyət kəsb edən enerji layihələrini, eləcə də mühüm sosial layihələrini müəyyənləşdirmək, eyni zamanda, hasilatda şəffaflıq prinsipini təmin etməkdən ibarətdir. Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun  ninkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz  nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.

Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəllərində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.

Hüseynova Könül

Xocavənd rayonu Əmirallar kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə  direktor müavini

Xəbər lenti